Saytımızı qiymətləndirin


 
 

Bakıda idman avtomobillərinin sərgisi olub - Video
Tarix: 06-12-2023 | Saat: 17:56
Bölmə:Karusel / İdman | çapa göndər

bakida-idman-avtomobillerinin-sergisi-olub

Bakıda keçirilən Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclası və FIA Prize-Giving Ceremony-Mükafatlandırma mərasimi günlərində paytaxt sakinləri və qonaqların diqqətini cəlb edən tədbirlərdən biri də FIA-nın yarışlarında qalib gələn avtomobillərin sərgisi olub.

Qarabaginfo.az xəbər verir ki, sərgi FIA-nın tədbirlərinin keçirildiyi məkanlardan biri - Heydər Əliyev Mərkəzinin qarşısında baş tutub. 

Azərbaycan Avtomobil Federasiyasının (AAF) vitse-prezidenti Fərid Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu, avtomobil idmanı sahəsində ən gözlənilən tədbirlərdəndir: “Sevindirici haldır ki, ötən il Beynəlxalq Avtomobil Federasiyasının üzvləri il yekunu tədbirinin seçilməsi üçün Bakını seçdilər və bu il bizim tədbirimizdə dünyanın 128 ölkəsindən milli federasiyalar fəal şəkildə iştirak edirlər. Belə bir möhtəşəm tədbirin Bakıda keçirilməsi Azərbaycanda avtomobil idmanının inkişafına çox böyük töhfə verəcək”. 

https://youtu.be/sqEDnrukQEU

Onun sözlərinə görə, sərgidə 2023-cü ildə Formula 1, Dünya Ralli Çempionatı (World Rally Championship), Dünya Ralli-Raid Çempionatı (World Rally-Raid Championship (W2RC), FIA Dünya Dözümlülük Çempionatı (FIA World Endurance Championship), Dünya Rallikross Çempionatında (World Rallycross Championship) qalib pilotların idarə etdiyi avtomobillər nümayiş etdirilib. 

Avtomobil idmanı həvəskarları sərgidə bir daha həmin yarış həyəcanını yaşamaq imkanı qazanmış olub. 

Azərbaycan Avtomobil Federasiyasının tədbirinə cəlb olunan RİİB könüllülüləri də bu cür mötəbər tədbirin bir parçası olduqlarına görə sevinc hissi keçirdiklərini bildiriblər. Onlar avtomobil idmanının ölkəmiz üçün çox önəm daşığını vurğulayıblar. 

Qeyd edək ki, FIA həftəsi çərçivəsində məşhur pilotlar da FIA Prize-Giving Ceremony-Mükafatlandırma mərasimində iştirak etmək üçün Bakıya gələcək. 
Xatırladaq ki, dekabrın 5-dən 8-nədək Bakı ilk dəfə olaraq Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclası və avtomobil idmanı sahəsində ən gözlənilən tədbirlərdən biri olan FIA Prize-Giving Ceremony-yə ev sahibliyi edir. 

Tədbirdə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları Azərbaycanda bir araya gəliblər. 
Qonaqlar FIA həftəsi çərçivəsində avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə edirlər. Ümumilikdə, Federasiyanın Bakı tədbirlərində 128 ölkədən gələn nümayəndə, klub təmsilçiləri, həmçinin onlayn şəkildə tədbirə qoşulan nümayəndələr iştirak edir.  

Azərbaycan Avtomobil Federasiyasının tərəfdaşlığı ilə keçirilən FIA həftəsi bu günlərdə bütün avtomobil həvəskarlarını, o cümlədən könüllüləri öz ətrafında birləşdirib. 

Qeyd edək ki, son illər Azərbaycanda avtomobil idmanının inkişafı üzrə bir sıra layihələr keçirilir. Bakı dünyanın ən nüfuzlu idman yarışlarından biri – Formula 1 Azərbaycan Qran-Prisinə uğurla ev sahibliyi edir və bu idman həvəskarlarını paytaxtımızda toplayır. 

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı və təşəbbüsü ilə son illər avtomobil idmanının inkişafı, avtomobil idmanının gənclər arasında təbliği baxımından da bir sıra layihələr həyata keçirilir, müxtəlif avtomobil idmanı yarışları təşkil olunur, avtomobil tarixinin öyrənilməsi məqsədilə avtomobil sərgiləri keçirilir, yol hərəkəti təhlükəsizliyi ilə bağlı bir sıra tədbirlər görülür, təlimlər keçirilir, bununla bağlı maarifləndirici nəşrlər hazırlanaraq yayımlanır. Azərbaycanda pilotların hazırlanması, azərbaycanlı təmsilçilərin digər ölkələrdəki yarışlarda iştirakı da avtomobil idmanının inkişafının təsdiqidir.

 




















Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər