Tarix: 03-10-2024 | Saat: 16:59
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Mən maliyyə bazarı üzrə mütəxəssis deyiləm. Karbon ticarəti ilə bağlı isə mənim təcrübəm var”.
Qarabaginfo.az xəbər verir ki, bunu “Karbon emissiyalarının azaldılması və bazar mexanizmləri” mövzusunda dəyirmi masada Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib.
O bildirib ki, ölkəsinin karbon bazarları barədə çoxillik təcrübələri yaranıb: “Böyük Britaniya hökuməti olaraq inanırıq ki, karbon bazarları maliyyəni cəlb edə, ölkələrə dəstək göstərə bilər. Britaniya krallığının da bu bazarların formalaşmasında rolu var. Karbona qiymət qoymaq fundamental məsələdir. Xərc baxımından yaxşı yol tapmaq və özəl sektoru bura cəlb etmək əsasdır. Bu sahəyə maliyyə ayırmaq qarşımızda duran çağırışdır. Karbon bazarları 2030-cu ilə qədər 17 milyon iş yeri aça bilər. Bu neft-qaz sektorundan daha çox iş yeri deməkdir. Ona görə Britaniya krallığı 30-dan çox ölkəni bu bazarın yaradılmasına təşviq edir. COP-29 çərçivəsində Azərbaycan danışıqları növbəti mərhələyə qaldıra bilər və şərait yarada bilər ki, biz də növbəti addımları ataq. Bakıda keçirilən COP-29-da məsələləri düzgün tənzimləsək, maliyyə imkanları toplanacaq. Karbon bazarları insanlar və bəşəriyyət üçün ən yüksək fayda verə bilər. Bu sahəyə kreditlər də ayrılmalıdır. Azərbaycan 0 xalis emissiya sahəsində öz üzərinə düşən bütün işləri görəcək”.
Digər xəbərlər