Tarix: 22-01-2025 | Saat: 13:58
Bölmə:Karusel / Siyasət | çapa göndər
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Yuriy Husyev Birlik günü ilə bağlı məqaləsində bildirib.
“Bu gün, həmçinin, müstəqilliyə və ədalətli sülhə can atan dövlətlər arasında beynəlxalq münasibətlərin və dəstəyin əhəmiyyətini xatırladır. 1918-ci ildə, dövlət quruculuğunun mürəkkəb dövründə, Ukrayna Dövləti ilə Azərbaycan Demokratik Respublikası (ADR) arasında diplomatik əlaqələr quruldu. Bu fakt, xalqlarımızın artıq bir əsrdən çoxdur ki, azadlıq, suverenlik və ləyaqətə olan ortaq dəyərləri paylaşdığının sübutudur.
Birləşmə ukraynalılar üçün yalnız ərazilərin birləşməsi deyil. Bu, xalqın birliyi, müxtəliflikdə vəhdət ideyasıdır. Bu günlərdə, dövlətimiz Rusiya təcavüzünə qarşı azadlığını və müstəqilliyini müdafiə etdiyi zaman, bütün dünya üçün beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanan ümumi dəyərlərlə birləşməyin nə qədər vacib olduğunu anlayırıq.
Biz Ukraynanın ərazi bütövlüyü və suverenliyini ardıcıl olaraq dəstəkləyən, həmçinin humanitar yardım göstərən Azərbaycan Respublikasının dəstəyini yüksək qiymətləndiririk. Bu, xalqlarımız və ölkələrimiz arasında həmrəyliyin mühüm təzahürüdür. Hər iki xalq azadlığın və müstəqilliyin əsl qiymətini yaxşı bilir.
Ukrayna və Azərbaycan arasında diplomatik münasibətlərin tarixi etimada və hörmətə əsaslanan əməkdaşlıq nümunəsidir. 1918-ci ildə Ukrayna və Azərbaycan qarşılıqlı anlaşma yoluna qədəm qoydular və bu yol bu gün də davam edir. O zaman olduğu kimi, bu gün də ölkələrimiz çağırışlara sinə gərir, dövlətçiliklərini qorumaq uğrunda mübarizə aparır və dostluq və tərəfdaşlıq körpüləri qururlar.
Bu gün Ukrayna və Azərbaycan ortaq çağırışlar və məqsədlərlə birləşən strateji tərəfdaşlardır. Biz Qara dəniz-Xəzər regionunda və bütün dünyada ədalətli sülhə, sabitliyə və rifaha nail olmağa çalışırıq. Bizim əməkdaşlığımız göstərir ki, ilk diplomatik əlaqələrin qurulmasından bir əsr keçməsinə baxmayaraq, suverenlik və ədalət dəyərləri hələ də əsas yer tutur.
Hörmətli dostlar, birləşmə bizim gələcəyimizin qurulduğu təməl daşıdır. Bu, təkcə ərazilərin birləşməsi deyil, həm də ruhun birliyi, ortaq məqsəd və öz kimliyini, doğma torpağında yaşamaq hüququnu qorumaq uğrunda mübarizədə sarsılmazlıqdır. Biz bu çətin vaxtda göstərdiyi həmrəylik və dəstək üçün Azərbaycan Respublikasına dərin minnətdarlığımızı bildiririk.
Qoy bizim əsrlər boyu davam edən dostluğumuz gələcəkdə ortaq uğurlarımızın və qələbələrimizin təminatı olsun!”, - diplomat qeyd edib.
Digər xəbərlər