Tarix: 28-10-2023 | Saat: 14:03
Bölmə:Karusel / Siyasət | çapa göndər
BMT Baş Assambleyası oktyabrın 27-də Qəzzada vəziyyət barədə qətnamə qəbul edib.
Qarabaginfo.az xəbər verir ki, “Mülki əhalinin müdafiəsi, hüquqi və humanitar öhdəliklərə riayət edilməsi haqqında” qətnamə Qəzzada davam edən böhranla bağlı qəbul olunub.
Qətnamənin qəbul olunmasını lehinə 120 ölkə səs verib. 14 ölkə qətnamənin əleyhinə çıxıb, 45 ölkə bitərəf qalıb.
HAMAS-ın oktyabrın 7-də qəfil hücumundan sonra bölgədə ağır toqquşmalar baş verir. Həm İsrail, həm də HAMAS qarşılıqlı olaraq müxtəlif ağır silahlarda istifadə edir. Qəzza zolağında yaranmış vəziyyət dünyanı iki yerə bölüb. Bəzi ölkələr İsraili, bəzi ölkələr isə Fələstini dəstəkləmə mövqeyi tutub. Hadisələrin gedişində Azərbaycanın da ünvanına yersiz ittihamlar ortaya çıxıb. Bəzi dairələr Azərbaycanı İslam həmrəyliyi nümayiş etdirmədiyi, İsraillə mübarizədə Fələstini dəstəkləmədiyi barədə əsassız ittihamlar səsləndirir.
Lakin rəsmi Bakı bu ittihamların əsassız olduğunu dəfələrlə nümayiş etdirib. Azərbaycan uzun illərdir, bu münaqişənin həll yolu kimi iki dövlət prinsipini dəstəklədiyini, başqa sözlə, Fələstin Dövlətinin tanınmasının tərəfdarı olduğunu müxtəlif səviyyələrdə bəyan edib. Özü də burada söhbət təkcə İslam həmrəyliyindən deyil, həm də beynəlxalq hüquqdan gedir. Azərbaycan həm də beynəlxalq hüququn aliliyini qəbul edərək, iki dövlət prinsipindən çıxış edir. Çünki BMT-nin də İsrail-Fələstin münaqişəsi ilə bağlı iki dövlət prinsipinin məqbul olmasına dair qətnaməsi var.
Oktyabrın 27-də BMT Baş Assambleyasının qətnaməsinin müzakirəsi zamanı da Azərbaycan İslam həmrəyliyinə öz sadiqliyini bir daha nümayiş etdirdi, İslam dünyasının yanında olduğunu açıq göstərdi və ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlara layiqli cavabını verdi.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycan eyni mövqeyini İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələrlə bağlı İslam Əməkdaşlıq Təşkilatı İcraiyyə Komitəsinin oktyabrın 18-də nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında da ortaya qoyub.
Xarici işlər naziri Ceyhun Bayramov iclasda çıxışı zamanı bəyan edib ki, Azərbaycan hər zaman İslam həmrəyliyinə sadiq qalıb.
Nazir ölkəmizin Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəklədiyini qeyd edib, Azərbaycanın beynəlxalq hüquq normaları, habelə müvafiq BMT qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdar olduğunu qeyd edib.
Azərbaycanın Fələstin Dövlətinə dəstək verdiyini göstərən çoxlu fakt sadalamaq olar. Bu xüsusda Azərbaycanın Fələstinli qaçqınlara dəstək məqsədilə BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə yardımı ayırmasını vurğulamaq olar.
Bundan başqa, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə Fələstin probleminə xüsusi diqqət yetirib, Hərəkatın Fələstin üzrə Nazirlər Komitəsinin işinin gücləndirilməsi istiqamətində səylər göstərib.
Əslində, bu siyahını uzatmaq da olar. Lakin əsas vurğulanmalı məqam odur ki, Azərbaycan İslam həmrəyliyinə hər zaman sadiqlik nümayiş etdirib. Eyni sadiqlik Fələstin məsələsinə münasibətdə də açıq şəkildə ortadadır.
Digər xəbərlər