Saytımızı qiymətləndirin


 
 

Məcburi köçkünlər daim Mehriban Əliyevanın diqqətində olub
Tarix: 26-08-2023 | Saat: 13:58
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Məcburi köçkünlər daim Mehriban Əliyevanın diqqətində olub

 

Bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür.

 

Ermənilər torpaqlarımızın işğalı zamanı yurdlarından ayrı düşən məcburi köçkün və qaçqınların probemləri daim birinci xanımın diqqət mərkəzində olub.

 

Qarabaqinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib ki, birinci vitse-prezident Mehriban Əliyeva əhalinin həssas qruplarına həmişə diqqət və qayğı ilə yanaşıb:

 

"Mehriban xanım Əliyeva ehtiyacı olan insanlara həmişə yardım əlini uzadıb. Belə ki, erməni vandalların törətdiyi hərbi cinayətlərindən canını qurtarmaq üçün məcburi köçkünlük həyatını yaşamağa məcbur olmuş insanlar Mehriban xanım Əliyevanın daima diqqətində olub. Azərbaycanın birinci vitse-prezidenti kimi, ilk müşavirəsini, məhz məcburi köçkünlərin sosial qayğısı, onların problemlərinin həlli ilə bağlı məslələrə həsr etməsi Mehriban xanım Əliyevanın öz doğma yurdlarını qoyaraq ağır həyat yaşamalı olmuş insanlara olan böyük diqqətindən irəli gəlirdi. Torpaqlarımız işğal altında olan dövrdə Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu məcburi köçkünlərin və qaçqınların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün böyük layihələr icra edib. Belə ki, Mehriban xanım Əliyeva məcburi köçkün və qaçqınlarla müətmadi görüşlər keçirib, həyat şəraiti ağır olan minlərlə ailənin mənzillərlə təmin edilməsi üçün tapşırıqlar verib. Mehriban xanım Əliyeva məcburi köçkünlərə verilən yeni yaşayış komplekslərin açılış mərasinlərində  iştirak edib, yaradılmış şəraitlə yaxından tanış olaraq onların problemlərinin həll olunmasında yaxından iştitrak edib".

 

 

A.Badamov vurğulayıb ki, üç ilə yaxındır, işğaldan azad olunmuş ərazilərə Mehriban xanım Əliyevanın töhfəsi ilə tarximiz və adət-ənənələrimiz qayıdır:

 

"Torpaqlarımız işğaldan azad olunub, 30 il doğma ata-baba yurdu həsrəti ilə yaşayan insanların məcburi köçkünlüyü artıq  keçmişdə qalıb. İşğaldan azad olunmuş ərazilərdə yeni yaşayış məntəqələri inşa olunur və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı Mehriban xanım Əliyeva da cənab prezidentlə çiyin-çiyinə dayanaraq tikilən layihələrin daha keyfiyyətli və müasir şəkildə ərsəyə gəlməsinə töhfə verir. Erməni işğalçıları yaşayış məntəqələrimizdəki bütün dini, mədəni və tarixi abidələri darmadağın edərək, Azərbaycanın tarixini silməyə çalışıb. Bu gün isə inşa edilən yaşayış məntəqlərdə Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondunun hesabına məscidlər, mədəniyyət abidələri yenidən tikilərək bərpa etirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə mədəniyyət paytaxtımız Şuşada Xarıbülbül Festivalları və Vaqif poeziya günlərinin keçirilməsi  bərpa edilib. Beləliklə işğaldan azad olunmuş ərazilərə Mehriban xanım Əliyevanın töhfəsi ilə tarximiz və adət-ənənələrimiz qayıdır. Keçmiş məcburi köçkünlər Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanı özlərinə böyük dayaq hiss edərək öz  doğma yurdlarına həvəslə qayıdırlar".

 

Milli Məclisin digər bir deputatı Bəhruz Məhərrəmov söyləyib ki, siyasi cəhətdən tam müstəqilik, iqtisadi suverenliyimiz də tam formada təmin olunub:

 

"Tarixin heç bir dövründə ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövləti bu səviyyədə təmsil, xalqının vahidliyi bu şəkildə təcəssüm, dövlətçiliyin varisliyi isə bu səviyyədə təmin edilməyib. Heç şübhəsiz ki, tarixin heç bir dövründə olmadığımız qədər güclüyük. Prezident İlham Əliyevin sayəsində! Bu reallığın yaradılmasında isə möhtərəm Prezidentin ən yaxın silahdaşı, heç şübhəsiz ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır.

 

Ümumiyyətlə, dövlətçilik tariximizdə irs və iz qoymuş qadınlar az olmasa da, siyasətdə, diplomatiyada, idarəçilikdə, beynəlxalq münasibətlər müstəvisində Mehriban xanım Əliyeva qədər yüksək zirvəni fəth edən olmayıb. Onun çatdığı rəsmi mərtəbələr hamımıza bəllidir, amma insanların qəlbində yüksəldiyi mövqeyi heç bir rəsmi vəzifə ilə müqayisə oluna bilməz".

.

 

Deputat vurğulayıb ki, bu gün milyonlarla azərbaycanlı üçün Mehriban Əliyeva ümid yeri deməkdir:

 

"Onun mərhəməti və ədaləti çarəsiz durumunda vətəndaşın güvən yeridir. Təsəvvür edin, Mehriban xanıma ünvanlanan vətəndaş müraciətləri, cənab Prezidentə göndərilən məktubları çıxmaqla, bütün dövlət orqanlarına olan müraciətlərin cəmindən çoxdur.

 

Mehriban Əliyeva Azərbaycanda milli barışdırıcı qüvvə və yumşaq gücdür. Müzəffər Ali baş Komandanın cəbhədə və diplomatik müstəvidə müstəsna uğurlarının təməlində dayanan ən mühüm amillərdən biri, heç şübhəsiz ki, arxa cəbhənin Mehriban xanıma etibar olunması idi. Arxa cəbhənin bütün sosial yükü, kədəri, qəmi, itkisi, onun çiyinlərində oldu. Mehriban Əliyeva Vətən müharibəsində 3000-ə yaxın şəhid üçün ailəsini əmanət etdiyi ana, 13 minə yaxın müharibə əlili üçün yaralarını saran bacı, atasını, qardaşını itirmiş minlərlə şəhid ailəsi üzvü üçün güman yeridir".

 

B.Məhərrəmov vurğulayıb ki, 30 illik işğal dönəmində yurdundan-yuvasından uzaq düşən 1 milyona yaxın məcburi köçkün də hər zaman Mehriban xanımın diqqət mərkəzində olub:

 

“Xüsusən Birinci vitse-prezident təyin olunduqdan sonra bu sahələrə birbaşa rəhbərlik etməklə, həm dövlət hesabına, həm Heydər Əliyev Fondunun dəstəyi, habelə özəl sektoru təşviqi ilə Mehriban xanım minlərlə məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına nail olmaqla imdadlarına çataraq onları zillətdən qurtardı. Bu gün isə artıq Birinci Xanım Laçında möhtərəm Prezidentin qətiyyəti sayəsində öz yurduna qayıtmış keçmiş məcburi köçkünləri öz ata yurdlarında ziyarət edir.

 

Eyni zamanda, bu gün Qarabağ və Şərqi Zəngəzurda uğurla davam edən böyük quruculuq və bərpa prosesində də Mehriban xanım cənab Prezidentin ən əsas silahdaşıdır. Bildiyimiz kimi Birinci xanım ilk dəfə kapitulyasiya aktından cəmi 6 gün sonra, 16 noyabr 2020-ci ildə olmaqla, bu günə qədər möhtərəm Prezidentlə bərabər 32 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib. İşğaldan azad olunmuş ərazilərimizdə bütün tarixi memarlıq nümunələri, dini-mədəni abidələr, o cümlədən məscidlər, ziyarətgahlar, habelə təhsil və səhiyyə müəssisələri birbaşa Mehriban xanımın şəxsi nəzarətində yenidən tikilir, yaxud bərpa olunur”.

 

Deputat söyləyib ki, o, siyasi səhnəyə addım atdığı gündən özünün timsalında həm də ailə ənənələrimizin layiqli qoruyucusu, milli dəyərlərimizin etibarlı müdafiəçisidir:

 

"Ən əsası isə o, bizim mərhəmət və milli ləyaqət simvolumuzdur. Doğum günündə hörmətli Mehriban xanımı təbrik edir, məşəqqətli, çətin, lakin şərəfli fəaliyyətində, hər kəsə nümunə ola biləcək ləyaqətli həyat yolunda Ona uğurlar və cansağlığı arzu edirik".



Xəbəri paylaş

1119 dəfə oxunub.

Digər xəbərlər