Saytımızı qiymətləndirin


 
 

COP29 - Azərbaycanın qlobal problemlərin həllində rolu
Tarix: 14-11-2024 | Saat: 11:53
Bölmə:Karusel / Siyasət | çapa göndər

COP29 - Azərbaycanın qlobal problemlərin həllində rolu

Qarabaginfo.az xəbər verir ki fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səlimovun “Azərbaycan Respublikasının qlobal problemlərin həllində rolu” adlı məqaləsini təqdim edir.

Müasir dövrdə qlobal problemlər bəşəriyyətin rifahı və təhlükəsizliyi üçün böyük təhdidlər yaradır. Onların həlli beynəlxalq miqyasda birgə fəaliyyətin göstərilməsini tələb edir. Yaşadığımız dünya sülhə və qlobal təhlükəsizliyə təsir göstərən çoxsaylı təhdidlərlə üzləşir. Qlobal problemlər yalnız ölkələrin daxili siyasətinə deyil, eyni zamanda beynəlxalq münasibətlərə və planetin ümumi rifahına təsir edir.

Qlobal problemlərin, xüsusilə onun tərkib hissələrindən biri olan iqlim dəyişikliyinin qarşısının alınmasında yaxından iştirakının nəticəsidir ki, Azərbaycan Respublikası 200 ölkənin yekdil qərarı ilə COP29 kimi mötəbər tədbirə evsahibliyi edir. Tədbirdə 196 ölkədən 80 prezident, vitse-prezident və baş nazirin olduğu 72 min nəfərin iştirakı COP29-a beynəlxalq səviyyədə yüksək diqqət göstərildiyini sübut edir. Məlumdur ki, COP29-un Azərbaycanda keçirilməsi qərarının verilməsindən sonra bəzi Qərb dairələri ölkəmizi müxtəlif bəhanələr gətirməklə hədəf seçərək qarayaxma kampaniyası aparmağa çalışırdılar. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında dediyi kimi, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Lakin COP29-un keçirilməsi ilə anti-Azərbaycan dairələrin qərəzli niyyətləri baş tutmadı, bir daha aydın oldu ki, xarici müdaxilələrlə ölkəmizi qarşısına qoyduğu aydın və prinsipial hədəflərindən yayındırmaq mümkün deyil. Eyni zamanda COP29-da çoxsaylı dövlət və hökumət başçılarının, KİV və QHT nümayəndələrinin çıxışlarında və müsahibələrində iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi dəstəyə və tədbirin yüksək səviyyədə təşkilatçılığına görə Azərbaycana təşəkkür etmələri ölkəmizə qarşı qeyri-obyektiv mövqedən yanaşan dairələrə tutarlı cavabdır.

Hazırda dünyada qlobal problemlər həm miqyası, həm də xüsusiyyətləri ilə əvvəlki dövrlərdən fərqlənir. XX əsrlə müqayisədə bu problemlər daha mürəkkəbləşmiş və onların həllinə dair yeni yanaşmalar meydana gəlmişdir. Ötən əsrdə qlobal problemlər əsasən siyasi münaqişələr, nüvə silahlarının yayılması və iqtisadi böhranlarla bağlı olmuşdursa, müasir dövrdə onların sırasına iqlim dəyişikliyi, qlobal istiləşmə, bioloji müxtəlifliyin azalması, kiberhücumlar və pandemiyalar kimi müxtəlif təhdidlər daxildir. Əvvəlki dövrlərdə texnologiyalar inkişaf etsə də, bu daha çox sənayenin və hərbi sahənin inkişafına istiqamətlənmişdi. İnternet və rəqəmsal texnologiyaların kütləvi istifadəsi hələ mövcud deyildi, buna görə qlobal problemlərin beynəlxalq səviyyədə həlli zərurəti indiki kimi xüsusi aktuallıq daşımırdı. Müasir qlobal çağırışlar dünya birliyi üçün ortaq çətinliklər və məsuliyyətlər yaradır. Dövlətlərarası qarşılıqlı əməkdaşlığın mövcud olması, inteqrasiya olunmuş çoxşaxəli yanaşmalar, uzunmüddətli strategiyaların həyata keçirilməsi qlobal problemlərin səmərəli həll yollarının tapılması üçün mühüm əhəmiyyət kəsb edir.

Dayanıqlı inkişaf məqsədlərinin qlobal problemlərin həllinə təsiri

Azərbaycan dövləti qlobal problemlərin həllində BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən sammitində qəbul olunmuş "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"də əks olunan Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələrin vacibliyini nəzərə alaraq, bu istiqamətdə məqsədyönlü siyasət aparır. Qlobal problemlərin həlli ilə bağlı ölkəmizdə görülmüş işlər obyektiv mövqe tutan dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir.

Azərbaycan qlobal problemlərin həlli üçün həm milli, həm də BMT-nin və onun ixtisaslaşmış təşkilatları ilə birgə təhsil, ekologiya, səhiyyə və mədəniyyətlərarası dialoq kimi məsələlərə dair xeyli sayda layihələr həyata keçirir. Xüsusilə, Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə bu qurum qlobal problemlərin həlli ilə bağlı vacib qərarlar qəbul etmişdir. Məlumdur ki, COVID-19 pandemiyası dünyada sağlamlıq böhranına səbəb olarkən Qoşulmama Hərəkatı onun qarşısını almaq və üzv ölkələrə dəstək vermək məqsədilə mühüm çağırışlar, təşəbbüslər irəli sürmüşdür. Azərbaycan COVID-19 pandemiyası dövründə bir çox dövlətlərə tibbi yardım göstərmişdir.

Qlobal problemlərin həlli ilə bağlı Azərbaycan dövlətinin apardığı siyasətin hədəfləri aşağıdakılardır:

  • ətraf mühitə ekoloji təhdidlərin qarşısının alınması;
  • regional və beynəlxalq enerji təhlükəsizliyinin təmin olunması, bu sahədə bərpa olunan enerji mənbələrinin potensialından geniş istifadə edilməsi;
  • qlobal problemlərin həllində beynəlxalq əməkdaşlığın gücləndirilməsi;
  • qlobal problemlərə dair sosial-humanitar təşəbbüslərin göstərilməsi;
  • beynəlxalq terrorizmə, onun təzahürlərinə qarşı effektiv mübarizənin aparılması;
  • kibertəhlükəsizliyin, rəqəmsal inkişafın təmin olunması və s.

Regional enerji təhlükəsizliyinin təmin edilməsində yaxından iştirakı, enerji mənbələrinin diversifikasiyasına və sabit enerji təchizatına malik olması Azərbaycanın geoiqtisadi mövqeyini gücləndirir, onu dünyaya etibarlı tərəfdaş kimi tanıdır. Əlverişli geosiyasi məkanda yerləşməsi ölkəmizin qlobal səviyyədə logistik imkanlarını artırır. Bununla bağlı olaraq Prezident İlham Əliyev bildirmişdir: “Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib”. Azərbaycan dünya ölkələri ilə qarşılıqlı iqtisadi münasibətlərin inkişafına qlobal problemlərin həllində vacib faktorlardan biri kimi yanaşır.

Ekoloji problemlər: müasir çağırışlar və strategiyalar

Azərbaycan dövləti ekoloji mühitin qorunması ilə bağlı beynəlxalq təşəbbüslərə qoşularaq fəal siyasət aparır, xüsusilə bərpa olunan enerji mənbələrindən geniş şəkildə istifadə olunması əsas hədəflərdən biri kimi müəyyən edilmişdir. İqlim dəyişikliyinin təsirlərinin azaldılması, ekosistemlərin və biomüxtəlifliyin qorunması məqsədilə mühafizə olunan ərazilərin genişləndirilməsi, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması sahəsində mühüm addımlar atılır. Ekoloji məsuliyyətin artırılması üçün effektiv maarifləndirmə işinin təşkili, müasir texnologiyalar tətbiq etməklə təbii resursların səmərəli istifadəsi və s. istiqamətində böyük irəliləyişlər əldə olunur.

“Yaşıl enerji”yə keçidin təmin olunması məqsədilə milli və beynəlxalq səviyyədə sərmayə qoyuluşu stimullaşdırılır. Qlobal ekoloji problemlərin həllində dünya dövlətləri və beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət yetirilir, ekoloji layihələrin reallaşmasında və müvafiq təcrübə mübadiləsinin aparılmasında yaxından iştirak olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ətraf mühitin qorunmasına böyük həssaslıqla yanaşmanın göstəricisidir.

Ekoloji problemlər bəşəriyyəti ciddi şəkildə narahat edir. Qlobal istiləşmə ekosistemlərə və biomüxtəlifliyə mənfi təsir göstərir, daşqın, quraqlıq və istilik dalğaları kimi ekstremal hava hadisələrinə səbəb olur ki, bu da insanların sağlamlığına təhlükə yaradır. Dünyada dəniz səviyyəsi tədricən yüksəldiyindən sahil xətləri, sahilyanı şəhərlər və ada dövlətləri ciddi problemlərlə üzləşir. Qlobal iqlim dəyişikliyi yoluxucu xəstəliklərin yayılması riskini artırır, xüsusilə həssas bölgələrdə miqrasiyaya və demoqrafik dəyişikliklərə səbəb olur.

Okean sularının sirkulyasiyasındakı dəyişikliklər dəniz ekosistemlərinin bioloji strukturuna təsir edir. Çirkli hava ekosistemlərin məhsuldarlığını azaltmaqla onların özünübərpa qabiliyyətini zəiflədir. Qlobal istiləşmə insanların sağlamlığı ilə yanaşı, onların əmək qabiliyyətinə və ömür uzunluğuna mənfi təsir göstərir. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının məlumatına görə, iqlim dəyişikliyi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş hər dörd obyektdən birini təhdid edir.

Alimlərin fikrincə, içməli su resursları bütün hidrosferin cəmi 2%-ni təşkil etdiyindən içməli su məsələsi gələcəkdə digər qlobal problemlərlə müqayisədə daha ciddi xarakter alacaqdır. İçməli suyun mikrobioloji çirklənməsi müxtəlif xəstəliklərin yayılmasına səbəb olur. Hazırda dünyada suya tələbat əhali artımını üstələyir. Qlobal temperaturun yüksəlməsi nəticəsində su qıtlığının artacağı proqnozlaşdırılır. Alimlər yaranmış vəziyyətdən çıxış yolunu içməli su resurslarından səmərəli istifadə olunması, su ekosistemlərinin qorunub saxlanılması və iqlim dəyişikliyinə qarşı təsirli addımların atılmasında görürlər.

Müasir dövrdə enerji istehlakında bərpa olunan enerji mənbələrindən istifadənin əhəmiyyəti getdikcə artır. Elmin inkişafı yerin geotermal enerjisi, günəş və külək kimi bərpa olunan enerji mənbələrindən istifadə olunması üçün geniş imkanlar yaradır. Elektrik enerjisi istehsalında alternativ enerji mənbəyi kimi bioyanacaqdan istifadəyə əsaslanan bioenergetika sahəsi inkişaf edir. BMT-nin məlumatına görə, dünyada dayanıqlı enerji hədəflərinə nail olunmasında irəliləyişlərə baxmayaraq, bu sahədə proseslər kifayət qədər sürətli getmir. Ona görə də 2030-cu ilə qədər təxminən 660 milyon insanın hələ də elektrik enerjisindən məhrum olacağı, 2 milyarda yaxın insanın isə ətraf mühiti çirkləndirən yanacaq növlərindən və texnologiyadan istifadə edəcəyi bildirilir.

Sülh və qlobal təhlükəsizliyə təhdidlər

Azərbaycan dövləti sülhün və təhlükəsizliyin təmin olunmasına qlobal problemlərin həllinin tərkib hissələrindən biri kimi yanaşaraq, bu sahədə məqsədyönlü siyasət aparır. Xüsusilə, Ermənistanla münasibətlərin normallaşması və post-müharibə dövründə regional sabitliyin yaradılmasının fəal tərəfdarı kimi çıxış edir. Bu isə regionda münaqişə risklərinin qarşısının alınmasında böyük əhəmiyyət daşıyır. Azərbaycan dövlətinin qlobal təhlükəsizliklə bağlı siyasətinin əsas qayəsini bəşəriyyətin sülh və əmin-amanlıq, sağlam ekoloji mühit şəraitində yaşamasının təmin olunması təşkil edir. Bu siyasətin hədəfləri aşağıdakılardır:

• münaqişələrin və zorakılığın qarşısının alınması;

• beynəlxalq terrorizmə və onun təzahürlərinə qarşı mübarizənin aparılması;

• kibertəhlükəsizliyin təmin olunması;

• qlobal ekoloji problemlərin həllində yaxından iştirak edilməsi;

• demoqrafik vəziyyətə mənfi təsirlərin qarşısının alınması və s.

 

Qlobal problemlərin həllində sülhün fundamental rol oynaması özünəməxsus xüsusiyyətlərə malikdir. Belə ki, sülh şəraitində sabitlik təmin olunur, bu da xalqların və dövlətlərin inkişafı üçün həyati əhəmiyyət daşıyır. Sülh müharibə risklərinin azaldılmasında və terrorizmə qarşı mübarizənin aparılmasında beynəlxalq əməkdaşlığın yaradılması, sosial-iqtisadi, siyasi və humanitar xarakterli birgə fəaliyyət planlarının həyata keçirilməsi üçün vacib faktordur.

Dünyada əhalinin sülh və əmin-amanlıq şəraitində yaşamasına təhdidlər sırasında hərbi münaqişələrlə yanaşı, beynəlxalq terrorizm də xüsusi yer tutur. Ölkəmiz həm milli qanunvericilikdən, həm də tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən, habelə digər qanunvericilik aktlarından irəli gələrək beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak edir. Azərbaycan Respublikası BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi, ATƏT-in Transmilli Təhdidlər Departamenti, Avropa Şurasının Terrorçuluğa Qarşı Mübarizə üzrə Ekspertlər Qrupu, Avropa İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Türk Dövlətləri Təşkilatı və digər qurumlarla terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq edir. Azərbaycanın və müxtəlif dövlətlərin hüquq mühafizə orqanları arasında terrorizmə, ekstremizmin təzahürlərinə qarşı mübarizəyə dair Anlaşma memorandumları imzalanmışdır.

Müasir dövrdə beynəlxalq terrorizmin subyektlərini əsasən transmilli terror təşkilatları, radikal və ekstremist cərəyanlar təşkil edir. Terrorizm bir qayda olaraq ictimai proseslərə dağıdıcı mövqedən yanaşılması, zərərli ideologiyalara kor-koranə inanılması, fərqli baxışlara dözümsüz və düşmən münasibətin göstərilməsi kimi səbəblərdən yaranır. Terrorçu qruplar niyyətlərinə nail olmaq üçün gənclərin təsir altına düşməsinə xüsusi səy göstərirlər. Bu qrupların özləri üçün ideoloji məkan yaratmasının və psixoloji vasitələrlə tərəfdarlarına daim təsir göstərməsinin nəticəsində ictimai şüurun xüsusi növü kimi “terrorogen şüur” formalaşır. Beynəlxalq terrorizm və ekstremizm insanların təhlükəsizliyinə, sosial rifahına mənfi təsir göstərir.

Rəqəmsal transformasiya və qlobal təhlükəsizlik

Azərbaycan dövləti rəqəmsal texnologiyalar və innovasiyalarla bağlı qlobal çağırışlardan çıxış edərək mühüm irəliləyişlərə nail olmuşdur. Qeyri-neft sektorunun əsas sahələrindən olan rabitə və telekommunikasiya xidmətlərinin, o cümlədən mobil telefon rabitəsinin, internetin inkişafında böyük uğurlar qazanılır. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peykinin orbitə çıxarılması ilə ölkəmiz dünya kosmos ailəsinin üzvü olmuşdur. Azərbaycanın beynəlxalq texnoloji, innovativ və iqtisadi mərkəzlərlə əlaqələri möhkəmlənir. 44 günlük Vətən müharibəsində Ermənistanın işğalından azad olunmuş bölgələrdə rəqəmsal infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülür.

Qeyd edək ki, dünyada qabaqcıl texnologiyaların inkişafı və tətbiqinə böyük əhəmiyyət verilir. Süni intellektin, rəqəmsal texnologiyaların tətbiqi sahələrinin genişlənməsi ictimai münasibətlərə və idarəetmə sistemlərinə ciddi təsir göstərir. Blokçeyn texnologiyalarının dünya maliyyə bazarlarında rolu güclənir. Bununla yanaşı, informasiya təhlükəsizliyi sahəsində qlobal problemlər, xüsusilə kiberhücumlar özəl sektordan tutmuş dövlət qurumlarına, fərqi istifadəçilərə kimi hamıya təsir edir. Kriptoqrafiya texnologiyalarının inkişafı məlumatların qorunması üçün əsas vasitələrdən biri olsa da, mütəxəssislərin fikrincə, bu sahədə yaxın gələcəkdə problemlərin ortaya çıxacağı gözlənilir. Xüsusilə kvant hesablamalarında irəliləyişlərin nəticəsində mövcud kriptoqrafiya metodlarının effektivliyini itirəcəyi bildirilir.

Demoqrafik dəyişikliklər: mövcud reallıqlar və perspektivlər

Qlobal demoqrafik problemlər əhalinin sayı, yaş strukturu, doğum və ölüm nisbətində müşahidə olunan mənfi proseslərin nəticəsində yaranır. Dünya ölkələri üzrə demoqrafik dəyişiklikləri müqayisəli şəkildə təhlil etsək görərik ki, bu sahədə Azərbaycan Respublikası müsbət dinamikaya malikdir. Demoqrafiya və əhali sakinliyi istiqamətində həyata keçirilən dövlət siyasətinin nəticəsində müvafiq qanunvericilik bazası yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası", 2004-cü il 11 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı təsdiq edilmişdir.

Demoqrafiya sahəsində dövlət siyasətinin əsas hədəfləri aşağıdakılardır:

  • sosial-iqtisadi inkişafın demoqrafik vəziyyətə uyğunlaşdırılması;
  • doğum səviyyəsini təmin edən hərtərəfli şəraitin yaradılması;
  • əhalinin, xüsusilə ana və uşaqların ölüm səviyyəsinin azaldılması yolu ilə cinslər və yaşlar üzrə ömür müddətinin uzadılması;
  • ana və uşaqların sosial müdafiəsinin gücləndirilməsi;
  • əhalinin reproduktiv sağlamlığının yaxşılaşdırılması və ailə planlaşdırılması xidmətinin inkişafı;
  • miqrasiya proseslərinin tənzimlənməsi;
  • əhalinin regionlarda bərabər paylanması, iri şəhərlərdə əhali sıxlığının azaldılması üçün sosial-iqtisadi layihələrin həyata keçirilməsi və s.

Qeyd edək ki, ölkəmizdə demoqrafik proseslərlə cəmiyyətin müxtəlif sahələri arasındakı münasibətlər qarşılıqlı təsir xarakter daşıyır. Məsələn, sosial-iqtisadi inkişafla sıx bağlı olan əhalinin həyat səviyyəsi demoqrafik göstəricilərə təsir edir. Eləcə də demoqrafik vəziyyət cəmiyyətin inkişafında özünəməxsus yer tutur. Ölkəmizdə gözlənilən ömür uzunluğu artmış, müsbət miqrasiya saldosuna nail olunmuşdur. Dünyanın bir çox dövlətlərində əhalinin sayında azalma müşahidə olunduğu halda, Azərbaycanda əhalinin artımı davam edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əgər 2003-cü ildə Azərbaycanda əhalinin sayı 8 milyon 269 min nəfərdən çox olmuşdursa, hazırda bu göstərici 10 milyon 204 min nəfərdən artıqdır. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Doğulanların sayı ölənlərin sayını üstələyir. Əhalinin ömür uzunluğunun göstəriciləri artmışdır. Əgər 2003-cü ildə doğulanda gözlənilən ömür uzunluğu kişilərdə 69.5 yaş, qadınlarda isə 75.1 yaş olmuşdursa, bu göstəricilər hazırda kişilər üçün 73,5 yaş, qadınlar üçün 78,4 yaş təşkil edir.

Qeyd edək ki, demoqrafiya məsələsi həmişə bəşəriyyətin diqqət mərkəzində dayanmışdır. Ümumdünya tarixində əhalinin sürətli artımı və azalması dövrləri olmuşdur. Demoqrafik tənəzzüllər əsasən müharibə, aclıq və ya epidemiyalar kimi hadisələrin səbəb olduğu kütləvi erkən ölümlərdən irəli gəlmişdir. Bundan əlavə, əhalinin azalması yalnız kütləvi ölüm halları ilə deyil, həm də ölümlə müqayisədə doğum nisbətinin azalması ilə bağlıdır. Hazırda dünyada 8 milyard nəfərdən artıq əhali yaşayır ki, bu da XX əsrin ortaları ilə müqayisədə 3 dəfədən çoxdur. BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin hesabatına görə, yaxın 60 ildə dünya əhalisinin sayı artmaqla 2080-ci illərin ortalarına qədər 10,3 milyard nəfər olacaq.

Qlobal problemlərin parametrləri

Qlobal problemlər coğrafi, siyasi və iqtisadi parametrlərə malikdir. Coğrafi parametrlər qlobal problemlərin dünyanın müxtəlif regionlarında təzahürünün özünəməxsusluğu ilə bağlıdır. Məsələn, iqlim dəyişikliyi dünyanın hər yerində müşahidə edilir, lakin Arktika, sahilboyu regionlar və səhra əraziləri kimi bölgələrdə daha kəskin hiss olunur. Dəniz səviyyəsinin yüksəlməsi, buzlaqların əriməsi, quraqlıqlar, daşqınlar və digər ekstremal hava hadisələri coğrafi regionlara görə fərqli təsir göstərir. Su qıtlığı əsasən Orta Şərq və Afrika regionları kimi quraq və yarımsəhra ərazilərdə daha çox özünü büruzə verir. Orta Şərq, Şimali Afrika və Cənubi Asiya regionları miqrasiya mənbəyi olaraq tanınır. Yoluxucu xəstəliklər səhiyyə infrastrukturu zəif olan ölkələrdə daha ağır nəticələr verir.

İqtisadi parametrlər qlobal problemlərin dünya ölkələrinin iqtisadiyyatına təsirinin xüsusiyyətləri ilə əlaqəlidir. Onların vasitəsilə qlobal problemlərin yaranması səbəbləri və nəticələrinin iqtisadi amillərlə bağlılığı öyrənilir. Məsələn, quraqlıqlar iqtisadiyyatında aqrar sahənin əsas yer tutduğu ölkələrə daha çox mənfi təsir göstərir. Su qıtlığı kənd təsərrüfatında məhsuldarlığın azalmasına səbəb olur.

Siyasi parametrlər qlobal problemlərin dövlətlərarası münasibətlərə, milli və beynəlxalq siyasətə təsiri ilə bağlıdır. Bu parametrlər vasitəsilə qlobal problemlərin həllində siyasi qərarların qəbulu, müvafiq qanunvericilik sisteminin yaradılması və siyasi institutların rolu öyrənilir. İqlim dəyişikliyinin qarşısının alınması qlobal arenada prioritet mövzulardan biridir və bu məsələnin həlli beynəlxalq sənədlərlə tənzimlənir, dövlətlərarası siyasi əməkdaşlığın dərinləşməsini tələb edir. Miqrasiya problemi qlobal və regional siyasətdə mühüm yer tutur, sərhəd təhlükəsizliyi, miqrant hüquqları və sosial inteqrasiya məsələlərini daha çox aktuallaşdırır.

Yuxarıda göstərilənləri ümumiləşdirsək aydın olur ki, qlobal problemlər bəşəriyyəti narahat etməklə dünya dövlətləri və beynəlxalq təşkilatlar qarşısında təxirəsalınmaz vəzifələr qoyur. Dünyada sülhün və sabitliyin təmin olunması, beynəlxalq terrorizmə qarşı mübarizənin aparılması, qlobal ekoloji böhranın aradan qaldırılması, davamlı inkişaf vasitəsilə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, elmi-texniki tərəqqinin stimullaşdırılması qlobal problemlərin həlli üçün vacib əhəmiyyət kəsb edir. Qlobal problemlər ayrı-ayrılıqda özünəməxsus xüsusiyyətlərə malik olsa da, onların aradan qaldırılması universal prinsiplər və yanaşmalarla mümkündür. Azərbaycan Respublikası qlobal problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü siyasət aparmaqla dünya sivilizasiyasının inkişafına mühüm töhfələr verir.

 



Xəbəri paylaş

21 dəfə oxunub.

Digər xəbərlər