Tarix: 13-07-2024 | Saat: 14:28
Bölmə:Karusel / Siyasət | çapa göndər
Prezident İlham Əliyev ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidi qəbul edib.
Qarabaginfo.az xəbər verir ki, görüşdə COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran və bu tədbirdə iştirak edəcəyini bir daha vurğulayan Helqa Maria Şmid COP29 çərçivəsində ölkəmizlə ATƏT arasında yaxından əməkdaşlığın həyata keçirildiyini deyıb.
Dövlət başçısı Azərbaycanın COP29-la bağlı çoxsaylı tədbirlər keçirəcəyini qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının əvvəlki sədri və hazırda bu təsisatın “Troyka”sında olan, həmçinin Avropa İttifaqı ilə yaxın əlaqələrə malik ölkə kimi müxtəlif tərəflər arasında körpülərin qurulması və ümumi həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.
Dövlət başçısı ölkəmizin yaşıl keçid siyasəti və bu istiqamətdə görülən tədbirlərdən danışıb. Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri olduğunu deyib və “Commonwealth” təşkilatı ilə birlikdə kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılması istiqamətində iş aparıldığını bildirib.
Görüşdə regional bağlantılar məsələsi müzakirə olunub.
Xəzər dənizi və Qara dəniz yaşıl dəhliz layihəsinin əhəmiyyətinə toxunan Helqa Maria Şmid ATƏT-in gündəliyində yaşıl limanlar layihəsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və ölkəmizə səfəri çərçivəsində Ələt Beynəlxalq Dəniz Ticarət Limanında olacağını bildirib.
Qonaq regional ətraf mühit monitorinq mərkəzinin yaradıldığını dedi və bu çərçivədə əməkdaşlıq məsələlərinə toxunub. Bütövlükdə ATƏT-in gündəliyində iqtisadiyyat və ətraf mühit məsələlərinin önəm kəsb etdiyini və bu layihələrin etimad quruculuğuna töhfə verdiyini vurğulayıb.
Söhbət zamanı regional sülh gündəliyi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Dövlət başçısı Azərbaycanın sülh gündəliyinə sadiqliyini vurğuladı və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasında dəyişiklərin aparılmasının, Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulmasının vacibliyi qeyd edib.
Helqa Maria Şmid humanitar minatəmizləmə fəaliyyətlərinə toxunub.
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı nəticəsində ərazilərimizin kütləvi şəkildə minalarla çirkləndiyini deyərək, 370-ə yaxın insidentin baş verdiyini, çoxlu sayda insanın mina partlayışları nəticəsində həlak olduğunu və yaralandığını vurğulayıb.
Görüşdə ATƏT-in gündəliyində duran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Digər xəbərlər