Azərbaycan Mərkəzi Bankının tənzimləmə mexanizmləri sayəsində 2024-cü ildə manatın dollara, avroya və digər dünya valyutalarına nisbətdə məzənnəsində eniş baş verməyib.
Qarabaginfo.az bildirir ki, bu sözləri alim-iqtisadçı, Milli Məclisin sabiq deputatı Vahid Əhmədov haqqin.az saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, Mərkəzi Bank əvvəlki illərdə olduğu kimi milli valyutanın dollara nisbətdə məzənnəsini 1,7 manat səviyyəsində saxlamağa nail olub. 2025-ci ilin birinci yarısında bu nisbət dəyişməz qalacaq: “ABŞ prezidenti Donald Tramp seçki kampaniyası zamanı söz verdiyi kimi, dünya bazarında neftin qiymətini bir barel üçün 40 dollara endirsə, o zaman manatın digər valyutalara nisbətən sabitliyini qorumaq problem yarada bilər. Dünya bazarında neftin qiyməti 70-75 dollar/barel səviyyəsində qalsa, o zaman manatın dollara məzənnəsi 1:1,7 nisbətində 2025-ci ilin sonuna kimi davam edəcək. Beləliklə, bu mənada qlobal maliyyə sistemində çox şey ABŞ-ın yeni prezidentinin hərəkətlərindən asılı olacaq”.
Ekspertin fikrincə, gec-tez dünya siyasətində vəziyyət sabitləşəndə və Azərbaycanın qeyri-neft sektorunun dövlət büdcəsində payı 75-80 faiz artdıqda, ölkəmiz hökuməti manatı sərbəst şəkildə üzməyə qoymalı olacaq.
“Azərbaycan manatının real bazar dəyəri ilə bağlı müxtəlif qiymətləndirmələr var”, – deyə Vahid Əhmədov bildirib: “Bəziləri deyir ki, bir dollar 2,5, bəziləri hətta bir dolların 3 manat olduğunu deyir. Halbuki manatın dollara və avroya real nisbəti barədə yalnız Mərkəzi Bank məlumatlıdır”.
V.Əhmədovun sözlərinə görə, bazarın milli valyutanın məzənnəsini müəyyən etməsi üçün mühüm şərt neft və qaz ixracının ümumi daxili məhsulda (ÜDM) payının azalmasıdır.
Ekspert vurğulayıb ki, Azərbaycan Mərkəzi Bankının manatın məzənnəsini saxlamaq üçün atdığı addımlar düzgün qərardır.
V.Əhmədov deyib ki, bundan sonra müxtəlif siyasi təsirlərə məruz qalan neft və qazın satışından əldə olunan gəlirlərə ümid etmək mümkün deyil. “Azərbaycan “neft iynəsi”ndən nə qədər tez qurtulsa, biz bir o qədər tez özünü təmin edən, çoxvektorlu və firavan iqtisadiyyat quracağıq”.