Tarix: 03-06-2024 | Saat: 13:54
Bölmə:Karusel / Kriminal | çapa göndər
Bakıdakı 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri, həbsdə olan vəkil Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
QArabaginfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
İş üzrə şahid kimi ifadə verən zərərçəkmiş Könül Əliyeva bildirib ki, hələ də ona ödənməmiş əmək haqqı qalıb:
“Hesabatlarımızı büroya verirdik. Ödənilməyən əmək haqqımız qalıb büroda, orderləri büroya təqdim eləmişəm. Dedim ki, mənə 697 manat ödəniş qalıb, ödəyin. Dedilər, bunlar Sümbülə xanımın vaxtında olub, ona görə də ödəyə bilmərik. Heç bir şikayətim yoxdur, ancaq ödənilməyən məbləğin Dövlət Sosial Müdafiə Fonduna çatacaq hissəsini ödəsinlər, gələcəkdə təqaüd alanda hesablasınlar. Ümumilikdə 59 müqavilə üzrə pulumun bir hissəsi ödənilib".
Daha sonra iş üzrə digər zərərçəkmiş, hazırda vəkil işləyən Rauf Abdullayev ifadə verib. O ifadəsində deyib ki, Sümbülə Əliyevanı çoxdan tanıyır: "2007-ci ildən həmin büroda işləyirəm. Rauf müəllim təqaüdə gedəndən sonra Sümbülə xanım büronun müdiri oldu. 2018-ci ildə Sərdar müəllim müdir gəldi. O dedi ki, Sümbülə xanımın dövründə olan müqavilələri mənə gətirməyin, qəbul etmirəm. 60 müqavilə üzrə mənə 5140 manat ziyan dəyib deyirlər, ancaq müstəntiq özü bildiyi şeyləri yazdı. Mən deyə bilərəm ki, zərərçəkən deyiləm, şahidəm. Mənim heç bir iddiam yoxdur. Kollegiyadan da nəsə istəməyə hüququm yoxdur. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm, ancaq pulla bağlı hissəni təsdiq etmirəm".
Proses iyunun 6-da davam etdiriləcək.
İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir. Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.
Sümbülə Əliyeva bir çox tanınmış şəxsin vəkili olub. Onun cinayət işi üzrə məhkəmədən yayınması əsas gətirilərək ötən ay barəsində həbs qətimkan tədbiri seçilib.
Digər xəbərlər