Saytımızı qiymətləndirin


 
 

“Xarici qüvvələr sülh sazişinin imzalanmasını ləngitməyə çalışır” –ZƏRDÜŞT ƏLİZADƏ
Tarix: 24-11-2023 | Saat: 17:29
Bölmə:Karusel / Siyasət | çapa göndər

Noyabrın 30-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşü keçiriləcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd olunub ki, əldə olunan razılaşmaya əsasən, noyabr ayının 30-da Azərbaycan ilə Ermənistan arasında sərhəd bölgəsində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti 5-ci iclası keçiriləcək.

Ermənistandan verilən davamlı sülh bəyanatları fonunda delimitasiya üzrə komissiyanın iclasının keçirilməsi sülh sazişi ilə bağlı gözləntiləri artırır. Uzun müddətdən sonra Komissiyanın iclasının keçirilməsi qərarının hər iki tərəfdən qəbul edilməsi noyabrın 30-dakı görüşdə nəticəyə ümid yaradır.

Qarabaginfo.az xəbər verir ki, məsələ ilə bağlı Azpost.info-ya danışan politoloq Zərdüşt əlizadə isə deyib ki, tələsik nəticə çıxarmaq olmaz: “Müsbət nəticənin əldə olunacağını demək doğru deyil. Nəzərə almaq lazımdır ki, bu, dediyiniz kimi, beşinci görüşdür. Yəni bundan əvvəl də görüşlər keçirilib, müzakirələr aparılıb. Bu da növbəti görüşdür. Delimitasiya, demarkasiya işləri elə də asan deyil, bir gündə, bir ayda, yaxud bir ildə həll olunan məsələ də deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Gürcüstan arasında hələ də delimitasiya problemi qalmaqdadır”.

“Görüşlərin keçirilməsi özlüyündə vacibdir. Dialoqun, danışıqların bərpa olunması yaxşı xəbərdir. Bütün görüşlər, müzakirələr sülh sazişini yaxınlaşdıran amil sayılır. Bu mənada sərhədlə bağlı Komissiyanın iclasının keçirilməsi yaxşıdır. Amma yenə deyirəm, tələsik nəticə çıxarmayaq”, – deyə Əlizadə söyləyib.

Siyasi şərhçinin qənaətincə, sülh sazişinin imzalanmasına hər gün bir qədər də yaxınlaşılır: “Bunu tərəflərin bəyanatlarından da görmək olar. Azərbaycanın mövqeyi bəllidir, şərtlərini təqdim edib. Güman ki, Bakının bu şərtlərində dəyişiklik gözlənilmir. İrəvandan da son günlər verilən sülh bəyanatlarının sayı çoxalıb. Yəni ki, proses gedir. Sərhədlə bağlı, kommunikasiyalarla bağlı müzakirələrin keçirilməsi, görüşlərin olması sülh prosesinin irəliyə aparılmasına təkan verir”.

“Əvvəl-axır sülh sazişi imzalanmalıdır və imzalanacaq. Bunu hər iki tərəf yaxşı anlayır. Çünki hər iki tərəf bilir ki, bölgənin inkişafı, tərəqqi sülhdən, əmin-amanlıqda yaşamaqdan keçir. Müqaviləni imzalamağa bəzi amillər müəyyən əngəllər törədir. Müəyyən xarici qüvvələr də öz maraqları naminə prosesi ləngitməyə çalışırlar. Amma sonunda sülh sazişi olmalıdır. Çünki sülhün alternativi müharibədir ki, savaş da heç kimə sərf etmir – nə Azərbaycana, nə Ermənistana, nə də maraqlı qüvvələrə”, – analitik fikrini tamamlayıb.



Xəbəri paylaş

1105 dəfə oxunub.

Digər xəbərlər