Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində ölkəmizdə rəsmi nümayəndə heyətinin tərkibində səfərdə olan Belarus Respublikasının İdman və Turizm nazirinin müavini Aleksandr Baraulya jurnalistlərə açıqlamasında təşkilatçılığı yüksək qiymətləndirib.
“Gəncəyə gələndə nostalji hisslər keçirdim. İki il əvvəl Belarus MDB Oyunlarına ev sahibliyi edirdi və biz də yarışları bir neçə şəhərdə təşkil etmişdik. Azərbaycanda da bu yanaşmanın tətbiq olunması çox xoşdur – bu, təkcə idman obyektlərini deyil, eyni zamanda ölkənin mədəniyyətini, ab-havasını və qonaqpərvərliyini nümayiş etdirmək üçün əla imkandır,” – deyə o bildirib.
Aleksandr Baraulyanın sözlərinə görə, oyunların təşkilati səviyyəsi olduqca yüksəkdir. Nümayəndə heyətləri rahat yerləşdirilib, idmançılar üçün bütün zəruri şərait yaradılıb, idman arenaları isə ciddi təəssürat yaradır.
O, xüsusilə Gəncə İdman Sarayını vurğulayıb:
“Gəncə İdman Sarayı çoxfunksiyalı bir məkandır. Burada dörd idman növü üzrə yarışlar keçirilir. Zallar geniş və rahatdır – bütün zəruri şərait təmin olunub. Danışdığım nümayəndə heyətlərinin rəhbərləri təşkilatçılıqdan məmnun olduqlarını bildirir, göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını ifadə edirlər”.
Nazir müavininin sözlərinə görə, belaruslu idmançılar əhval-ruhiyyə baxımından yaxşı vəziyyətdədirlər və yarışlara tam fokuslanıblar:
“Onlar çox razıdırlar. Heç bir məişət problemi yoxdur. Olduqları Azərbaycan şəhərləri onlarda xoş təəssürat yaradıb. Amma indi idmançılar daha çox yarışlara kökləniblər. Buraya ən yaxşı nəticələri göstərmək və medallar uğrunda mübarizə aparmaq üçün gəliblər. Rəqabət isə kifayət qədər güclüdür – Rusiya, Azərbaycan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin komandaları çox güclüdür. Hər gün ilk üçlükdə olmaq üçün mübarizə aparmaq lazımdır”.
MDB ölkələri arasında münasibətlərə bu cür yarışların təsiri barədə suala cavab verən Baraulya qeyd edib:
“Şübhəsiz, belə oyunlar müsbət təsir göstərir. İdmançılar bir-birilə tanış olur, ünsiyyət qurur, digər ölkələrin mədəniyyətini öyrənirlər. Bu çox vacibdir. Ölkələr arasında münasibətlər isti və yüksək səviyyədədir. Biz bunu bir daha belə idman tədbirləri vasitəsilə görürük”.
Səfər çərçivəsində Aleksandr Baraulya MDB ölkələrinin idman nazirlərinin iclasında da iştirak edib. İclasda MDB Oyunlarının IV buraxılışının keçirilməsi perspektivləri müzakirə olunub. Hazırda ev sahibi ölkə ilə bağlı qərar verilməyib. Namizədlər arasında Qazaxıstan və Qırğızıstanın adları çəkilir.
«Biz əminik ki, Oyunlar davam edəcək. Bu layihə özünü tamamilə doğrultdu. İl sonuna qədər Oyunların növbəti ev sahibi ilə bağlı qərar veriləcəyini düşünürəm», — nazir müavini qeyd etdi.
Azərbaycan böyük beynəlxalq idman yarışlarının keçirilməsi sahəsində geniş təcrübəyə malikdir:
Avropa Oyunları, dünya çempionatları və müxtəlif idman növləri üzrə beynəlxalq turnirləri uğurla təşkil edib. Burada yüksək səviyyədə təşkilatçılıq bacarığı nümayiş etdirilir və bu hər şeydə özünü göstərir. III MDB Oyunları ölkənin yüksək idman mədəniyyətinin daha bir nümunəsidir. Səmimi qəbula və mükəmməl təşkilata görə təşəkkür edirəm» Baraulya yekunlaşdırdı.