Tarix: 12-09-2023 | Saat: 16:10
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Azərbaycanda taksi fəaliyyəti ilə bağlı qanunvericiliyə edilən yeni dəyişikliklər oktyabrın 1-də qüvvəyə minəcək.
Yeni qanunvericiliyə əsasən taksi fəaliyyətində bir çox dəyişikliklər nəzərdə tutulur. Qanuna əsasən, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunacaq, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılacaq və ya o, ləğv ediləcək.
Həmin dəyişikliklərə görə, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün 3 min manat rüsum ödənilməlidir. Bundan əlavə, taksi ilə sərnişindaşımaları üçün buraxılış vəsiqəsi (125 manat) və buraxılış kartı (25 manat) alınmalıdır. Taksilərə rəqəmsal taxoqraf və taksometr cihazları quraşdırılmalıdır. Sürücülər etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində taksi fəaliyyətinin tənzimlənməsinə dair oktyabrın 1-də qüvvəyə minəcək qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə təlimlər davam etdirilir.
Bu qanunlar hələ qüvvəyə minməsə də, onlara münasibət birmənalı deyil. Üstəlik yeni qanunun taksi bazarında bahalaşmaya səbəb olacağı bildirilir. Artıq sosial mediada şəhərdə taksi qıtlığı yaşandığı və qiymətlərin qalxdığı iddia edilir.
Yeni qanunvericiliyin tələblərinə uyğun olmayan, rüsum ödəməyən, taksometr quraşdırmayan taksilər proqramdan ayrılacaq. Bununla da həm taksi qıtlığı yaranacaq, həm də bəzi şəxslər işsiz qalacaq. Taksi qiymətlərinin daha da bahalaşacağı ilə bağlı iddialar da səsləndirilir.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Rüfət Quliyev dəyişikliyin qiymətlərə də təsir göstərəciyini düşünür.
“Mənə elə gəlir təbiidir ki, qiymət və keyfiyyət bir-birinə bağlı məsələlərdir. Qiymət artımını istisna etmirəm. Qiymət artımı çox güman ki, olacaq. Amma bu keyfiyyətin də artımına gətirib çıxaracaq. Sərnişinlərin daha rahat hərəkət eləməyinə səbəb olacaq. Şəhərdə müəyyən normal takislərin hərəkət etməyinə də təsir edəcək, müsbət yöndən. Bu prosesin təsiri özünü ən azı 1-2 ay keçəndən sonra göstərəcək. Necə dəyişikliklər ola biləcəyini görəcəyik”.
Ekspertlər isə məsələni fərqli tərəflərdən müzakirə edirlər.
Elməddin Muradlı qanunun bu sahədəki özbaşınalığın qarşısını alacağını qeyd edir.
“Qiymət artımı keyfiyyətin artmasına təsir göstərən vasitə deyil. Qiymət artımı sadəcə sürücülərin istismarının qarşısını almaq üçün atılan addım idi. Minimal 2.50 qəpik hədd götürülüb ki, ondan aşağı qiymət tətbiq olunmamalıdır. Xarici şirkətlər xüsusən də "Bolt", "Uber, "Yango", "Yandex" özbaşınalıq edirlər, qiymətləri hədsiz aşağı salmaqla sürücüləri istismar edirlər. Günün istənilən saatı onlar işləmək məcburiyyətində qalır ki, qoyulan gediş sayını tamamlasın. Bunun qarşısını almaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən addım atıldı. Qiymətlər tarazlaşdırılır.
Ayın 1-dən qüvvəyə minəcək qaydalar taksi sahəsində xidmətin keyfiyyətini artırmağa yönəlmiş qərardır. Hazırda demək olmaz ki, ayın 1-i qərar qəbul olunacaq, 5-i hər şey qaydasına düşəcək. Bu məsələlər zamanla həll oluna bilər. Bu xeyli vaxt aparacaq”.
O, ediləcək dəyişikliklərin bu sahədə mövcud problemləri həll edə biləcəyini düşünür.
“Burada böyük bir kütlə var. 76 min taksi sürücüsü mövcuddur hal-hazırda və onlarla işləmək elə də asan məsələ deyil. Onların hamısı eyni düşünmür, proseslərə eyni dərəcədə yanaşmır. Birinə qayda-qanunu izah etsən hər şeyi başa düşər, o birisi lezva çıxarıb özünü doğrayır, biri deyir “özümü yandıracam”. Biri protez ayağını çıxarır ki, mən əliləm, dolanmaq üçün bu işi görürəm, ac qalacam. Deyirsən ki, səni heç kim ac qoymur, sadəcə qaydalara əməl etmək, qanun çərçivəsində işləmək lazımdır. Deyir yox, mən qayda-qanun tanımıram, mənə heç kim heç nə eləməsin, eləsələr özümü yandıracam, öldürəcəm, doğrayacam” və s. Yəni hər tip adam var, işin yaxşı tərəfi odur ki, başa düşən adamlar çoxdur. Bu sahədə dövlət nəzarəti güclənir, qaydalar tətbiq olunur. İndiyə qədər boşluqlar var idi. Taksi operatorları boşluqlar edirdi. Xüsusilə pandemiya dövrünün təsiri nəticəsində onlara daha böyük imkanlar açıldı, xaos yaratdılar. Məqsəd keyfiyəti artırmaq, sürücülərin iş və istirahət rejiminə əməl etməkdir. "Taksi sürücüsü kimdir? Kim taksi sürücüsü ola bilər?" suallarına cavab tapmaqdır. Bu gün bu suala cavab vermək olar ki, hər kəs taksi sürücüsü ola bilər. Amma dövlət qanun qoyub ki, bu belə deyil. Nəzərə almaq lazımdır ki, bu bir peşə sahəsidir, burada işləyənlər ,çalışanlar peşənin biliklərinə, sirlərinə bələd olmalıdırlar. Yoxsa elə "mənim boş vaxtım var, şahmatı atıram maşının üstünə, taksi sürücüsü olacam", bu artıq xaosdur”.
Eldəniz Cəfərov isə qiymətlərin sabit qalacağını deyib:
“Taksi sahəsində nizam-intizam yaratmaq üçün yeni qanunlara ehtiyac var idi. Onlar da qabul edildi. Düşünürəm ki, yeni mövsümdən bu qanunlar sayəsində taksi xidmətində keyfiyyət yüksələcək və vətəndaş üçün daha təhlükəsiz olacaq. Qiymətin bahalaşması və ya uculaşması birbaşa tələb-təklif əsasında formalaşır. Düşünmürəm ki, kəskin artım və ya azalma olacaq. Vətəndaşlar üçün əlçatan qiymətlər olacaq.
Taksi qiymətləri dəyişən tarifdir, qiymətlərdə kəskin fərq olmayacaq, sabit qalacaq”.
Digər xəbərlər