Saytımızı qiymətləndirin


 
 

Yalçın Rəfiyev Parisdə Azərbaycanın iqlim diplomatiyasında rolundan danışıb
Tarix: 22-10-2025 | Saat: 17:22
Bölmə:Karusel / Siyasət | çapa göndər

Yalçın Rəfiyev Parisdə Azərbaycanın iqlim diplomatiyasında rolundan danışıb


21 oktyabr 2025-ci il tarixində UNESCO-nun Parisdə yerləşən mənzil-qərargahında “Bakıdan Belemə: Dayanıqlı və Maariflənmiş Cəmiyyətlərə Doğru İqlim Fəaliyyəti” adlı yüksək səviyyəli tədbir keçirilib.

XİN-dən Qasrabaginfo.az-a verilən xəbərə görə, tədbirin açılış sessiyasında Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, eləcə də UNESCO-nun baş direktorunun müavinləri Lidiya Artur Brito və Taufik Celassi çıxış ediblər.

Öz nitqində Yalçın Rəfiyev Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi zamanı əldə etdiyi əsas nəticələr və Azərbaycanın iqlim diplomatiyasında rolu haqqında danışıb. İqlim dəyişikliyi ilə mübarizədə təhsilin, elmin və mədəniyyətin əsas rolunu vurğulayıb.

Yalçın Rəfiyev bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı Yeni İqlim Maliyyə Məqsədi (NCQG), Bakıdan Belemə Yol Xəritəsi (1.3T), Paris Sazişinin 6-cı Maddəsi üzrə razılıq – karbon bazarlarının işə salınması və dövlət-özəl tərəfdaşlıqların gücləndirilməsi; İtki və Zərər Fondunun tam fəaliyyətə başlaması, eləcə də COP29 sədrliyi çərçivəsində irəli sürülən təşəbbüslər kimi bir sıra mühüm irəliləyişlərlə yadda qalıb.

Ölkəmizin COP29 sədrliyi çərçivəsində və ondan sonra da regional və qlobal tərəfdaşlarla sıx əməkdaşlıqda iqlim fəaliyyətini gücləndirmək, elmi əsaslı və ədalətli iqlim keçidinə töhfə vermək niyyətində olduğu vurğulanıb.

UNESCO Baş direktorunun müavinləri COP29-un tarixi nəticələrinə vurğu edərək Azərbaycanın COP29 çərçivəsində və sonrakı dövrdə iqlim dəyişikliyi və UNESCO gündəliyində olan mövzular arasında sinerjinin qurulmasındakı dəstəyinə görə təşəkkür ediblər.

Yalçın Rəfiyev, Parisə səfəri çərçivəsində Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüş keçirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və COP29 sədrliyinin enerji təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, İnkişaf Etməkdə olan Kiçik Ada dövlətlərinin (SİDS) və bir qrup digər ölkələrin UNESCO yanında Daimi Nümayəndələri ilə işçi nahar formatında görüş keçirilib. Görüş zamanı Azərbaycanın COP29 sədrliyinin nailiyyətləri, iqlim dəyişmələrinin SİDS ölkələrinə təsirləri, ölkəmizin SİDS ölkələrinə göstərdiyi davamlı dəstək kimi məsələlər barədə danışılıb, gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.



Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər