Saytımızı qiymətləndirin


 
 

“Akıncı” hücum PUA-larının hansı xüsusiyyətləri var? –HƏRBİ EKSPERT
Tarix: 10-02-2024 | Saat: 11:48
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotsuz aviasiya parkı dünyanın bir neçə ölkəsində mövcud olan hücum PUA-larından birini silahlanmasına qəbul etdi. Bu, ordumuzun hərb tarixində imza atılan uğurlu silahlandırma faktlarından biridir.

Ali Baş Komandan İlham Əliyevin növbədənkənar prezident seçkiləri keçirildikdən iki gün sonra, eyni zamanda hərbi geyimdə HALE tipli uzun müddət havada qalaraq yüksək hündürlüklərdə vəzifələri icra edəcək və dünyanın yalnız dörd ölkəsində istehsal olunan bu “Akıncı” PUA-larını şəxsən idarə etməsi Azərbaycan və Türkiyəyə qarşı olan qüvvələrə açıq-aşkar göndərilmiş mesajdır.

Odur ki, “Akıncı” PUA-ları Azərbaycanın bəzi ölkələri çəkindirmə silahı olaraq dəyərləndirilməlidir. Bu PUA-lar digər vasitələrlə birlikdə döyüş əməliyyatlarında vəziyyətə radikal təsiretmə imkanlarına malikdir.

Bunu AZƏRTAC-a şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, “Akıncı” hücum pilotsuz uçuş aparatları “Bayraktar TB2” PUA-larının sonrakı nəslidir. Əgər “Bayraktar TB2”-lər taktiki PUA hesab edilirsə, “Akıncı” PUA-ları operativ, taktiki və strateji vəzifələrin yerinə yetirilməsi üçün nəzərdə tutulur. Bu, uça bilən kəşfiyyat-müşahidə PUA-ları Yüksək Hündürlük – Uzun Müddət Havada Qalma (HALE) sinfinə aiddir. Əvvəlki “Bayraktar”lar taktiki və orta hündürlüyə malik, uzun müddət havada qala bilən (MALE), “Akıncı”lar isə HALE sinfinə aiddir. Bu o deməkdir ki, “Bayraktar”lar havada orta yüksəklikdə uzun müddət qala bilirdi. “Akıncı”lar isə havada həm uzun müddət, həm də daha yüksək hündürlüklərdə vəzifələri icra edə bilir.

“Akıncı” PUA-sına bir çox yeni və Türkiyə istehsalı olan modullar, bloklar və sensorlar inteqrasiya edilib. Onlardan ən vacibi “ASELSAN” şirkətinin istehsalı olan “ASELPOD” optik elektron kamera kompleksidir. Gözdə tuşlama modulu da “Akıncı” PUA-larının lazerlə tuşlanan silahları və sursatları istifadə etmək imkanları yaradır.

Onun sözlərinə görə, hazırlanmasından cəmi 20 ay sonra silahlanmaya qəbul edilən “Akıncı” PUA-sı 2022-ci ildə Azərbaycan Ordusunun iştirak etdiyi Türkiyədə keçirilmiş “EFES-2022” çoxmillətli təlimlərində döyüş atışlarını icra edib. Bundan sonra isə o “Anadolu Qartalı-2022” beynəlxalq taktiki uçuş təlimlərində nümayiş olundu.

Bakıda keçirilmiş “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında da “Akıncı” PUA-ları həm Türkiyənin, həm də Azərbaycanın hücum aviasiya vasitələri ilə birlikdə möhtəşəm aviaşou təqdim etdilər. Hazırda Azərbaycan PUA-lar ixrac edən ilk ölkələrdən biridir. Ona görə yeni istifadəyə verilən PUA Akademiyasının ərazisində bu vasitələrin sınaqları keçirildi. Sınaqlar zamanı həmin ərazidə Azərbaycanın istifadəsində olan digər PUA-ların da mövcudluğu ondan xəbər verir ki, Azərbaycanda bütün pilotsuz aviasiya operatorlarının təlimi və sertifikatlaşdırılması məhz həmin hərbi hissənin ərazisində təşkil edilib.

Hərbi ekspert xatırladıb ki, daha əvvəl biz belə hərbi hissənin mövcudluğuna dair məlumatlara rast gəlmədiyimiz üçün bu hərbi hissənin də yeni olduğunu deyə bilərik: “Akıncı” PUA-larının ən mühüm üstünlüklərindən biri bu PUA-da istifadə olunan termal optik kameraların, lazer tuşlayıcılarının və digər sensorların Türkiyənin yerli istehsalı olmasıdır. Qardaş ölkənin “Baykar” şirkəti öz məhsulu olan hər bir vasitəni istənilən müttəfiq ölkəyə tədarük etməkdə sərbəstdir və onun kimsədən asılılığı yoxdur. Bu PUA-lar kifayət qədər böyük imkanlara malikdir. On iki kilometrdən yüksəkdə 24 saatdan çox havada qala bilən “Akıncı” idarəetmə stansiyasından 150 kilometrə qədər məsafədən idarə oluna bilir. Belə PUA-lar TÜBİTAK və “ROKETSAN” şirkətinin istehsalı olan bir sıra sursatlardan, qanadlı raketdən, “Gökdoğan” və “Bozdoğan” ağıllı bombalarından istifadə edə bilir. PUA-nın idarəetmə blokunda üç süni intellekt kompüteri mövcuddur. Bundan başqa, “Akıncı”ya müasir radarlar, kəşfiyyat blokları, infraqırmızı optik vasitələr və sair inteqrasiya olunub. 1350 kiloqram sursat daşıyan PUA-nın qanad açılımı 20 metrdir. Bu PUA-lar həm avtonom uçuş, həm də GPS siqnalları olmadan belə qalxma, enmə, yerüstü hərəkət və avtomatik parklanma imkanlarına malikdir”.

“Türkiyə ilə Azərbaycan arasında intensivləşən əlaqələr, “Akıncı” PUA-nın ölkəmizə verilməsi, azərbaycanlı generalların qardaş ölkənin milli müdafiə naziri Yaşar Gülərlə görüşməsi, xalqımızın yaxın dostu, Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akarın iki ölkənin orduları arasındakı əməkdaşlığın genişləndirilməsi barədə son bəyanatları onu göstərir ki, onların potensialını birləşdirmək üçün fəaliyyətlər artırılıb. Gələcəkdə ordularımızın istənilən ərazidə və iqlim şəraitində qarşıya qoyulan vəzifələri icra etməsi üçün birgə təlimlərin sayının daha da artırılması nəzərdə tutulur. Son zamanlar Azərbaycan Türkiyə ordu modelinə keçid istiqamətində çox ciddi addımlar atır, yeni hərbi hissələr formalaşdırılır, o cümlədən də yəqin ki, gələcəkdə “Akıncı”ların istifadə olunacağı minimum bir aviasiya eskadrilyası yaradılacaq və onun genişləndirilərək aviasiya hərbi hissəsi səviyyəsinədək qaldırılması tamamilə mümkündür.

Digər tərəfdən isə hesab edirəm ki, Azərbaycanla müttəfiq olan ölkələrin, təşkilatların iki qardaş dövlətin birliyinə marağı daha da artacaq. Bu əməkdaşlıq çərçivəsində Türk Dövlətləri Təşkilatının hərbi, hərbi-texniki sahədə əlaqələrinin yeni mərhələyə qədəm qoymasına şərait yaranacaq”, – deyə Ə.Verdiyev vurğulayıb.



Xəbəri paylaş

195 dəfə oxunub.

Digər xəbərlər