Tarix: 29-11-2023 | Saat: 12:01
Bölmə:Karusel / Sosial | çapa göndər
Azərbaycanda hərbi qulluqçuların pensiyaya çıxa bilməsi üçün tələb edilən xidmət müddətinin artırılması pensiyaçılarla bağlı məsələləri yenidən gündəmə gətirib.
Qeyd edək ki, Milli Məclisə hərbçilərin pensiya təminatı ilə bağlı qanun layihəsi daxil olub. Layihədə "Hərbi qulluqçuların statusu haqqında", ""Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası qanunlarında dəyişiklik nəzərdə tutulur.
Dəyişikliklər arasında hərbi qulluqçuların pensiyaya çıxa bilməsi üçün tələb edilən xidmət müddətinin artırılması daha çox diqqət çəkir. Belə ki, indiyədək hərbi qulluqçular 20 il hərbi xidmət keçəndən sonra pensiyaya çıxmaq hüququ əldə edirdilər. Qanun layihəsinə təklifdə həmin müddətin beş il artırılaraq 25 ilə çatdırılması nəzərdə tutulur. Başqa deyimlə, qanuna dəyişiklik təklifi qəbul edildikdən sonra hərbi qulluqçular pensiyaya çıxmaq üçün indiki ilə müqayisədə beş il daha çox işləməli olacaqlar. Qanun layihəsinin gələn il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Hərbçilərin pensiyaya çıxa bilməsi üçün nəzərdə tutulan xidmət müddətinin artırılmasına dair rəsmi açıqlamada bu addım "hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək" ilə əlaqələndirir.
2017-ci ildə ölkədə pensiya yaşı artırılmış və 65-ə çatdırılmışdı.
Maraqlıdır, hazırda ölkədə nə qədər pensiyaçı var?
Qarabaginfo.az saytı pensiyaçıların sayı ilə bağlı Dövlət Statistika Komitəsindən rəsmi məlumat əldə edib.
Komitədən bildirilib ki, 2023-cü il oktyabrın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1.094.600 nəfər pensiyaçı qeydiyyatda olub.
Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,2 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,2 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Statistika Komitəsinin məlumatında bildirilib ki, təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,7 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 17,3 faiz artaraq 436,3 manat təşkil edib və orta aylıq əməkhaqqının 47,4 faizinə bərabər olub.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub.(modern.az)
Digər xəbərlər