Nar şirəsi tərkibindəki zəngin vitaminlər, kalium və nadir polifenollar – xüsusilə punikalagin maddəsi ilə sağlamlıq üçün çox faydalı hesab olunur. Qarabaginfo.az xəbər verir ki, bu içkinin hər kəs üçün təhlükəsiz olmadığını “Çempionat” nəşrinə açıqlamasında “Medisina” səhiyyə müəssisəsinin qastroenteroloqu Yevgeni Belousov bildirib.
Mütəxəssisin sözlərinə görə, nar şirəsinin əsas riski onun yüksək şəkər miqdarı ilə bağlıdır – 100 millilitr içkidə təxminən 14–18 qram şəkər olur. Buna görə də ikinci tip şəkərli diabetdən əziyyət çəkən şəxslərə bu içkini ehtiyatla qəbul etmək tövsiyə olunur.
Belousov əlavə edib ki, nar şirəsindəki bəzi maddələr orqanizmdə mühüm dərmanların təsirini zəiflədə bilər. Xüsusilə, immuniteti zəiflədən və ya şiş əleyhinə preparatlar qəbul edən xəstələr bu içkini rasionlarına daxil etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.