Saytımızı qiymətləndirin


 
 

Qaranlıq Ağdam AZADLIĞIN İŞIĞINDA
Tarix: 15-03-2021 | Saat: 12:28
Bölmə:Karusel / Qarabağ / Yazar | çapa göndər

Qaranlıq Ağdam AZADLIĞIN İŞIĞINDA

İşğaldan azad olunan Ağdam şəhərindən geri dönürük. Hava yavaş-yavaş qaralır. Erməni faşizminə məruz qalan “xarabalığa çevrilmiş ərazi” deməyə dilimiz gəlməyən doğma yurdumuza baxdıqca insanın gözü qaralır. Ən yaraşıqlı evlərə malik Ağdamdakı binaların pəncərəsi, qapısı, daşı belə sökülüb. 30 ilə yaxındı insan nəfəsinə həsrət qalan dağılımış evlərin içərisində işğal tarixi ilə yaşıd ağaclar boy atıb. Həyətyanı bağçalardakı ağaclardan fərqli olaraq işğalla eyni yaşda olan bu ağaclar sanki kimsəsiz qalan evlərə nəfəs vermək üçün elə həmin gündən mənzillərin içərisində kök salıblar... Düşmən mümkün olan hər şeyi, işıq dirəklərini də söküb aparıb.

...Bərdə rayonunun işıqları görünən kəndlərinə yaxınlaşırıq, zülmət qaranlıq Ağdamsa arxada qalır. Bir anlıq geri dönüb tərk etmək istəmədiyin, hazırda yaşayış üçün bütün imkanlardan məhrum olmasına baxmayaraq, daşını qucaqlayıb yatmaq, ayrılmaq istəmədiyin Ağdama baxırsan! Sərhəd tanımayan erməni barbarlığına düçar olan, ən xırda infrastrukturu belə olmayan yurdumuzun üzərində həmişə parlayacaq, sönməyəcək AZADLIQ işıgı var! Bu işıqla nurlanıb O! Nə qədər dağılsa da, qüruru, tarixi, bütün keçmişi tapdansa da AZADLIQ işığında bərq vurur sevgili yurdumuz!

Qayıdıb sənin əsl sahiblərin- yaranı, sızlayan hər qarışını öpüb bağrına basmaq üçün. Pənahəli xanın, Natəvanın, Mehdiqulu xanın, 1918-ci ildə Ağdama səfər edən, burada Azərbaycan bayrağını qaldıran, sonra Şuşaya doğru hərəkət edən türk generalı Nuru Paşanın, uğrunda canından keçən 5897 şəhidimizin ruhu şaddır bu gün!

Geri döndükcə yol boyu bir günlük, amma bir ömür yaddan çıxmayacaq səfərin təsirindən ayrılmaq olmur. Başqa mövzulardan danışsaq da, göz önündən getmir Ağdam. Ayıla bilmirsən gördüklərindən...

Öncədən müəyyən olunmuş yolla gedirsən Ağdama. Kənara bir addım atmaq mümkün deyil, minalanıb hər yer. Əzabdı bunun özü... Faşist xislətli düşmən ən sonuncu namərdliyini törədib gedib, hər qarışına mina döşəyib Ağdamın. Yoldan kənara çıxıb 30 ilə yaxındır həsrət qaldığın müqəddəs torpaqda sərbəst gəzmək, qoxlamaq istəsən də, bunun mümkünsüzlüyü sıxır insanı. Çəkilmiş lentlər, minalanmış ərazi sözləri kəsir qarşını...

Kənarda minatəmizləyən heyətə baxdıqca, bu işin nə qədər çətin olduğunu, partladılan minanı canlı izlədikcə müharibənin dəhşətlərini bir daha anlayırsan.

Ağdama gedəndə minalanmış ərazilərlə yanaşı, ən çox diqqət çəkən məqam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamlarının mürəkkəbliyidir. Bura bir neçə müdafiə xəttindən ibarət olmaqla, müasir standartlar tətbiq edilməklə hazırlanıb. Dərk edirsən ki, bu səddin keçilməsi ciddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi. Məhz Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü bu variantı heçə endirdi. Ermənistan kapitulyasiyaya, Laçın və Kəlbəcərlə yanaşı, Ağdamı boşaltmağa məcbur qaldı. Həyata keçirilən qətiyyətli siyasət mürəkkəb müdafiə sisteminə malik ərazilərin heç bir itki vermədən, döyüşsüz azad edilməsinə şərait yaratdı.

Ağdama yaxın kəndlərin təkcə adı qalıb. Hər yer sökülüb dağılıb, məzarlıqlar yerlə-yeksan edilib. Düşmən nə qədər tarixi izləri itirməyə çalışsa da, səfərimiz boyu əslən Ağdamdan olan insanların daşlaşmış xatirələri bələdçimiz olur. Hansı qəbrin harada olduğu belə unudulmayıb; qürur qarışıq göz yaşlarına boğulan bu insanlar Ağdamın kəndlərinin tarixini danışır bizə...

Nəhayət, Ağdam şəhərinə çatırıq. Və erməni vəhşilyinin, barbarlığının ən iyrənc üzü ilə qarşı-qarşıya dayanırsan. Boğulursan, düşmənin beləsinə ən ağır şəkildə lənət yağdırırsan... Heç bir ölçüyə gəlməyən vəhşiliyə məruz qalıb Ağdam! Yeğanə tam sökülməyən Qarabağın XIX əsr dini memarlığının monumental örnəklərindən biri olan Cümə məscididir. 1868-1870-ci illərdə bu dövr Qarabağ memarlığının aparıcı sənətkarı, memar Kərbəlayi Səfi Xan Qarabaği tərəfindən ucaldılan məscidə daxil olanda dəhşətə gəlməmək mümkün deyil. İfadə etməsi nə qədər çətin olsa da, ağır qoxunun nə olduğu dərhal anlaşılır. Burada işğal dövründə donuz saxlayıb düşmən. Və hələ də divarlardan düşmənlə eyni yaşayış tərzinə malik donuzun iyi gəlir. İnsanlığın ən şərəfsiz forması! Və təəssüf ki, buna dünya, bir sıra müsəlman ölkələri susqun yanaşır...

Faşist xislətli düşmən bu müqəddəs yerdən həm də bir növ oriyentir, ərazidə səmti müəyyənləşdirmək üçün istifadə edib. Əgər Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər. Bu səbəbdən məscid yeganə dağıdılmayan tikili kimi qala bilib. Amma düşmənin ürəyi bununla soyumayıb, ibadət yerində adı özü ilə bərabər çəkilən heyvan bəsləyib.

Ağdamda ən dəhşətli mənzərə Şəhidlər Xiyabanındadır. Ermənilər qəbirləri söküb, buradakı meyitləri yoxa çıxarıblar. Boş məzar yerləri insanda qorxunc və heyrət qarışıq hisslər yaradır. Bu vəhşilik bəşəriyyətdə nadir rast gəlinə bilən bir hadisədir! İnsan qəbri sökməyə qədər şərəfsiz duruma niyə düşsün ki?! Bu heç bir düşmənçilik, insanlıq kriteriyalarına uyğun gəlmir axı!?

Qəribə versiyalar səslənir burada: ermənilər qəbir daşlarını söküb satıblar, meyitlər çıxarılarkən insanların qızıl dişlərini söküblər, şəhid məzarları bilə-bilə yox edilib və s. Bütün hallarda bunu bir adı var; dünyada nadir rast gəlinən faşizm!

Rayonda proqrama uyğun gəzdikcə mənzərə dəyişmir: düşmən hər yeri insanlığa yad nifrətə bürünərək dağıdıb. Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biri olan Ağdamın bütün infrastrukturu, məşhur bunaları, memarlıq inciləri, dini ibadətgahları yerlə bir edilib. Tək-tük salamat qalan abidələrin, məsələn Şahbulaq qalasının erməniləşdirilməsi isə mümkün olmayıb. Bu tarixi abidənin hər qarışında yenə də Azərbaycan ətri var!

Ağdamda səfərdə olmuş xarici jurnalistlər buranı Qafqazın “Xirosimo”su adlandırmışdılar. Azərbaycan dövlətinin iqtisadi qüdrəti tezliklə düşmənin tamamilə məhv etdiyi Ağdam rayonunu öz tarixi simasına qovuşduracaq və erməni barbarlarının əl işi olan Qafqazın “Xirasimo”sunın görüntüləri ancaq şəkillərdə qalacaq. Ola bilər ki, Ağdamın erməni vəhşiyinin izlərini əks etdirən siması saxlanılsın, şəhər yaxın yerdə yenidən qurulsun. Və ya Ağdam elə mövcud yerində yenidən bərpa olunsun. Bütün hallarda hamı əmindir ki, başlanan bərpa işləri digər azadlığına qovuşan ərazilərimiz kimi bu rayonun da tezliklə dirçəldilməsinə gətirib çıxaracaq!

Sonda Allaha dönə-dönə şükür etmək qalır. 16 yaşında idim Ağdam işğal olunanda. Görməmişdim. Bu möhtəşəm, hər daşı tarix olan yurd yerimizin şəkillərinə baxmışdım yalnız.

İndiki dağılımış, viran edilmiş, amma qürurunu itirməmiş halına qurban Vətən! Bizə bu günü yaşadanlara həmişə borcluyuq! Dünyada qürurla gəzməkdən, bütövləşən Azərbaycanın vətəndaşı olmaqdan gözəl hiss ola bilərmi?!

Elman Babayev

Əməkdar jurnalist

Qaranlıq Ağdam AZADLIĞIN İŞIĞINDA


Xəbəri paylaş

1420 dəfə oxunub.

Digər xəbərlər