Saytımızı qiymətləndirin


 
 

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər
Tarix: 06-12-2019 | Saat: 12:48
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

Prezidentlə xanımı Şamaxıda ağac əkdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.

Qarabaginfo xəbər verir ki, Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev aksiya barədə dövlət başçısına və birinci xanıma məlumat verib.

Bildirilib ki, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızın bütün ərazisini əhatə edən ağacəkmə aksiyası çərçivəsində, ümumilikdə, 83 şəhər və rayonda 37 növdə 650 min ağacın əkilməsi nəzərdə tutulur. Ağacların hamısı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik təsərrüfatlarında yetişdirilib. Aksiya ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacların əkiləcəyi ərazilərin elektron xəritəsi hazırlanıb. Şəhər və rayon icra hakimiyyətləri tərəfindən ərazilərdə müvafiq hazırlıq işləri görülüb. Əkiləcək ağacların becərilməsində damcılı suvarma sistemindən və suvarma kanallarından istifadə olunacaq.

Qeyd edilib ki, Şamaxı rayonundakı ağacəkmə aksiyasında 50 minədək ağacın əkilməsi nəzərdə tutulub. Şamaxı şəhərinin girişindəki ərazidə keçirilən aksiyada isə 5 min ağac əkilib. Bu ərazinin relyefinə uyğun olaraq burada əsasən tuya və Eldar şamı ağacları əkilib. Burada əkilən ağaclar ilə "Nəsimi 650" yazısı formalaşdırılacaq. Aksiyada 300-dək şamaxılı gənc və könüllü ilə yanaşı, IDEA İctimai Birliyinin və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin üzvləri də fəal iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağac əkiblər.

Sonda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aksiyada iştirak edən gənclərlə xatirə şəkilləri çəkdiriblər. "Report.az"



Xəbəri paylaş

478 dəfə oxunub.

Digər xəbərlər