Tarix: 23-10-2025 | Saat: 13:04
Bölmə:Karusel / Region | çapa göndər
Ermənistan yavaş-yavaş təcrid vəziyyətindən çıxır.
Qarabaginfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.
O, Azərbaycanın Ermənistana qoyduğu məhdudiyyətləri aradan qaldırmasının artıq iki gündür ölkədə müzakirə olunduğuna diqqət çəkib.
Paşinyan Tbilisidə “İpək yolu” beynəlxalq konfransında Azərbaycan Prezidenti İlham Əliyevin bu qərarına görə minnətdarlığını ifadə etdiyini və onu yüksək qiymətləndirdiyini xatırladıb.
Baş nazir bu addımın çox önəmli olduğunu qeyd edib.
Paşinyan Vaşinqtonda verilən bəyanatların və əldə olunan razılaşmaların sadəcə söz olmadığını, konkret nəticələr verdiyini vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatı zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını deyib.
“Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”, - dövlət başçısı vurğulayıb.
Ermənistan Baş naziri Nikol Paşinyan isə Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib:
“İlham Əliyev dünən elan edib ki, Azərbaycan öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu, çox mühüm bəyanatdır və mən bu addımına görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirmək istəyirəm".
Digər xəbərlər