Tarix: 21-09-2020 | Saat: 18:36
Bölmə:Karusel / Siyasət | çapa göndər
Birləşmiş Millətlər Təşkilatının (BMT) 75 illiyi münasibətilə yüksək səviyyəli görüş keçirilir.
Qarabaginfo.az xəbər verir ki, görüşün açılış mərasimində çıxış edən BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkır ötən illər ərzində beynəlxalq təşkilatı dəstəkləyən hər kəsə təşəkkür edib.
Bozkır bildirib ki, 75 il əvvəl İkinci Dünya müharibəsindən sonra bünövrəsi qoyulan platformanın əsas məqsədi beynəlxalq addımları harmoniya içərisində həyata keçirmək olub.
Baş Assambleyanın Prezidenti əlavə edib ki, sülh, təhlükəsizlik, insan hüquqları və inkişaf BMT-nın əsas təbliğ etdiyi sahələr olub və bunlar bir-biri ilə sıx bağlıdır: “BMT-nin barışıq missiyaları dünyanın müxtəlif regionlarında sülhə nəzarət edir, təşkilatın siyasi missiyaları müxtəlif münaqişələrə davamlı həll yolu tapmaq üzərində yorulmadan çalışırlar. BMT-nin müəyyənləşdirdiyi normalar beynəlxalq mühitin tənzimlənməsinə dəstək verir”.
Onun sözlərinə görə, bu gün dünya müxtəlif ortaq problemlərlə üzləşir ki, bunlardan iqlim dəyişikliyi, texnologiyanın yaratdığı fəsadlar, pandemiya xüsusi vurğulanıb: “Üzv dövlətlər qlobal problemləri ciddi şəkildə qəbul etməli, öz resurslarını bu istiqamətə yönəltməli və bununla bağlı siyasi iradə göstərməlidirlər. İndi hərəkət zamanıdır”.
Daha sonra BMT-nin Baş katibi Antonio Quterreş çıxış edib. O deyib ki, sülh, ədalət və bərabərlik BMT-nin əsas qayəsidir. BMT-nin bu günə qədər bir sıra uğurlara imza atdığını deyən A. Quterreş bundan sonra da görüləcək bir çox işlərin olduğunu bildirib.
O qeyd edib ki, bu gün dünyada yoxsulluq səviyyəsi, etnik nifrət artıb, ölkələr nüvə silahları hazırlayır və son ildə meydana çıxan pandemiya dünyanın necə kövrək olduğunu göstərir: “Bütün bunlara görə biz daha çox ambisiyalı olmalı, açıq baxış ortaya qoymalıyıq, ümumi dəyərlərimizə söykənərək, birgə məsuliyyət nümayiş etdirərək dünyamızın üzləşdiyi problemlərə qarşı həll yolları tapmalıyıq”.
Virtual formatda keçirilən görüşdə digər yüksək səviyyəli rəsmilər və gənc aktivistlər də çıxış edib.
Digər xəbərlər