Saytımızı qiymətləndirin


 
 

Məhəmməd Əmin Rəsulzadə və mətbuat azadlığı...
Tarix: 13-01-2024 | Saat: 12:47
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

 

Məhəmməd Əmin Rəsulzadə və mətbuat azadlığı...
 
13 Yanvar 2024əmməd Əmin Rəsulzadənin ideoloji-nəzəri baxışları sistemində mətbuat azadlığı məsələsi xüsusi yer tutur. Onun demokratiyaya dair fikirlərini tədqiq etmiş müəlliflərin böyük əksəriyyəti bu mövzuya toxunmuş, bu və ya digər səpgidə təhlil etmişdir. Lakin Rəsulzadənin yalnız demokratiya deyil, ümumən ictimai-fəlsəfi görüşlərinin məhək daşı sayılacaq mətbuat azadlığı problemi ilk növbədə siyasətçi olan Rəsulzadənin bütün sənədlərində özünü jurnalist kimi təqdim etməsi fonunda onun həm də şəxsi məsələsi idi.

Məhz bu məqamdan çıxış edərək, Azərbaycanın tanınmış media xadimi və elmi fəaliyyətində də məhz media-mətbuat məsələləri üzrə mütəxəssis, BDU-nun Jurnalistika fakültəsinin professoru, filologiya elmləri doktoru Qulu Məhərrəmli yəqin ki, rəsulzadəşünaslıq sahəsində ilk dəfə mətbuat azadlığı mövzusunu ayrıca tədqiqat problemi kimi seçmişdir.

“II… Qiraətlər”ə təqdim etdiyi “Mətbuat azadlığı – demokratik dəyər kimi. Məhəmməd Əmin Rəsulzadənin siyasi-fəlsəfi baxışları kontekstində” adlı məqaləsində müəllif “Rəsulzadənin mətbu görüşünün formalaşdığı sosial-tarixi şərait” yarımbaşlığı altında Məhəmməd Əmin bəyin özünün jurnalist kimi yetişdiyi şəraitə - XX əsrin əvvəllərində Bakıdakı ictimai-siyasi mühitə və mətbuat aləminə kiçik bir tarixi ekskurs edir, sonra Rəsulzadənin izi ilə İrana gedir və onu məşhur “Mətbuat azadlığı” əsərini yazmağa sövq edən şəraiti və şərtləri göstərir.

İranda ilk Avropa tipli, yeni mətbuatın – “İranı nou” qəzetinin əsasını qoymuş Rəsulzadə onun təsisçisi və baş redaktoru kimi yeni mətbuatın əsas vəzifəsini cəmiyyəti doğru-dürüst məlumatlandırmaqda görməklə onun həm də tərbiyə etmək, maarifləndirmək funksiyalarını, eyni zamanda “ümumi siyasi təşkilatları təbliğata dəvət edən, ümuma nicat verən, siyasət üzərində nəzarətçi kütləvi təbliğat vasitəsi” kimi “ictimai fikri həyəcana gətirib formalaşdıran” missiyasını nəzərə çatdırır.

“Mətbuat niyə azad olmalıdır?” Rəsulzadənin bu sualı əsaslandıran bütün arqumentlərini nəzərdən keçirən Qulu Məhərrəmlinin gəldiyi nəticə: “Həmin məqalə o dövr üçün, elə bu gün də azad mətbuatın fəlsəfəsi, onun sosial missiyası, cəmiyyət-mətbuat münasibətləri, etik davranışlar və jurnalistin mənəvi-əxlaqi keyfiyyətləri haqqında ən dolğun fəlsəfi traktatlardan biridir. Həm də təkcə Azərbaycan mühiti üçün deyil, ümumən Avropa demokratik dəyərləri sistemində mətbuat azadlığının elmi-nəzəri və fəlsəfi əsaslarını təşkil edə biləcək fundamental əsərdir”.

Məqalənin bütün ruhundan müəllifin öz qəhrəmanının fikir və düşüncə dünyasında necə qərq olduğu görünür. Rəsulzadənin mətbuata senzuraya dair fikirlərindən: “...tarix “mətbuat senzurasının bünövrəsinin necə zülm, sitəm üzərində qurulduğunu kifayət qədər olmasa da, hər halda göstərir... Aydındır ki, milli əsarət də, elmi, ədəbi əsarətin tayıdır. Millətin azadlığı, düşüncənin azadlığıdır. Başqa mənada zülmü güclə aradan götürmək azadlığa bərabərdir. Azadlıqda inkişaf ilahi bəxşişdir” - təsirlənən müəllif geniş fəlsəfi düşüncə sahibi Məhəmməd Əmin bəyin əsərində “bu ilahi inkişafı bəxş edən mətbuat azadlığını”n cəmiyyətlər üçün çox əhəmiyyətli demokratik dəyər olduğu qənaəti ilə bütün varlığı ilə razılaşır.


Q.Məhərrəmli məqalə boyu Rəsulzadənin mətbuat haqqında fikirlərini nəzərdən keçirdikcə açıq formada olmasa da, istər-istəməz onu Azərbaycan mətbuatının bugünkü durumu ilə müqayisə edir və zənnimcə, o qədər də ümidverici nəticələr almır. Bu məqam onun Rəsulzadədən gətirdiyi seçmələrdən də aydın görünür. Müəllifin bu sahədəki tədqiqatlarının və Rəsulzadənin mətbuatla bağlı fikirlərinin toplanıb küll halında müasir oxucuya, xüsusilə media nümayəndələrinə təqdim edəcəyinə, belə bir əsərin isə hər bir vicdanlı Azərbaycan jurnalistinin stolüstü kitabı olacağına heç bir şübhəm olmadığını bildirməklə, bu kiçik təqdimatı Q.Məhərrəmlinin məqaləsindən çox önəmli bir hissə ilə bitirirəm:

“Tənqidi kobud, ədəbsiz və nalayiq olan yazılar – aşağı səviyyəlilər sırasına daxildir. Bu qəbildən olan mətbuata əxlaqca geri qalmış, tərbiyə görməmiş cəmiyyət üzvləri arasında, mədəni münasibətin nə olduğunu anlamayan yenicə ayılmış millət və yenicə ayaq tutmuş ölkələrdə təsadüf edilir”. Belə nəşrləri “ziyanlı mətbuat” adlandıran Rəsulzadə onların təqdim etdiyi pozğun yazıları cəmiyyətə əziyyət verən zəhər kimi qiymətləndirir. Xüsusən seçkilər zamanı pozğun mətbuatın siyasətə qoşularaq cəmiyyətin əxlaqına ziyan vurduğunu deyən müəllif göstərir ki, həqiqətləri danmaq, tənqidi yazıların qarşısını almaq, cəmiyyətin irəliləməsinə və zəhmətkeşlərin beynəlxalq əlaqələrinə mane olmaq üçün belə ziyanlı mətbuat varlıların əlində alətə çevrilir. “Pozğun qələmə alınan yazı, əsərlər həm əxlaqa, həm də tərbiyəyə böyük zərər yetirir. Öz xeyirləri üçün cürbəcür yalanlar, qərəzli qara fitnəkarlıq və iftiralar dərc edən mətbuat pozğun mətbuatdır, nəşrdir. Bu cür ədəbiyyat ancaq və ancaq pul qazanmaq naminə nəşr olunur, onların puldan başqa qayələri yoxdur. Belə mətbuatın səsi pul üçün çıxır, sakit olub susması da puldan asılıdır... Əxlaqsız qadın öz vücudunu hərraca qoyur, kim çox pul versə, onunla gedir. Pozğun jurnalist də özünü hərraca qoyur, qələminin və vicdanının ixtiyarını “səxavəti” çox olanların ixtiyarına verir”.

Böyük demokratın fikrincə, qəzetlərin etik çərçivədə davranması, cəmiyyət qarşısında məsuliyyət daşıması, öz üzərlərinə düşən tarixi vəzifələri dəqiq yerinə yetirə bilməsi üçün mətbuat mütləq azad olmalıdır”.
 



Xəbəri paylaş

1347 dəfə oxunub.

Digər xəbərlər