Tarix: 01-08-2024 | Saat: 08:46
Bölmə:Karusel / Dünya | çapa göndər
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) İranda HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə əlaqədar 31 iyul 2024-cü ildə (Bakı vaxtı ilə 1 avqust 02:00) təcili iclas keçirib.
Qarabaginfo.az xəbər verir ki, təcili iclas İran tərəfinin çağırışı, Rusiya, Əlcəzair və Çinin dəstəyi ilə baş tutub.
İclas tərəfləri müdafiə edən dövlətlərin seçdiyi xüsusi cümlələrlə və hadisə ətrafında aşkar qütbləşmə ilə yadda qalıb.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, ölkəsi HƏMAS Siyasi Bürosunun rəhbərinin qətlini qətiyyətlə pisləyir və bunu İranı regional qarşıdurmaya cəlb etmək üçün təxribat xarakterli hücum hesab edir.
Çin nümayəndəsi İsmayıl Haniyənin qətlini “sülh danışıqlarını sabotaj edən aşkar qərəzli cəhd” adlandırıb.
ABŞ-nin BMT-dəki nümayəndəsi çıxışı zamanı qeyd edib ki, “İsrailin Həmas və başqa terrorçulardan özünümüdafiə hüququ var. ABŞ HƏMAS liderinin öldürülməsindən xəbərsiz olub və bu işdə iştirak etməyib.” O bildirib ki, konflikt region üçün təhlükəli vəziyyət yaradır və üzvləri regiondakı bu gərginliyi azaltmaq üçün birgə işləməyə, İranın İsrailə qarşı proksi konfliktdən çəkinməsi üçün ona təsir göstərməyə çağırıb.
Fransa tərəfi isə atəşkəs və əsirlərin qaytarılmalı olduğunu və məsələnin yalnız “iki dövlət” həllinin olduğunu vurğulayıb.
Birləşmiş Krallıq (Britaniya) nümayəndəsi İranın Livan Hizbullahı, Husi və digər proksi qruplaşmaların arxasında durduğu, silahlandırdığı və bunun dayandırılmalı olduğunu bildirib.
Yaponiya konfliktin məhz HƏMAS-ın 07 oktyabr 2023-cü il İsrailə hücumu ilə başladığını unutmamağı qeyd edib.
Fələstin dövlətinin daimi müşahidəçisinin müavini çıxışında dövlətləri Fələstin xalqına qarşı soyqırım, işğal, aparteid əməllərinin qarşısını almağa çağırdı, sülh və təhlükəsizliyin yalnız istisna olaraq İsrailin yox, bütün “dövlət”lərin hüququ olduğunu bildirib.
İsrail nümayəndəsi daha əvvəl Hizbullah komandanı Fuad Şükrünün ölümü ilə nəticələnən əməliyyatı da xatırladaraq, “biz özümüzü müdafiə edəcək, bizə zərər vuranlara böyük güclə cavab verəcəyik” bildirib.
BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında İranın qurumdakı daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib ki, İsmayıl Haniyənin öldürülməsi ABŞ kəşfiyyatının köməyi olmadan həyata keçirilə bilməzdi: “Bu hərəkət icazəsiz, ABŞ kəşfiyyatının dəstəyi olmadan törədilməzdi”.
Xatırladaq ki, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehranda səfərdə olan İ. Haniyə yaşadığı iqamətgaha atılan raket zərbəsi nəticəsində öldürülüb. O, avqustun 2-də dəfn ediləcək. Bununla əlaqədar İranda üçgünlük matəm elan olunub.
Digər xəbərlər