Saytımızı qiymətləndirin


 
 

Qarabağda gizlənən terrorçular belə ZƏRƏRSİZLƏŞDİRİLƏCƏK
Tarix: 12-10-2023 | Saat: 14:02
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Qarabağda gizlənən terrorçular belə ZƏRƏRSİZLƏŞDİRİLƏCƏK

Prezident İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərini qəbul edərkən Qarabağla bağlı hazırkı vəziyyətdən danışıb. Dövlət başçısı çıxışı zamanı Qarabağdakı meşələr və dağlıq ərazilərdə silahlı quldurların, terrorçuların gizləndiyini bildirib.

"Bu gün ərazilərin quldur dəstələrindən təmizlənməsi prosesi gedir. Bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur. Sentyabrın 20-dən sonra Qarabağda hərbi təxribatlar törədildi. Ərazi kifayət qədər böyükdür, dağlıqdır, meşəlikdir, buna görə də bizə ərazini quldur birləşmələrindən tamamilə təmizləmək üçün vaxt lazım olacaq". 

Qarabağda gizlənən erməni terrorçuların ömrü nə qədərdir? Onların təmizlənməsi nə qədər vaxt çəkə bilər, bunun üçün hansı işlərin görülməsi tələb olunur?


Məsələ ilə bağlı Qarabaqinfo.az -a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, meşəlik və dağlıq ərazidə gizlənən quldurların təmizlənməsi prosesi elə də tez baş verməyəcək:


"Azərbayan Ordusu antiterror tədbirlərinin birinci mərhələsini uğurla yekunlaşdırıb. Artıq separatçıların kökünü kəsmişik. Lakin indi meşələrdə, dağlıq ərazilərdə bir sıra silahlı qrupların olması təbiidir. Onlar əvvəldən nə vaxtsa, əməliyyatların keçiriləcəyini bildiyinə görə, zirzəmilərdə ehtiyatlarını toplayıb, meşələrə, dağlıq ərazilərə üz tutublar. Azərbaycanın müvafiq qurumları Rusiya sülhməramlıları ilə birgə patrul xidməti və təhlükəsizlik tədbirləri həyata keçirərək, onların zərərsizləşdirilməsi ilə məşğul olacaq. Ancaq düşünmürəm ki, proses belə tez yekunlaşsın. Sözügedən terrorçuların zərərsizləşdirilməsi üçün çox geniş və düşünülmüş şəkildə müəyyən tədbirlərin görülməsi davam etdirilir. Onlar təbii ki, mülki formadadırlar. Bəlkə də, günün bir hissəsində insanlar arasında gəzirlər". 

Ekspert həmin quldurların müəyyən terror aktlarını planlaşdıra biləcəyini də söyləyib:


"Bizim peşəkar təhlükəsizlik orqanlarımız bunun da öhdəsindən gələcək. İndi monitorinq keçirilir. Bu şəxslər harada, hansı istiqamətdə ola bilər, araşdırılır. Yerli əhali ilə işlər aparılır. Həm ərazi, həm oradakı şərait, həm də əhali baxımından bütün bu məsələlər təhlil olunur.  Elə ərazilər ola bilər ki, radikallığı ilə daha çox seçilsin. Elə yerlər ola bilər ki, orada separatçılıq meyilləri daha çox olsun. Belə olan halda diqqət həmin yaşayış məntəqələrinə və oraya yaxın olan ərazilərə yönəldiləcək. Bu, mənim spesifik yanaşmamdır.
Xüsusi xidmət orqanlarının hansı tədbirləri keçirəcəyi barədə geniş məlumat vermək istəmirəm. Yanaşmalar gizlilik xarakteri daşıyır. Lakin bilirəm ki, Azərbaycan təhlükəsizlik tədbirləri keçirərək lazım olan nəticəni əldə edəcək.
Terrorçular Azərbaycan qurumları orada işə başlayandan, əhali geri qayıdandan sonra aktivləşə bilər.  Azərbaycan Ordusunun bölmələri oralarda filtirasiya tədbirləri də keçirəcək. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilərin istəyi baş tutandan sonra yerdə qalanlar oranı tərk etməli olacaqlar. Belə olan halda, Azərbaycanın müvafiq qurumları filtirasiya tədbirləri oradakı əhalidən kimlərin separatçılığa və terrorçuluğa meyilli olub-olmadığını müəyyən edəcək. Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin də bu prosesdə iştirakı düşünürəm ki, müəyyən şəkildə özünü göstərəcək".
 

Hərbi ekspert Ədalət Verdiyev deyib ki, Qarabağın dağlıq hissəsində kifayət qədər insan ayağı dəyməyən dağ və meşələr mövcuddur:
 

“Həmin əraizlərdə çox da ciddi şəkildə təşkilatlanmamış müqavimət ocaqlarının mövcudluğu ehtimalı daim olub. Yəqin ki, təxminən bir ay ərzində ərazilərimizin 90 faizi o terrorçulardan təmizlənəcək. Ancaq yaxşı olardı ki,  həmin terrorçular silahı yerə qoyub təslim olsunlar. Əks halda, Azərbaycan əlində silah saxlayan terrorçu ilə heç bir danışıq aparmayacaq. Onlar aşkarlandığı halda legitim hədəf kimi zərərsizləşdirəcək”.

Ekspert vurğulayıb ki, belə şəraitdə hərbi əməliyyatların prosedurlarından da bəhs edib:


"Bu əməliyyatlar adətən Daxili Qoşunların funksiyalarına aid olur. Ərazinin təmizlənməsi məqsədilə "darama əməliyyatı" keçirilir. Konkret konturları və hüdudları bəlli olan ərazi bir neçə istiqamətdə Daxili Qoşunların zəncirvari şəkildə daraması ilə təmizlənir. Əvvəlcə mühasirəyə alınan ərazidə səsgücləndiricilər vasitəsilə  xəbərdarlıq olunur. Həmin şəxslərə silahı yerə qoyub təslim olmaq təklif edilir. Əks halda, onların saxlanılması və ya zərərsizləşdirilməsi ilə bağlı fəaliyyət başlayır”.



Xəbəri paylaş

1109 dəfə oxunub.

Digər xəbərlər