Tarix: 28-08-2024 | Saat: 11:56
Bölmə:Karusel / Dünya | çapa göndər
Avropa İttifaqı (Aİ) xarici işlər və müdafiə nazirlərinin qeyri-rəsmi iclası keçiriləcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidməti məlumat yayıb.
Bildirilib ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin sədrliyi ilə avqustun 29-da Brüsseldə XİN rəhbərlərinin iclası olacaq.
İclas Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın iştirakı ilə Rusiyanın Ukraynaya qarşı təcavüzü və qlobal miqyasda nəticələrinin müzakirəsi ilə başlayacaq.
Aİ xarici işlər nazirləri daha sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Aİ-Türkiyə əlaqələrinin vəziyyəti, ortaq maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Aİ XİN rəhbərləri gərginliyin artması fonunda Yaxın Şərqdəki vəziyyət və Qəzzada atəşkəsə nail olmaq üçün davam edən danışıqlara da toxunacaqlar. BMT-nin Qəzza üzrə Humanitar və Yenidənqurma ilə bağlı Baş Koordinatoru Siqrid Kaaq humanitar vəziyyətlə bağlı nazirlərə məlumat vermək üçün müzakirələrə qoşulacaq.
Venesuelada baş tutan prezident seçkilərindən sonra yaranmış siyasi böhran da müzakirənin gündəliyinə daxil edilib.
Avqustun 30-da isə Ukrayna Müdafiə Nazirliyi cəbhə xəttində baş verən son hadisələrlə bağlı Avropa İttifaqının müdafiə nazirlərini məlumatlandıracaq.
“Onlar həmçinin Ukraynaya hərbi dəstəyin göstərilməsi sahəsində əldə olunan irəliləyişi qiymətləndirəcəklər. Nazirlər immobilizasiya olunmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya hərbi texnikanın verilməsi üçün səfərbər edilməsində irəliləyişlər, üzv dövlətlərin rəhbərlik etdiyi təşəbbüslər və NATO ilə gələcək əməkdaşlığa münasibət bildirəcəklər”, - Aİ-nin Xarici Fəaliyyət Xidmətindən bildirilib.
Digər xəbərlər