“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə ilkin siyahı təsdiq olunub.
Siyahıya əsasən, proqramın qalibləri sırasında Orxan Abdulkərimli Yale Universiteti Hüquq fakültəsinin, yəni “Yale Law School”un tam təqaüdünü qazanmaqla magistratura pilləsinə qəbul olunub. Bu, Azərbaycan və region dövlətlərindən “Yale Law School”a ilk qəbuldur.
“Yale Law School” ABŞ-ın Hüquq fakültələri reytinqində (US News & World Report və Fortuna Ranking) 1990-cı ildən indiyədək davamlı olaraq 1-ci yerdə qərarlaşıb və qəbul üzrə ən rəqabətli hüquq fakültəsi hesab olunur.
Xatırladaq ki, ümumilikdə 295 nəfər namizəd proqram iştirakçısı adını qazanıb. Onlardan 99-u dünya reytinq cədvəllərində ilk onluqda olan ali məktəblərdə təhsil alacaq(azərtac).