Tarix: 05-12-2017 | Saat: 16:43
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər
Türkiyə Cümhuriyyətində cərəyan edən siyasi proseslər həmişə Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olub. Son zamanlar Türkiyədə siyasi partiyalar arasında qarşıdurmaların şahidi oluruq. Ölkənin əsas müxalifət təşkilatlarından birinin - Milliyətçi Hərəkət Partiyasının (MHP) hakimiyyətə yaxınlaşması və bəzi məsələlərdə prezident Ərdoğana dəstək verməsi geniş müzakirələrə səbəb olub. MHP-nin bu cür davranış sərgilədiyi bir zamanda hakimiyyətə daha sərt mövqe nümayiş etdirən Cümhuriyyət Xalq Partiyası (CHP) hazırda Türkiyədə ana müxalifət sayılır.
Maraqlıdır, Azərbaycandakı müxalifət partiyalar Türkiyənin hansı müxalifət partiyasının fəaliyyətini təqdir edir?
"Qarabaginfo" xəbər verir ki, Modern.az saytı bu sualla siyasi təşkilatlara müraciət edib:
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, Türkiyə siyasətini dünyada tanıdan, Türkiyə siyasətində müxalifətçilik eləyə bilən istənilən partiyaya Müsavatın rəğbəti var.
“Bəzən müxalifət partiyaların da mövqeyi üst-üstə düşməyə bilər. Biz Türkiyə dövlətinin inkişaf etməsində maraqlı olan müxalifət qüvvələri ilə münasibətlərimizin yaxşı olmasını istəyirik. Onların fəaliyyətini daha çox bəyənirik”.
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədi, deputat Fərəc Quliyev deyib ki, onlar üçün hansısa partiyanın yox, Türkiyənin iradəsi əsasdır.
“Biz təbii ki, sağ təmayüllü partiya olduğumuz üçün milliyətçi təşkilatlara üstünlük veririk. Biz Türkiyədə daha çox Milliyətçi Hərəkət Partiyası ilə münasibət qurmuşuq. Amma digər əsas partiyalar olan Cümhuriyyət Xalq Partiyası (CHP) və Ədalət və İnkişaf Partiyası (AKP) ilə də münasibətlərimiz yaxşdır. Bu o demək deyil ki, biz Türkiyənin daxili işlərinə qarışırıq və hansısa partiyanı dəstəkləyirik. Sadəcə, daha çox prinsiplərimiz MHP üst-üstə düşür”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, Türkiyədəki müxalif partiyaların fəaliyyətini çox da bəyənmir:
“Türkiyədə hakim partiya olan Ədalət və İnkişaf Partiyasının (AKP) gördüyü işləri, siyasətini çox bəyənirəm. Türkiyənin hazırkı inkişafı AKP ilə bağlıdır”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib ki, partiya olaraq Türkiyədəki partiyaların çoxunun fəaliyyətini bəyənirlər.
“Türkiyədə kifayət qədər demokratik cəmiyyət formalaşıb. Türkiyənin bir çox partiyasının fəaliyyətini müsbət dəyərləndiririk. Ən yaxşı münasibətlərimiz olan partiya Milliyətçi Hərəkət Partiyasıdır (MHP). Yeni yaradılan İYİ Partiyada da tanıdığımız və münasibətimiz olan xeyli insanlar var. İnanmıram ki, İYİ partiya nə vaxtsa MHP-nin yerini tuta bilər. Bu məsələləri biz həll etmirik, Türkiyə cəmiyyəti həll edir”.
Azərbaycan Milli İstiqlal Partiyasının(AMİP) Siyasi Şurasının üzvü Əli Orucov qeyd edib ki, Azərbaycan Milli İstiqlal Partiyasının(AMİP) Türkiyədə olan bir çox partiyalarla münasibətləri var.
“Hakim partiya olan Ədalət və İnkişaf Partiyası ilə AMİP Beynəlxalq Demokratik İttifaqı çərçivəsində müəyyən əlaqələr qurub. Ötən il bizim AKP ilə İstanbulda tədbirimiz olub. Təkcə müxalifət partiyaları ilə deyil, hakim partiya ilə də AMİP-in münasibətləri var”.
Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, Türkiyədə bir çox partiyalarla münasibətləri var.
“Türkiyədə siyasi görüşləri, gördükləri işləri bizim partiyamıza uyğun olan Cümhuriyyət Xalq Partiyası (CHP) ilə münasibətlərimiz çox yaxşı səviyyədədir. Onların siyasi görüşlərini bəyənirik”.
Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli deyib ki, Türkiyədə Vəhdət Partiyasına ideal olacaq partiya yoxdur: “Zamanla Türkiyədə bir çox partiya ilə münasibətlərimiz olub. Alparslan Türkeşin Milliyətçi Hərəkət Partiyasına rəhbərlik etdiyi dövrdə o partiyaya rəğbətimiz var idi. Hazırda münasibətlərimiz olsa da, yüksək səviyyədə deyil. Türkiyədəki partiyaların hər birinə müəyyən qədər rəğbətimizlə yanaşı, bəyənmədiyimiz tərəflər də var”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib ki,siyasi təşkilat kimi iştirak etdikləri beynəlxalq platformalar var.
“Onlardan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının üzvüyük. Həmin alyansda Türkiyəni hakim partiya - Ədalət və İnkişaf Partiyası təmsil edir. Türkiyədəki digər partiyalarla da bu təşkilat çərçivəsində əlaqələrimiz var. Digər siyasi təşkilatlardan Milliyətçi Hərəkət Partiyası ilə sıx əlaqələrimiz var”.
Müasir Müsavat Partiyasının Hafiz Hacıyev deyib ki, Türkiyədə Milliyətçi Hərəkət Partiyasının fəaliyyəti (MHP) Müasir Müsavat Partiyasının maraqlarına daha uyğundur.
“Ona görə MHP-yə rəğbət duyuruq. MHP müxalifət olsa da lazımi məqamlarda - dövlətin ən ağır günündə onun yanında olur. Müxalifətçilik dövlətə, xalqa qənim kəsilmək deyil. Buna görə də bizim MHP ilə fikirlərimiz üst-üstə düşür. MHP lazım olanda hakimiyyəti tənqid edir, nöqsanları göstərir, çətin anlarda da dövlətin yanında olur. Mən MHP-nin fikirlərini tam bəyənirəm və siyasi kursu da dövlətçiliyə uyğundur. Düşünürəm ki, belə davam etmələri daha məqsədə müvafiq olar”.
Digər xəbərlər