Tarix: 22-08-2023 | Saat: 11:56
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər
Bizim dostluğumuzu, qardaşlığımızı illərə, qərinələrə deyil, əsrlərə belə sığışdırmaq mümkün deyil. Birliyimizin adı ən qədim daş kitabələrdə, səyyahların, tarixçilərin əsərlərində - 9 oğuz bəyləri, 9 oğuz obaları kimi keçdi.
Nə siyasi hakimiyyətlər, nə təbii fəlakətlər türk xalqlarına öz yaddaşlarını, köklərini unutdura bilmədi. Özbəkistanla Azərbaycan da bu qardaşlığı, bu birliyi qoruyub DİRİLİYƏ çıxartdı.
Birliyimizi, diriliyimizi filosoflarımız, memarlarımız, nəqqaşlarımız, şairlərimiz qorudular. Özbəkistanın ipəyi , atlası Azərbaycanda gəlinlərin ən gözəl geyimi oldu, yorğan-döşəyini bəzədi. Azərbaycan mahnıları özbək toylarının, məclislərinin şövqü, ləzzəti oldu. Mədəniyyətlərimizi yaşada-yaşada, dostluğumuzu fitnə-fəsadlardan qoruduq.
Özbəkistan öz tarixindən qalan qədim tikililəri, memarlıq abidələri ilə həmişə türk dünyasının mədəniyyət beşiyi sayıldı. 7 dünya hökmdarı Sahibgiran Əmir Teymurun zamanından bəri buraya səyahət edən səyyahlar, elçilər gördükləri gözəllikləri, adət-ənənələri toplayıb, yazdıqları kitablarında tarixə şahid saxladılar. Kastiliya və Leoniyanın hökmdarı III Henrix de Trastamara İspan elçisi Ruy Qonsales de Klavixonu Avropanın mərkəzindən Səmərqəndə göndərmişdi ki, bu böyük hökmdarla ittifaq yaratsın. Çünki Avropa hər zaman türkün gücündən qorxub. Ən sonda dost olmaq qərarı verib.
Böyük türk oğlu Əmir Teymur Məvarənnəhrdə 27 ölkəni bir müsəlman-türk bayrağı altında birləşdirdi. Səmərqəndi dünyanın paytaxtı etdi.
Böyük İpək yolunun üzərində qurduğu dövlətin iqtisadi-ticari əlaqələrini yüksəltdi. Termezdə və Dərbənddə qoyduğu dəmir qapılar bu türk dövlətinin büdcəsini və gəlirlərini çoxaltdı, iqtisadi gücünü yüksəltdi. İqtisadiyyatı güclü olan ölkə də zamanın lider ölkəsi olur.
Özbəkistanı anlatmaq , türkün gücünü tarixdəki yerini göstərmək üçün tarixə kiçik səyahətimizi etdik.
İndi isə bu gündən danışaq.
Özbəkistan bu gün də Orta Asiyanın ağır çəkili dövlətidir. Bir neçə il bundan əvvəl türk dövlətlərinin ağırlığını Qazaxıstan çəkirdi. Qazaxıstan bu məsələdə Türk Dövlətləri Təşkilatının yaranmasına öz böyük tövhələrini verdi. Şavkat Mirzyoyevin hakimiyyətə gəlişindən sonra, ağırlıq mərkəzi Özbəkistana keçdi.
11noyabr 2022-ci ildə Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü dünya sivilizasiyasının mərkəzi, İpək yolunun kəsişmə nöqtəsində yerləşən Səmərqəndə ötürüldü.
3500 ildən artıq yaşı olan Səmərqəndin “Türk dünyasının sivilizasiya paytaxtı” adlandırılması da tarixin ironiyası deyil, zərurət və itirilən fürsətlərin yerinə qoyulması anlamına gəlir. Çünki Səmərqənd bütün dövrlərdə inkişafın, mədəniyyətin, elm və təhsilin, dostluğun mərkəzi olub. İndi də Türk dünyasının bir çox məsələlərinin müzakirəsinin bu qədim şəhərdə- Şeybanilərin, Teymurilərin, Nəqşibəndilərin ruhu dolanan torpaqlarda keçirilməsi, yeni dünya düzənində yeni qərarların verilməsi tarixin geriyə dönüşüdür.
Mərkəzi Asiya torpaqlarının içərisində beynəlxalq təşçkilatların sayına, qoyulan investisiya həcminə, əhalinin artım tempinə görə Özbəkistan indi ön sırada gedir. Türk Dövlətləri Təşkilatının güclü olması üçün bizim əhalimizin sayının artması çox mühüm məsələdir. Hələlik qədim adət-ənənələrimizə daha çox sadiqlik göstərən Özbəkistanda əhalinin artım sayı digər türkdilli və türk dövləti ölkələri üçün nümunə sayıla bilər. Əhalisinin sayı çox olan ölkənin isə lider dövlətə çevrilmək imkanı da daha realdır. Türk Dövlətləri Təşkilatındakı ölkələrin əhalisinin çoxalması isə bu təşkilata sahiblənməyimizi asanlaşdırır. Özbəkistan regionda balansı yaradır və ənənəni qoruyur.
Bu mənada Özbəkistan dövlət başçısı Şavkat Mirzyoyevi islahatçı adlandırmaq da yerinə düşər. Onun ölkədə apardığı islahatlar ölkənin inkişaf tempini sürətlə yüksəltməkdədir. Buna görə də türk dünyasının inteqrasiyasına ilk addımını atan prezident kimi adını tarixə yazan liderdir,- desək əsla yanılmarıq. Şavkat Mirziyoyev ənənələri yaşadan dövlət başçısıdır. Sahibgiran Əmir Teymurun qurduğu səltənətə və özbək xalqına çox ləyaqətlə xidmət edir. Türk dünyasının birləşməsi, Türk Dövlətləri Təşkilatının şaxələnməsi üçün Əmir Teymur yolunu və siyasətini şərəflə davam etdirir. Bu yol İpək yoluna aparır...
Yenə də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin çıxışındakı bir məqama diqqət çəkmək istəyirəm. Özbəkistan lideri təşkilata üzv olan dövlətlər arasında istisadi- ticarət əlaqələrinin genişləndirilməsi, mal dövriyyəsinin artırılmasının, nəqliyyat dəhlizlərinin və vasitələrinin əlaqəli şəkildə birləşdirilməsinin əhəmiyyətini qeyd edərək deyir ki: “Biz tez-tez Transxəzər Beynəlxalq dəhlizi haqqında müzakirələr aparırıq, lakin bu dəhlizdən necə istifadə edirik? Hansı nəticələri əldə etmişik? Özbəkistan bu Transxəzər dəhlizindən xaricə yükdaşınmalarda cəmi 10 faiz yük daşıya bilir. Lakin biz öz nəqliyyat və tranzit potensialımızı məhz bu dəhlizə yönəltməliyik”.
Mərkəzi Asiya liderinin də qeyd etdiyi kimi, yalnız bu halda biz birgə və təhlükəsiz yükdanımlarından danışa bilərik. Enerji və nəqliyyat daşınmalarında bu gün Xəzər dənizi öz limanları vasitəsi ilə Özbəkistana və Avropaya yol verir. Bu yolun isə əhəmiyyəti çox böyükdür. Bu yol dövlətlərin təşkilatlanması, enerji resurslarının strateji ortamda paylanması baxımından çox önəmlidir.
Dünyada baş verən prosesslər- rus-ukrayna savaşı, pandemiya kimi kataklizmalar da göstərdi ki, dənizi olmayan dövlətlər bu fəlakətlər baş verəndə daha da ağır duruma düşə bilərlər.
Bugünkü ictimai-siyasi proseslərin məngənəsində Azərbaycan ərazi və əhali sayına görə daha kiçik olsa da, qardaş və dost ölkələrə öz yardımını əsirgəmədi. Dəniz üzərindən, eləcə də dəmir yolu nəqliyyatı vasitəsi ilə ehtiyacı olan dövlətlərə tibbi yardımını, qaz və neft boru kəmərləri ilə , quru yolları ilə, limanları ilə strateji yardımını əsirgəmədi.
Bu potensiala isə Azərbaycan yol-nəqliyyat infrastrukturunun qurulması üçün zamanında qoyduğu investisiya ilə nail oldu və bu yol –nəqliyyat xətləri isə türk dövlətlərinə yeni bir imkan yaratmış oldu.
Azərbaycanda qurulan yolların Orta Asiya ölkələri ilə birlikdə keçilməsi çox önəmlidir. Çünki bizim ortaq texnologiyamız, hərbi sənaye potensialımız, iqtisadi imkanlarımız mövcuddur. İstər Azərbaycan, istər Türkiyə, istərsə də Mərkəzi Asiya respublikaları ayrı-ayrılıqda dünyada baş verən çağırış və proseslərə təklikdə qoşula bilməz. Ölkələrimizin sənaye, kənd təsərrüfatı, əqli potensialını, enerji və nəqliyyat, mədəni varisliyimizi birlikdə ortaya qoymalıyıq. Əgər bu imkanlar hamısı bir ortamda toplanarsa, 170 milyon əhali sayı olan ölkələrimizin əhalisinin də rifahı artar, biz həm də qardaş ölkələr kimi bir-birimizin ortaq tarixini yenidən dirçəldər, dilimizi və mədəniyyətimizi gələcək nəsillərə ötürə bilərik.
Azərbaycanın türk dünyasnın möhkəmlənməsində hər zaman xüsusi rolu və yolu olub. Azərbaycan türkçülük fəlsəsəfi üzərində ilk demokratik dövləti qurmuş dövlətdir. Türk Dövlətlər Təşkilatının yaranmasında müstəsna xidməti olan və onun möhkəmləndirilməsində xidməti olan bir dövlətdir.
Bu mənada islahatçı və uzaqgörən siyasətçilərin cəsarətli olması da çox önəmlidir. Azərbaycan və Özbəkistan dövlətlərinin başında dayanan hər iki lider bu xüsusiyyətlərə malikdirlər. Liderlərin uzaqgörən olması, uzaq hədəflərə çatmaq deməkdir. Liderlərin eyni hədəfləri seçməsi isə xalqların və dövlətlərin paralel inkişafının rəhnidir. Belə olanda beynəlxalq təşkilatlara inteqrasiya da asanlaşır. Bu gün Özbəkistan və Azərbaycan arasındakı paralellik həm də Türk Dövlətləri Təşkilatındakı balansı qoruyub saxlayır. Türk dövlətlərinin malik olduğu dəyərlərin, mənəvi bağların qorunub saxlanmasında, inkişaf etdirilməsində Şavkat Mirziyoyevin və İlham Əliyevin böyük rolu vardır.
Özbəkistan Prezidenti Şavkat Mirzoyevin Azərbaycana gəlir. Bu səfərin ölkələrimizin gələcək inkişafı üçün, Türk Dövlətləri Təşkilatının 2040-cı ilə qədər götürdüyü öhdəliklərin yerinə yetirilməsi zəminində əhəmiyyətli olacağına inanırıq.
Möhtərəm Şavkat Mirzyoyev işğaldan azad olunmuş Füzuli şəhərində Özbəkistan investisiyası ilə tikilən məktəbin lentini kəsəcəkdir. Harada ki təhsil var, elm var, orada DİRİLİK vardır. Bir olaq, diri olaq, birgə olaq!
Digər xəbərlər