Tarix: 21-09-2023 | Saat: 14:06
Bölmə:Karusel / Siyasət / Qarabağ | çapa göndər
Sentyabrın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasının açılış mərasimində çıxış edib.
Qarabaqinfo.az xəbər verir ki, tədbir iştirakçılarını səmimiyyətlə salamlayan parlamentin spikeri, APA-nın Asiya dövlətlərini parlamentlərarası əməkdaşlıq formatında bir çətir altında birləşdirən yeganə təşkilat olduğunu qeyd edib, Milli Məclisin təşkilatla əməkdaşlığın inkişaf etdirilməsində yaxından maraqlı olduğunu vurğulayıb.
APA-nı Asiya qitəsində və dünyada əməkdaşlığın, sülhün və sabitliyin möhkəmləndirilməsinə nail olmaq məqsədilə cari problemlərin və çağırışların həlli üçün ümumi səyləri səfərbər edən parlament diplomatiyası üçün mühüm platforma adlandıran Milli Məclisin Sədri qeyd edib ki, təşkilatın Asiya qitəsi daxilində müxtəlif sahələrdə həmrəyliyin təşviqinə və əməkdaşlığın inkişafına yönəlmiş fəaliyyəti xüsusi diqqətə layiqdir.
Sosial və mədəni məsələlər üzrə daimi komitənin bugünkü iclasında Asiya regionunda baş verən bir çox aktual məsələlərə dair qətnamə layihələrinin müzakirə olunacağını deyən spiker Sahibə Qafarova, bunlar arasında yer alan mədəni müxtəlifliyin təşviqi və mədəni irsin qorunması, informasiya-kommunikasiya texnologiyaları vasitəsilə Asiya inteqrasiyası, dünya dinləri arasında dinlərarası dialoqun inkişafı, mədəni sərvətlərin qaçaqmalçılığı ilə mübarizədə hüquq və qanunvericilik sahələri arasında əməkdaşlıq kimi məsələlərin region üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Milli Məclisin sədri, bu gün Azərbaycan nümayəndə heyətinin təşəbbüskarı və müəllifi olduğu “Qadınlar üzrə Komissiya haqqında” qərar layihəsinin də bu iclasda müzakirəyə çıxarılmasını əlamətdar hal adlandırıb.
Müasir dünyada qadınların səlahiyyətlərinin artırılması istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsinə, saysız-hesabsız səylərə rəğmən, bu sahədə ciddi problemlərin hələ də mövcud olduğunu deyən spiker Sahibə Qafarova, adı çəkilən qətnamə layihəsində əlaqədar problemlərin həlli məqsədilə APA çərçivəsində Qadınlar üzrə Komissiyanın yaradılmasının təklif olunduğunu bildirib.
Spiker Sahibə Qafarova belə bir təşəbbüsün 1918-ci ildə müsəlman Şərqində ilk dəfə qadınlara səsvermə hüququ verən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-ideoloji varisi tərəfindən irəli sürülməsinin heç də təsadüf olmadığını xüsusi qeyd edib. O, sənəddə Komissiyanın yaradılma səbəbləri, məqsədləri, funksiyaları və çərçivələri barədə müfəssəl məlumatın yer aldığını iştirakçıların diqqətinə çatdırıb.
“Qadınlar üzrə Komissiya”nın yaradılmasının APA-nın fəaliyyətində gender bərabərliyinin təmin edilməsi məsələsinin ön planda saxlanmasına zəmanət verəcəyini deyən parlamentin spikeri, bunun Asiya ölkələrində qadınlara qarşı diskriminasiyanın aradan qaldırılmasına müsbət töhfə verəcəyinə inamını ifadə edib.
Qeyd olunub ki, Şərqlə Qərbin qovuşduğu strateji kəsişmədə yerləşən Azərbaycan üçün Asiya dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi hər zaman Azərbaycanın diqqət mərkəzindədir. Bir çox qədim sivilizasiyaların beşiyi olmaqla yanaşı, Asiya hazırda qlobal inkişafın əsas mərkəzlərindən biri qismində çıxış edir.
Asiya qitəsində həmrəylik, əməkdaşlıq və parlament diplomatiyasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikasının 2024-2025-ci illər üçün Asiya Parlament Assambleyasının sədrliyinə namizədliyini rəsmən irəli sürdüyünü bildirən parlamentin spikeri, ölkəmizin bu təşkilata sədr seçiləcəyi təqdirdə, APA-nın institusional strukturunun təkmilləşdirilməsi və digər parlamentlərarası qurumlarla əməkdaşlığının genişləndirilməsi məsələlərinə xüsusi önəm verəcəyini qeyd edib, iştirakçı ölkələrin bu sahədə ölkəmizə dəstək olacaqlarına ümidvar olduğunu bildirib.
Daha sonra tədbir iştirakçıları, hazırda Cənubi Qafqazda baş verən və regionda sülhə və sabitliyə təsir edən vəziyyət barədə məlumatlandırılıb. Azərbaycanın 2020-ci ildə ərazilərini 30 illik erməni işğalından azad etdikdən sonra beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış etdiyi vurğulanıb. Suverenliyə və ərazi bütövlüyünə hörmətin bugünkü beynəlxalq nizamın əsasını təşkil edən meyar olduğu bildirilib.
Azərbaycanın güclü iradəsinə və uzunmüddətli sülh və sabitlik istiqamətində atdığı ardıcıl addımlara baxmayaraq, Ermənistanın bunun əksinə hərəkət etdiyi nəzərə çatdırılıb. Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək, real danışıqlardan qaçmaq, hərbi-siyasi təxribatlar törətmək, ərazilərimizdə yaradılmış qanunsuz separatçı rejimi bütün mümkün vasitələrlə ayaqda saxlamaq cəhdləri Ermənistanın son iki il yarım ərzində sərgilədiyi dəyişməyən davranış şəkli olduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, Azərbaycan dəfələrlə Ermənistanın 10 mindən çox silahlı əsgərinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tam çıxarılmasını və qondarma rejimin ləğvini tələb edib, bunun regionda sülhə və sabitliyə nail olmaq üçün əsas vacib şərt olduğunu bəyan edib.
Spiker Sahibə Qafarova, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin bir sıra irimiqyaslı hərbi təxribatlara və terror aktlarına əl atdığını iştirakçıların nəzərinə çatdırıb. O, bu təxribatlara cavab olaraq, ölkəmizin regionda lokal anti-terror tədbirlərinə başladığını deyib, bu tədbirlərin məqsədinin Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan ərazilərindən tərksilah edilərək çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası olduğunu vurğulayıb.
Bildirilib ki, ötən gün Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin müraciətinə baxılaraq qeyd olunan şərtlər əsasında lokal anti-terror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.
Milli Məclisin sədri, erməni sakinlərin nümayəndələri ilə bu gün yenidən başlayacaq dialoqun onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə nəticələnəcəyinə, öz növbəsində Ermənistanın da normallaşma prosesi çərçivəsində məsuliyyətli davranacağına və regionumuzda uzunmüddətli sülhü və sabitliyi təmin edəcək sülh sazişini imzalayacağına ümidvar olduğunu bildirib.
Digər xəbərlər