Saytımızı qiymətləndirin


 
 

Prezident seçkiləri tariximizə Zəfər seçkiləri kimi daxil oldu - Spiker
Tarix: 16-02-2024 | Saat: 13:50
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezident seçkiləri tariximizə Zəfər seçkiləri kimi daxil oldu - Spiker

“Ölkəmizin bütün ərazisində keçirilən növbədənkənar Prezident seçkiləri milli inkişaf tariximizə Zəfər seçkiləri kimi daxil olmuşdur. Xalqımız Azərbaycanın qüdrətli dünya dövlətinə çevrilməsində həlledici rolu olan liderinə sonsuz inam və etimadını bir daha ifadə etmiş, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi xəttin davam etməsini istədiyini bildirmişdir. Bu müdrik seçim bölgədə və dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir dövrdə Azərbaycanda səriştəli və məsuliyyətli rəhbərlik amilinin davamlılığını təmin edib”.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib. 


“Bizə qürur verən bir məqam da bundan ibarətdir ki, möhtərəm cənab Prezidentin andiçmə mərasiminin Milli Məclisdə keçirilməsi ənənə halını almışdır. Bu da dövlətimizin rəhbərliyi tərəfindən parlamentə verilən önəmi nümayiş etdirir. 


Fevralın 14-də andiçmə mərasimində söylədiyi nitqdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev ötən 20 ildən artıq dövrdə ölkəmizin keçdiyi inkişaf yolunu geniş təhlil etdi, bu dövrü uğur və qələbələrlə dolu olan illər kimi dəyərləndirdi, eyni zamanda, qarşıya çıxan çətinlikləri və problemləri, xüsusən Qarabağın azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası məsələsini xalqımızın yumruq kimi birləşərək həll etdiyini bildirib. Proqram xarakteri daşıyan dərin məzmunlu nitqində dövlət başçısı yeni tarixi dövrdə qarşıda dayanan vəzifələrə nəzər saldı, dövlətimizin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, işğaldan azad edilmiş torpaqların bərpası, sosial-iqtisadi inkişaf, texnoloji üstünlüyün təmin edilməsi, milli-mənəvi dəyərlərə sadiq olan gənc nəslin yetişdirilməsi, Azərbaycançılıq məfkurəsinin gücləndirilməsi və digər sahələrdə görüləcək işlərdən danışdı, xarici siyasət istiqamətində yeni üfüqlərin açılması zərurətini qeyd edib. 


Əminliklə söyləmək olar ki, möhtərəm cənab Prezidentin siyasi məharəti və səriştəsi, yaradıcı təfəkkürü və yenilməz əzmi dövlətimizin inkişafı naminə qarşıya qoyulan bütün hədəfləri əldə etməyə imkan yaradacaqdır. Milli Məclis isə dövlət başçısının uzaqgörən daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır”,- deyə sədr bildirib.



Xəbəri paylaş

180 dəfə oxunub.

Digər xəbərlər