Tarix: 03-04-2024 | Saat: 10:54
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Ramazan orucunun savabını artıran əməllərdən biri də oruclu insanlar üçün iftar süfrələrinin təşkilidir”.
Bunu Qarabaqinfo.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, İlahiyyat İnstitutunun sabiq rektoru Ceyhun Məmmədov Ramazan ayının fəzilətlərindən danışarkən bildirib.
“İslamın bütün ibadətlərinin əsas qayəsi həm də ictimai faydaya nail olmaqdır. Məhəmməd Peyğəmbər (s) buyurub: “Kim bir orucluya iftar verərsə, oruclu qədər savab qazanar. Oruclunun savabından da heç nə əskilməz”.
Bu gün bu ənənə əksər müsəlman ölkələrində geniş yayılıb. Burada əsas məqsəd həm də insanlar arasında birlik və həmrəyliyi daha da gücləndirməkdir. Cəmiyyətin üzvləri arasında birlik və həmrəylik möhkəm olduqda dövlətlər daha güclü olur. Allah hər zaman dövlətimizi güclü və möhkəm etsin.
Odur ki, digər aylarda olduğu kimi, Ramazan ayında da imkansız insanlara imkanlarımız daxilində əl tutaq, onları iftar süfrələri təşkil edərək sevindirək. Bunu edə bilmiriksə, ən azı gücümüz çatan qədər ərzaq yardımı edək”, - deputat qeyd edib.
Xatırladaq ki, bu il Orucluq martın 11-də başlayıb.
Qafqaz Müsəlmanları İdarəsinin bu il üçün tərtib etdiyi Ramazan təqviminə görə, Qədr gecələri martın 28-nə, 30-na, aprelin 1-nə və 5-nə düşür.
Aprelin 10-u və 11-i Fitr bayramıdır.
Digər xəbərlər