Saytımızı qiymətləndirin


 
 

Emin Əmrullayev Futzal üzrə Universitetlərarası Avropa Çempionatının qalibləri ilə görüşüb
Tarix: 31-07-2025 | Saat: 17:11
Bölmə:Karusel / İdman | çapa göndər

Emin Əmrullayev Futzal üzrə Universitetlərarası Avropa Çempionatının qalibləri ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev 14-cü Futzal üzrə Universitetlərarası Avropa Çempionatının qalibi olan Azərbaycan İdman Akademiyasının komandası ilə görüşüb.

Bu barədə Qarabaginfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Nazir tələbə-idmançıları əldə etdikləri qələbə münasibətilə təbrik edib, onların bu uğurunu həm ali təhsilin idman sahəsində beynəlxalq səviyyədə tanıdılması, həm də ölkəmizin gənclərinin potensialının nümayişi baxımından yüksək qiymətləndirib. Emin Əmrullayev bildirib ki, tələbə və gənclərin həm təhsil, həm də idman sahəsində fəal iştirakı, mütəmadi təşkil edilən liqa və turnirlərdə formalaşan sağlam rəqabət mühiti onların inkişafında mühüm rol oynayır. Nazir tələbə futbolçulara bundan sonra da həm təhsildə, həm də idmanda uğurlar arzulayıb.

Görüşdə çıxış edən elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov bildirib ki, 2023-cü ildə təsis edilmiş Azərbaycan Tələbə Liqası tələbələr arasında yarışların keçirilməsinə, idmanda istedadlı gənclərin üzə çıxarılmasına və onların beynəlxalq arenalara hazırlanmasına böyük töhfə verib. Nazir müavini vurğulayıb ki, bu yarışlar sayəsində formalaşan tələbə komandamız bu gün Avropa çempionu olaraq ölkəmizin təhsil və idman həyatında tarix yazıb. Nazir müavini tələbələrin qələbəsini Azərbaycanın ali təhsil sisteminin nailiyyəti kimi qiymətləndirib, bütün komanda üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən komanda üzvləri də öz növbələrində göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda komandanın adından elm və təhsil nazirinə xatirə futbol köynəyi təqdim olunub.

Xatırladaq ki, Azərbaycan İdman Akademiyasının komandası 17-25 iyul tarixində Xorvatiyanın Zaqreb şəhərində keçirilən 14-cü Universitetlərarası Avropa çempionatında ölkəmizi təmsil edib.

Komandamız qrup mərhələsində İsveçrə komandasına (5:1), Xorvatiya komandasına (6:2) qalib gələrək 1/4 finalda Fransa komandası üzərində 5:4, yarımfinalda İspaniya komandasına 5:1, finalda İspaniyanın Valensiya Universitetinin komandasına 7:2 hesabı ilə qələbə qazanaraq Avropa çempionu adına layiq görülüb.

Komandanın Avropa Çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyilə həyata keçirilib.



Xəbəri paylaş

42 dəfə oxunub.

Digər xəbərlər