Saytımızı qiymətləndirin


 
 

Ərdoğan Azərbaycanla bağlı daha bir mühüm sazişi təsdiqlədi
Tarix: 11-11-2023 | Saat: 12:13
Bölmə:Karusel / Region | çapa göndər

erdogan-azerbaycanla-bagli-daha-bir-muhum-sazisi-tesdiqledi

Azərbaycan Türkiyədə bu ilin əvvəlində baş verən güclü zəlzələlər nəticəsində böyük dağıntılara məruz qalmış Kahramanmaraş vilayətində inşaat işləri həyata keçirəcək. Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycan hökumətinin yaşayış binaları və sosial infrastruktur obyektləri tikməsini nəzərdə tutan sazişi təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə qərar “Rəsmi Gazete”də yayımlanıb.

Sənəddə qeyd olunur ki, Azərbaycan Kahramanmaraş vilayətində baş verən zəlzələdən zərərçəkmiş bölgələrin birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikəcək. Sazişə əsasən, Azərbaycan hökuməti layihənin reallaşması üçün 100 milyon ABŞ dolları ayıracaq. Sənəd 2 il müddətinə qüvvədə qalacaq.

Əməkdaşlıq sazişi çərçivəsində işi icra edəcək qurumlar Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim dəyişikliyi Nazirliyinin Mənzil İnkişaf İdarəsi (TOKİ) və Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) olacaq. Hər iki qurumun məsul şəxslərindən ibarət İşçi Qrup formalaşdırılacaq. Tikinti və işçi layihələri TOKİ hazırlayacaq.

Məlumat üçün bildirək ki, “Azərbaycan və Türkiyə arasında Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikintisi barədə əməkdaşlıq haqqında” saziş 2023-cü il sentyabrın 25-də Naxçıvanda imzalanıb. Sənədi Azərbaycan tərəfdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Türkiyə tərəfdən isə ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki imzalayıblar.

Xatırladaq ki, Türkiyənin Kahramanmaraş vilayətində bu il fevralın 6-da 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub. Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyədə təbii fəlakət nəticəsində 50,5 min nəfər həyatını itirib.



Xəbəri paylaş

1157 dəfə oxunub.

Digər xəbərlər