Türkiyə hakimiyyəti Suriyada iki hərbi baza tikə və orada F-16 qırıcıları yerləşdirə bilər.
Qarabaginfo.az bildirir ki, bu barədə Türkiyə nəşri bəzi ərəb mənbələrinə istinadən xəbər verir.
Belə ki, bu, iki ölkənin tezliklə imzalayacağı birgə müdafiə haqqında saziş çərçivəsində baş verəcək. Sənədə əsasən, Türkiyə Dəməşqə qəfil təhdidlərlə üzləşdiyi təqdirdə yardım etməli olacaq və suriyalı hərbçilərə və pilotlara təlim keçəcək.
“Türkiyə Suriyada iki hərbi baza yaradacaq. Türkiyə ölkənin suverenliyinə qarşı yönələ biləcək hər hansı hücumun qarşısını almaq üçün Suriya Hərbi Hava Qüvvələrinin tikintisi başa çatana qədər bu bazalarda 50 F-16 qırıcısı yerləşdirəcək”, – nəşr yazır.
Qeyd edək ki, yanvarın 31-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb. Müvafiq idarələrin rəhbərləri Suriyadakı vəziyyəti, eləcə də digər regional məsələləri müzakirə ediblər .
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bəzi qüvvələrin Suriyanı ələ keçirməyi asanlaşdırmaq üçün onu üç yerə bölməyə çalışdığını bildirib. Lakin Türkiyə Suriyanın parçalanmasına icazə verməyəcək və belə bir inkişafın qarşısını almaq üçün tez bir zamanda tədbirlər görməyə hazırdır.