Saytımızı qiymətləndirin


 
 

Bir şəklin tarixçəsi: “Sağlığında qiymət verin insanlara” deyən şairin AİLƏ DRAMI
Tarix: 12-03-2024 | Saat: 10:26
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bir şəklin tarixçəsi: “Sağlığında qiymət verin insanlara” deyən şairin AİLƏ DRAMI

 

Onun şeirlərindən olan məşhur kəlmələr dillər əzbəridir: “Ey həyat sən nə qəribəsən”, “Sızlar yada düşəndə ürəyimin telləri, o mehriban, o əziz tələbəlik illəri”, “Kaş millətdə ruh yaşasın”, “Tələsin insanlar əldən tutmağa, tələsin ömür edib sən yaşamağa”, “Sağlığında qiymət verin insanlara”, “Bu dünya düzələn deyil”, “Zirvələrin başı qarlı, meşələrin içi barlı, Ay kökünə etibarlı - bulaq suyu, dağ havası”....

Söhbət mərhum Xalq şairi Cabir Novruzdan gedir. Bu gün şairin doğum tarixidir. 1933-cü il martın 12-də Xızı rayonunun Upa kəndində dünyaya göz açan Cabir Novruz Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində silinməz iz qoyub.

Cabir Novruz həm də nəğməkar şair idi. Onun şerlərindəki harmoniya və musiqi bəstəkarların da diqqətini cəlb etmişdi. Cabir Novruzun şeirlərinə onlarla mahnı bəstələnib. Bu mahnılar illər keçsə də, köhnəlmir, yaddan çıxmır və daim müğənnilərin repertuarlarına daxil edilir.

Modern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasını bu dəfə mərhum Cabir Novruza həsr edib. Şairin ailə albomundan olan bu şəkildə həyat yoldaşı və oğlanları təsvir olunub.

Şəkildə Cabir Novruz oğlanları Vüqar (ortancıl-solda) və Müşfiqi (kiçik-sağda) qucağına alıb, böyük oğlu Mirzə isə anası Safura xanımın köksünə sığınıb.

Bu şəkil çəkiləndə yəqin ki, Cabir Novruz və ailəsi xoşbəxt idi. Bunu şairin övladlarına həsr etdiyi aşağıdakı misralar da təsdiqləyir:

Xoş gəlmisiz bu dünyaya, balalarım,
Sevinclərim, əzablarım, bəlalarım.
Siz gəldiniz bilirsiniz neylədiniz?
Oğul idim məni ata eylədiniz .
Salam mənim Mirzələrim, Vüqarlarım, Müşfiqlərim,
Evimizin çiraqları- işiqlarım.    
   

Cabir Novruz bu misraları yazanda yəqin ki, heç xəyalına gətirə bilməzdi ki, özü oğlanlarından çox yaşayacaq. Şair 2002-ci il dekabrın 12-də dünya ilə vidalaşanda 69 yaşı vardı.

Həyat yoldaşı Safura xanım 1988-ci ilin yayında son mənzilə yola salınanda oğlanları hələ sağ idi.

Valideynlərindən fərqli olaraq üç qardaşın heç biri 60 yaşa çata bilmədi... Onlar bir-birlərinin ardınca hələ gənc ikən dünyaya vaxtsız vida etdilər.

Cabir Novruzun böyük oğu Mirzə Novruzov 2007-ci ildə baş vermiş avtoqəzada həlak olanda 48 yaşında idi. Həmin vaxt o, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında baş məsləhətçi vəzifəsində çalışırdı. Daha əvvəl (2001-2005-ci illərdə) Abşeron Rayon İcra Hakimiyyətinin başçısı işləmişdi.

Ortancıl oğlu Vüqar Novruzov 2014-cü ilin iyun ayında 53 yaşında ikən qəfil ürəktutmasından dünyasını dəyişdi. O, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin mayor rütbəli əməkdaşı idi.

Ailənin sonuncu oğlu Müşfiq isə 2018-ci ilin iyun ayında 54 yaşında vəfat etdi. Müşfiq Cabiroğlunun da ölümünə qəfil ürəktutması səbəb oldu. Şair, publisist Müşfiq Cabiroğlu Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Müşviq Cabiroğlu Xalq artisti, mərhum aktyor Əliabbas Qədirovun kürəkəni idi.

Bu gün Cabir Novruzun özü dünyada olmasa da, şeirləri yaşayır...



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər