“Jozep Borrelin Gürcüstan hakimiyyətinin qəbul etmək niyyətində olduğu xarici agentlər haqqında qanun layihəsi ilə bağlı tənqidi ölkənin işlərinə müdaxilədir”.
Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Borrel də daxil olmaqla, hər hansı bir avropalı siyasətçi parlamentin qəbul etdiyi qanunla bağlı bəyanat verdikdə, o, avtomatik olaraq siyasi debata daxil olur. Yəni bu gün Jozep Borrel siyasi müzakirələrə qoşulur. Qanun layihəsi nəzərdən keçirilməlidir ki, bu da demokratik prosesi nəzərdə tutur. Parlamentdə qanunu kənardan kimsə yox, siyasi partiyalar müzakirə edir. Təbii ki, bu, müdaxilədir”, – o bildirib.
Borrel Aİ Şurasının Lüksemburqda keçirilən iclasından sonra bildirib ki, Avropa ölkələrinin xarici işlər nazirləri görüşdə Gürcüstanda məlum qanun layihəsinin yenidən parlamentə təqdim edilməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onun sözlərinə görə, qanun layihəsi Avropa İttifaqının dəyərlərinə uyğun gəlmir.
Aprelin 17-də Gürcüstan parlamenti birinci oxunuşda prezident Salome Zurabişvilinin, müxalifətin və Qərb diplomatlarının etirazına səbəb olan xarici agentlər haqqında qanun layihəsini təsdiqləyib.