Tarix: 23-09-2024 | Saat: 16:34
Bölmə:Karusel / Gündəm | çapa göndər
Paytaxt Bakıda, eləcə də digər bölgələrdə açıq havada fəaliyyət göstərən bir çox restoran və kafelərdə yüksək səslə musiqilərin ifa edilməsi ətrafda yaşayan və istirahət edən şəxslərin narazılığına səbəb olur. Əsasən axşam saatlarında restoranların yaratdığı səs-küy sakinləri narahat edir.
Qeyd edək ki, dünyanın bir sıra inkişaf etmiş ölkələrində açıq hava restoranlarında yüksək səslə musiqi səsləndirilməsinin tənzimlənməsi üçün ciddi nəzarət və cəzalandırma mexanizmi tətbiq olunur. Fransada şəhər bələdiyyəsi səs kirliliyini azaltmaq məqsədi ilə sərt qanunlar, ciddi cərimələr tətbiq edilir, davamlı açıq havada olan restoran və kafelərdə akustik analizlər aparılır. İspaniyada isə açıq havadakı məkanlarında musiqi ifası ilə bağlı səs limitləri tətbiq edilir, limiti keçən restoranlar cərimələməklə yanaşı fəaliyyəti də dayandırırlar. İtaliyada əsasən turistik ərazilərdə və tarixi yerlərdə yüksək səsli musiqinin ifası qadağan edilib, Yunanıstanda isə konkret vaxt məhdudiyyətləri mövcuddur.
Mövzu ilə bağlı Qarabaqinfo.az-a açıqlama verən şəhərsalma üzrə ekspert Anar Əliyev bildirib ki, bir sıra inkişaf etmiş ölkələrədə sözügedən mövzunu tənzimləyən normativ qanunlar, eyni zamanda nəzarət edən orqanlar var.
“Hər hansı restoran - kafedə qida təhlükəsizliyinə nə dərəcədə önəm verilirsə, eyni zamanda ətraf mühitə vurduqları zərərə də önəm verilməli və ciddi nəzart edilməlidir. Xüsusi olaraq Avropa Birliyinə daxil olan ölkələrdə restoran və kafelərin yaratdığı səs kirliliyinə qarşı ciddi qərarların qəbul olduğunu görmək mümkündür, bu nümunələrin ölkəmizdə də tətbiqi yaranan səs kirliliyi və onun özü ilə bərabər gətirdiyi problemləri aradan qaldıra bilər. Ümumi olaraq sərt qanunlarla yanaşı restoran-kafe daxilində bunu rəhbərlik özü də tənzimləməlidir”.
Ekspert onu da bildirib ki, ölkəmizdə vahid bələdiyyənin olmaması problemi burada özünü göstərir: “Vahid bələdiyyənin olmaması şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması probleminin həll olmamasına səbəb olur, bu kimi problemlərə konkret bir qurum nəzarət etsə, nəticələr daha effektiv olar”.
Digər xəbərlər