Tarix: 24-01-2024 | Saat: 16:52
Bölmə:Karusel / Təhsil | çapa göndər
Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasında 2018-2021-ci illər arasında Azərbaycanda fəaliyyət göstərən 11 universitetin məzunlarının əmək bazarındakı yeri ilə bağlı məlumatlar dərc edilib.
Qarabaqinfo.az-ın təqdim edilən məlumatlara əsasən apardığı araşdırmaya görə, sistemə 45 mindən artıq məzunun məlumatları daxil edilib.
Qeyd olunan məzunların 57%-ə yaxını, və ya təxminən 26 min nəfər işlə təmin olunub. 99 nəfər fərdi sahibkarlıqla məşğul olur, qalanı işlə təmin olunmayanlardır. Onu da qeyd edək ki, rəqəmlər həmin şəxslərin məzun olduqdan sonra iki il ərzində əmək müqaviləsi bağlayıb-bağlamadığı əsasında hazırlanıb.
Yəni işlə təmin olunan 26 min nəfər rəsmi əmək müqaviləsi ilə çalışanlardır. Şübhəsiz, əmək müqaviləsi olmayan məzunların da sayı yetəri qədərdir. Bu sayı müəyyən etmək mümkün deyil.
Sistemə daxil edilən şəxslər arasında iqtisadiyyat sahəsinə aid ixtisaslardan məzun olanlar çoxluq təşkil edir. Ən çox məzunu olan 10 ixtisasın 6-sı iqtisadiyyat (mühasibat uçotu, biznesin idarə edilməsi və sair), 4-ü müəllimlikdir.
Əmək müqaviləsi əsasında işlə təmin olunanlar arasında da iqtisadiyyat və müəllimlik ixtisasını bitirənlər çoxluq təşkil edir. Belə ki, 2018-2021-ci illərdə Azərbaycanın 11 universitetindən məzun olan və Dövlət Məşğulluq Agentliyinin sisteminə daxil edilən şəxslərin ixtisaslar üzrə bölgüsü və ixtisası üzrə iş tapması aşağıdakı kimidir:
- İqtisadiyyat ixtisasını 2768 nəfər bitirib, onların 1613 nəfəri ixtisası üzrə işlə təmin edilib.
- Maliyyə ixtisasını bitirən 2056 nəfərdən 1262 nəfər ixtisası üzrə əmək müqaviləsi əsasında iş tapıb.
- Bədən tərbiyəsi və idman ixtisasını 1669 nəfərdən 769-u ixtisası üzrə iş tapıb.
- Mühasibət uçotu və audit ixtisasını isə 1602 nəfər bitirib, onların 1014 nəfəri ixtisası üzrə işlə təmin edilib.
- Azərbaycan dili və ədəbiyyat müəllimliyini bitirən 1413 nəfərdən 622-si ixtisası üzrə əmək müqaviləsi əsasında iş tapıb.
Məzunları ən çox işə götürən qurum “Kapital Bank”dır. Belə ki, qeyd olunan illər ərzində məzun olan şəxslərdən 478 nəfəri bu şirkətdə çalışır. İşəgötürənlər arasında ikinci sırada Bakı Şəhər üzrə Təhsil İdarəsi durur. Belə ki, bu qurumun tabeliyində 414 nəfər əmək müqaviləsi əsasında işləyir.
İşəgötürənlər arasında ilk 10-luqda yer alan qurumlar arasında 5-i marketlər şəbəkəsi, 3-ü bank, ikisi isə dövlət qurumudur.
Növbəti yazıda ayrı-ayrı universitet məzunları barədə məlumatlar yer alacaq...
Digər xəbərlər