Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Dekabrın 8-də Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan iclasda şahid qismində Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin nəzarət və təftiş şöbəsinin müdiri vəzifəsində işləyib, polkovnik Rafael Xələfovun ibtidai istintaq zamanı verdiyi ziddiyyətli ifadələri elan edilib.
Rafael Xələfov istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 2019-cu ildə 2-ci ordu korpusunda maliyyə idarəsinin müfəttişləri – Həsən Paşayev və Süleyman Abbasov, nəzarət və təftiş şöbəsinin əməkdaşı Namiq Poladov yoxlamalar aparıblar. Onun ifadəsinə görə, yoxlama aparan şəxslər hərbi hissələrdə əlavə vəsaitlərin olmasını müəyyən ediblər və həmin vəsaitlər ona verilib. Qeyd edib ki, hərbi hissələrdən gətirilən pullar onun özü tərəfindən Nizami Məmmədova çatdırılıb.
Rafael Xələfov qeyd edib ki, yığılan pullar 5 min və 120 min manat arasında olub. O bildirib ki, Nizami Məmmədovun hərbi hissələrdə mənimsəmə faktlarından xəbəri olub. Şahidin sözlərinə görə, hərbi hissələrdən birində aparılan yoxlamalar zamanı əldə olunan vəsaitləri Həsən Paşayev 40 min, Süleyman Abbasov isə 60 min manatı ona verib, o da həmin pulları Nizami Məmmədova çatdırıb. Rafael Xələfov ifadəsində həmçinin ona 40 min manatın çatmasını da təsdiqləyib.
Məhkəmədə çıxış edən Rafael Xələfov elan olunan istintaq zamanı verdiyi ifadələrini təsdiqləyib. Amma o, ilkin izahatını təsdiq etməyib.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin suallarını cavablandıran şahid deyib ki, yoxlama və təftiş zamanı yığılan pulların 50 faizi Nizami Məmmədova çatıb, yerdə qalan pullar isə digər şəxslər arasında bölünüb.
Suallara cavab verən şahid deyib ki, 2-ci ordu korpusunda aparılan yoxlama zamanı 2 milyon 500 min manat yeyinti aşkar edilib. O deyib ki, təqsirləndirilən Bayram Bayramov Nizami Məmmədovun ən yaxın adamı olub.
İzahat verən Bayram Bayramov bildirib ki, onun Nizami Məmmədovla şəxsi münasibəti olmayıb, yalnız xidmətdə tabeçilik əlaqələri olub. Onun sözlərinə görə, yoxlamalar zamanı 950 min manatı Həsən Paşayevə verib: “Həsən Paşayev də həmin pulu Rafael Xələfova çatdırıb. İndi həmin vəsaitin 700 min manatı etiraf olunur. Qalan pulun kimə çatdığı bilinmir”.
Daha sonra çıxış edən Nizami Məmmədov deyib ki, yoxlama aparan və yoxlaması aparılan şəxsləri heç vaxt xidməti otağına çağırmayıb və onlarla söhbət etməyib: “Bu işlərlə Rafael Xələfov məşğul olub. Mən də ona inanmışam. Buna görə də başqa şəxslərlə söhbət aparmamışam. Bunu etsəydim, düzgün olmazdı. Bu nəzarətə nəzarət olardı. Mən Rafael Xələfova bu işlərdə inanmışam, ona hər şeyi etibar etmişəm. Nə biləydim ki, başımın altında ilan saxlayırmışam. Rafael Xələfov istintaq zamanı xarakterini, məhkəmədə isə tərbiyəsini göstərdi”.
Bu zaman generalla polkovnik arasında qısa mübahisə yaranıb. Mübahisə sakitləşdiriləndən sonra isə digər təqsirləndirilən Vüsal Əlizadə deyib ki, müxtəlif məbləğlərdə Rafael Xələfova pullar verib. Onun sözlərinə görə, həmin pulların verilməsini istintaq zamanı deməyib.
Hakim isə bu məsələnin ittihamın çərçivəsindən kənar olduğunu deyib. Bildirib ki, məhkəmədə yalnız verilən ittiham çərçivəsində işə baxılır.
Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə vəsatətlə çıxış edib. O bildirib ki, Rafael Xələfovun bir çox şahidlərlə əlaqəsi olub. Vəkil Rafael Xələfovun bütün məhkəmə iclaslarında iştirak etməsini, şahidlər ifadə verən zaman çarpaz dindirilmənin aparılmasını istəyib.
Bu məsələyə digər təqsirləndirilən şəxslərin vəkilləri də, həmçinin təqsirləndirilən şəxslərin özləri də razı olublar.
Amma müşavirə keçirən hakim heyəti Rafael Xələfovun hər bir iclasda iştirak etməsinin vacib olmadığını deyiblər. Bildiriblər ki, Rafael Xələfova suallar yaranarsa, o zaman onun məhkəməyə çağırılması müzakirə oluna bilər.
Daha sonra şahid qismində Emin Poladov ifadə verib. Ehtiyatda olan polkovnik rütbəsində olduğunu deyən Emin Poladov bildirib ki, 1-ci ordu komandanlığında maliyyə xidmətinin rəisi vəzifəsində işləyib. O bildirib ki, hərbi hissələrə ayrılan pullar xüsusi tapşırıqlar əsasında geri qaytarılıb.
Daha sonra Rafael Xələfovla Emin Poladov arasında olan üzləşmə protokolu elan edilib. Üzləşmə zamanı Emin Poladov üç dəfəyə Rafael Xələfovun tapşırığı ilə Rövşən Əliyevə 550 min manat verib. Daha sonra 2020-ci ildə Teymur Teymurova yoxlamaların sonunda 568 min manat verib.
Bundan sonra hərbi hissələrdə maliyyə xidmətinin rəisi işləmiş Qalib Kərimov ifadə verib.
Növbəti iclas dekabrın 15-də davam edəcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. (Teleqraf.com)