Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. aşağıdakı normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
1.1.1. dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsvirini, spesifikasiyasını, nümunəsini və verilməsi qaydasını;
1.1.2. dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi qaydasını;
1.1.3. dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısını, onların geyim formasını, fərqlənmə nişanlarının təsvirini və daşınması qaydasını;
1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanlarının təşkilini və keçirilməsini bu Sərəncamın 1.1.2-ci yarımbəndində nəzərdə tutulan qaydaya uyğun olaraq təmin etsin.