Saytımızı qiymətləndirin


 
 

“Əsrin müqaviləsi” - Azərbaycanda iqtisadi inkişafın təməl DAŞI
Tarix: 18-09-2024 | Saat: 16:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Əsrin müqaviləsi” - Azərbaycanda iqtisadi inkişafın təməl DAŞI

Azərbaycan tarixində özünəməxsus yeri olan “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il keçir.

1994-cü il sentyabrın 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Saziş imzalandı.

Təxminən 400 səhifə həcmində və dörd dildə tərtib olunmuş müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb.

Bununla da müstəqil dövlətimizin neft strategiyasının və doktrinasının əsası qoyuldu.

Bu müqavilə sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dan çox sazişin imzalanmasına "yaşıl işıq" yandırdı.

 

Müqavilənin imzalanması asan başa gəlməyib

Müqavilənin imzalanmasına gedən yol gərgin və keşməkeşli olub. SOCAR-ın vitse-prezidenti mərhum Xoşbəxt Yusifzadə bu barədə xatirələrini bölüşərkən qeyd edirdi ki, həmin illərdə ölkənin neft-qaz sənayesi də dərin böhran içində idi.  

“Dənizdə neft hasilatı riskli və böyük sərmayə qoyuluşunu tələb edən iş olduğundan dünyanın hətta ABŞ, Böyük Britaniya, Fransa kimi qüdrətli dövlətləri də bu məsələdə hasilatın pay bölgüsü prinsipi əsasında əlbir işləməyə, beləliklə də riskləri mümkün qədər azaltmağa çalışırdılar.

Azərbaycan da bu təcrübədən  səmərəli şəkildə istifadə  etməli idi. Lakin xarici neft şirkətlərinin ölkəmizə sərmayə qoymasına qarşı çıxan qüvvələr də mövcud idi. Bu qüvvələr həm respublikanın özündə, həm də xaricdə fəaliyyət göstərirdilər. Buna görə də Ulu Öndər Heydər Əliyev  neftçi mütəxəssisləri ətrafına toplayıb, onlarla məsləhətləşdi.

O vaxt “Azəri”, “Çıraq”, “Günəşli” yataqları ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi: ya ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin düzəlməsi üçün 30-40 il gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək”.
 

Danışıqlar 1994-cü ilin martında Bakıda başlandı, sonra Türkiyənin İstanbul şəhərində davam etdirildi. Amerikanın Hyuston şəhərində 45 gün davam edən danışıqlar daha gərgin oldu.  
 

“Bir məqamı da nəzərə almaq lazımdır ki, o vaxt müstəqillik yoluna təzəcə qədəm qoymuş Azərbaycanda neftçi mütəxəssislərin xarici şirkətlərlə danışıqlarda kifayət qədər təcrübəsi yox idi. Aparılan danışıqların uğurla başa çatmasında o zaman SOCAR-ın Birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin xüsusi rolu olub".
 

O dövrdə Azərbaycan Dövlət Neft Şirkətinin birinci-vitse prezidenti İlham Əliyev müqavilə üzrə danışıqların  son mərhələsinin xüsusilə ağır keçdiyini illər sonra açıqlayıb: "Əsrin müqaviləsi" ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi.
 

Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi səbəbindən danışıqlar dayandırılma məqamına çatırdı. Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik".
 

Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı.

 

"Əsrin müqaviləsi" ən böyük neft sazişlərindən biri olub

 

"Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilərək, 12 dekabr 1994-cü ildə qüvvəyə minib.
 

"Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.
 

İlkin hesablamalara görə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun çıxarıla bilən neft ehtiyatı 511 milyon ton müəyyən edildi.
 

Sonradan qiymətləndirmə quyularının nəticələrinə görə bu göstərici 730 milyon tona çatdırıldı.
 

Yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları təşkil edirdi.
 

Ümumi xalis gəlirdən Azərbaycanın payına 80 faiz, sərmayəçilərin payına 20 faiz düşürdü.
 

İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları sərmayə qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldildi.
 

"Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və Dövlət Neft Şirkəti ilə birgə işlərə başlanıldı.

 

Dünya neft sənayesi tarixində nadir hadisə

 

AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 km şərqdə dənizdə yerləşir.
 

Yatağın işlənməsi bir neçə mərhələdə həyata keçirilib. 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində "Çıraq-1” özülü qərb standartlarına uyğun olaraq bərpa olundu.
 

1997-ci ildə “Çıraq” yatağından neft hasilatına başlandı.
 

Müqavilə imzalanandan 3 il sonra hasilata başlanılması dünya neft sənayesi tarixində nadir hadisələrdən biri idi.
 

1999-cu ilin dekabrında Azərbaycanın mənfəət nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı.
 

2005-ci ilin əvvəlində Azəri Layihəsi Mərhələ 1 çərçivəsində  hasilata başlandı.
 

İkinci mərhələ çərçivəsində 2005-ci ilin dekabrında Qərbi Azəri və 2006-cı ilin sonlarında isə Şərqi Azəri platformalarını işə salındı.
 

AÇG yatağının işlənməsinin növbəti 3-cü fazası çərçivəsində Dərinsulu Günəşli platformasından hasilat a2008-ci ilin aprelində start verildi. 
 

Bununla da ölkədə neft hasilatı kəskin şəkildə artdı.
 

2017-ci ildə Azərbaycanda 2 milyardıncı ton neftin çıxarıldı.
 

Həmin il neft sənayesinin inkişafında yeni bir mərhələnin əsası qoyuldu.
 

Sentyabrın 17-də  Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib, yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi.
 

Yeni Sazişlə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı.
 

Müqavilənin uzadılmasının ardınca, 2019-cu il aprel ayının 19-da AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihəyə – Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsinə sanksiya verildi.
 

2024-cü il aprel ayının 16-da ACE platformasından ilk neft əldə olundu. 
 

AÇG layihəsi  çərçivəsində bir platforma - Çıraq platforması, yenidən qurulub, səkkiz yeni platforma tikilib, dünyanın ən böyük neft və qaz terminallarından biri inşa edilib, Xəzər dənizinin dibində mürəkkəb sualtı boru xətləri şəbəkəsi yaradılıb. 
 

Ümumilikdə AÇG layihəsinin əsaslı xərcləri 45 milyard dollar təşkil edib.
 

1997-ci ilin noyabr ayında ilk hasilat başlanandan AÇG-dən 593 milyon ton (təqribən 4,4 milyard barel) neft hasil edilib, təqribən 57 milyard kubmetr AÇG səmt qazı çıxarılaraq Azərbaycana təhvil verilib. 
 

1994-cü ildə AÇG layihəsi başlanandan bp və onun layihədəki tərəfdaşları Azərbaycanda sosial layihələrə təxminən  111 milyon dollar xərcləyiblər. 

Bakı-Tiflis-Ceyhan neft kəməri- təhlükəsiz və etibarlı marşrut
 

Neftin hasilatı ilə paralel olaraq onun xarici bazarlara çıxarılması üçün danışıqlar və müzakirələr də gərgin keçib.
 

Marşrutların müəyyənləşdirilməsi ilə bağlı yekun qərar əsasən neftin əsas ixrac boru kəməri Bakıl-Tiflis-Marşrutu seçilib. 
 

2002-ci ildə təməli qoyulan kəmər cəmi 3 il sonra istismara verildi.  
 

2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanıldı.
 

Hazırda AÇG yatağından hasil olunan həcmin böyük hissəsi dünya bazarlarına Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə çatdırılır.
 

BTC kəməri beynəlxalq bazarlara təhlükəsiz və etibarlı çıxış təmin edən bir marşrutdur və regionu əsas beynəlxalq enerji oyunçusuna çevirir.
 

Bu layihə Azərbaycan, Gürcüstan, Türkiyə və Qərb arasında iqtisadi və siyasi əlaqələrin güclənməsində böyük rol oynayıb.  
 

Sutkalıq ötürücülük qabiliyyəti gündə bir milyon barel təşkil edən kəmərin məhsuldarlığl gündə 1,2 milyon barelə qədər artırılıb.  
 

Bu günə qədər həmin boru kəməri vasitəsilə 4,3 milyard bareldən çox (təxminən 576 milyon ton) xam neft Xəzərdən Aralıq dənizinə təhlükəsiz və etibarlı şəkildə nəql olunub.
 

2006-cı ildən bəri, ACG nefti ilə yüklənmiş 5707 tanker Ceyhan terminalından yola salınıb.

 

Neft Fondu - bu günün və gələcəyin maliyyə təminatı
 

Karbohidrogen ehtiyatlarının satışından əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanması məqsədilə 1999-cu ildə Azəırbaycan Dövlət Neft Fondu yaradıldı.
 

Fondun qarşısında  makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi, ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi, neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması kimi vəzifələr qoyuldu.
 

Bu vəzifələrdən irəli gələrək ARDNF bir sıra layihələrin maliiyyə təminatçısı oldu.
 

Fonda yığılan ilk vəsaitlərin bir hissəsi Bakı-Tiflis-Ceyhan boru layihəsində Azərbaycan Respublikasının 297,9 milyon manat iştirak payı maliyyələşdirildi.
 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli layihəsinə 2 milyard 702 milyon manat ayrıldı.
 

Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi üçün 779,6 milyon manat sərf olundu.
 

1 milyard 469 milyon manat isə digər su layihəsinə - Samur-Abşeron kanalının yenidən qurulmasına ayrıldı.
 

Dövlət İnvestisiya Şirkətinin 90 milyon manat nizamnamə kapitalı maliyyələşdirildi.
 

Ölkəmiz üçün starteji əhəmiyyət daşıyan Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinin maliyyələşçdirilməsi təmin edildi və bu məqsədlə 748 milyon manat ayrıldı.
 

Dövlət Neft Fondunun imkanları hesabına Cənub Qaz Dəhlizi layihəsinə 1 milyard 530 milyon manat,  Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsinə 1 milyard 663 milyon manat yönəldildi.  
 

Bunlarla yanaşı, Fond Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsini təmin edib.
 

Fonda yığılan vəsaitin böyük bir hissəsi 150 milyard manata qədəri dövlət büdcəsinə transfer formasında köçürülüb.
 

Həmin vəsaitlər müxtəlif bödcə xərclərinin maliyyə təminatını yaradıb.

"Əsrin müqaviləsi"nin yaratdığı iqtisadi imkanlar

 

İlk növbədə müqavilə beynəlxalq aləmdə Azərbaycanın uğurlu biznes məkanı kimi tanınmasına imkan yaradıb.
 

AÇG sayəsində Azərbaycan strateji enerji təchizatçısı kimi daha mühüm rol oynamağa başlayıb.
 

Müqavilənin imzalanması və reaallaşması Azərbaycanın neft-qaz sənayesinə və infrastrukturuna böyük həcmdə investisiya cəlbinə imkan verdi.
 

Ölkəyə dərin dəniz yataqlarının işlənilməsi üçün dünya təcrübəsinə uyğun olaraq yeni texnika və texnologiya gətirildi.
 

Neft  istehsal müəssisələrinin, yardımçı obyektlər və infrastrukturun texniki təchizatı yaxşılaşdırıldı.
 

Neft hasilatının və ixracının müntəzəm olaraq artırılması və ölkənin Cənubi Qafqazda lider mövqeyə yüksəlməsinə imkan verdi.  
 

Azərbaycanda iqtisadiyyatın və əhalinin təbii qaza olan tələbatı tam ödənildi, qaz idxalı dayandırıldı, əksinə olaraq qonşu ölkələrə və Avropaya ixraca başlanıldı.
 

Neftin satışından əldə edilən gəlirlər hesabına valyuta ehtiyatları artmağa başladı və  vəsaitlərinin toplanması üçün Dövlət Neft Fondunun yaradıldı
 

Neftdən gələn gəlirlərin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi məqsədilə mühüm sosaial və infrastruktur layihələri həyata keçirildi.
 

Ölkədə işçilərin məşğulluğunun artırılması, yeni iş yerlərinin yaradılması istiqamətində ciddi addımlar atıldı.

 

Neft strategiyasının real iqtisadi nəticələri rəqəmlərin dili ilə  
 

“Əsrin müqaviləsi”nin ölkə iqtisadiyyatına verdiyi faydalar rəqmlərdə aydın görünür.
 

Bunun üçün son 20 ilin statistikasına baxmaq yetərlidir.
 

Azərbaycan özünün iqtisadi müstəqilliyini tam təmin edən ölkəyə çevrildi, dövlətin maliyyə imkanları əhəmiyyətli dərəcədə yaxşılaşdı.
 

2003-cü illə müqayisədə ölkədə ümumi daxili məhsul istehsalı  3,6 dəfə artaraq 123 milyard manata çatdı.
 

2003-cü ildə 1,6 milyard ABŞ dolları təşkil edən strateji valyuta ehtiyatları 43 dəfə artaraq 68,5 milyard dollara yüksəldi.
 

Ölkə iqtisadiyyatının müxtəlif sahələrinə 318,9 milyard dollar investisiya cəlb edildi.
 

Xarici ticarət dövriyyəsi 10 dəfəyə yaxın artdı.
 

Dövlət büdcəsi 30 dəfəyədək çoxaldı, büdcənin sosial rifahla yanaşı, iqtisadi fəallığın da dəstəklənməsində rolu yüksəldi.
 

Ötən dövrdə sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artdı, orta aylıq nominal əməkhaqqı isə 12 dəfə yüksəldi.
 

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün ümumilikdə 8,7 milyard manat, o cümlədən dövlət büdcəsindən 5,6 milyard manat vəsait ayrıldı.
 

Ölkəmizin ilbəil artan iqtisadi gücü torpaqlarımızın Ermənistan işğalından azad edilməsində əvəzsiz rol oynayıb.
 

Milli təhlükəsizlik sahəsində ölkəmizin qarşısında duran kompleks vəzifələrin son 20 il ərzində tam və effektiv həllinin nəticəsi olaraq Azərbaycan Ordusu 44 gün ərzində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyaraq torpaqlarımızı işğaldan azad etdi. Bununla da xalqımıza, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı ən böyük təhdid aradan qaldırıldı.
 

Bu gün işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin olunmasında iqtisadi imkanlarımız və onun təməlində dayanan neft amilinin mühüm rolu vardır.
 

30 il əvvəl başladığımız yol bizləri günlərə gətirib çıxardı.  
 

Bu layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.



Xəbəri paylaş

44 dəfə oxunub.

Digər xəbərlər
15-01-2024, 16:56 Zelenski Davosa getdi