Tarix: 19-08-2023 | Saat: 15:01
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər
Xalq artisti Rasim Balayev bu yaxınlarda kino sahəsində yaxşı kadrların yetişməsi üçün tələbələri xaricə göndərməyi təklif edib.
O, konkret olaraq tələbələri Moskvaya - Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) göndərilməli olduğunu bildirib.
O qeyd edib ki, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) kino ixtisası tədris olunsa da, dərsin keyfiyyəti qənaətbəxş deyil.
Ancaq aktyorların xaricdə təhsil alması hər kəs tərəfindən müsbət qarşılanmır. Çünki aktyorların, sənət adamlarının yerli mühitdən uzaq durması tənqid olunur.
Aktyorlar üçün xaricdə təhsil almaq önəmlidir?
Milli Məclisin Mədəniyyət komitəsinin deputatı Fazil Mustafa Qarabaqinfo.az-a açıqlamasında bildirib ki, sənətkarların hansı ölkədə təhsil almasından daha çox onun peşəkarlığı, istedadı vacibdir.
“Məncə, bu bölgünü etmək düz deyil. Aktyor həm ölkədə təhsil ala bilər, yaxşı olar xaricdə imkan varsa orada daha irəli təhsil sistemi olduğuna görə orada daha yaxşıdır. Amma bu o demək deyil ki, bizim ölkədə aktyorların təhsil alması imkanlarını heçə saymalıyıq. Burada da daha yüksək təhsil olmalıdır. Mədəniyyət və İncəsənət Universiteti daha yüksək səviyyədə olmalıdır.
Sənətdə milli dəyər məsələsi önə çıxmır, sənətdə sənət dəyəri var. Bu dəyər varsa, böyük sənətkarsansa, hansı millətin mənsubusansa ora da xidmətini edəcəksən. Yoxsa milli dəyər adı ilə savadsızlığın olması, peşəkar olmadan insanların qarşısına çıxmaq nəyi ifadə edə bilər yaxşı mənada. Pafos, süni vətənpərvərlik ritorikası və başqa məsələlər var. Məsələn sənətkar mənfi rolda oynayır onda müəyyən dərəcədə milli dəyərlərimizə zidd bir personajı canlandırır. Onda nə demək olar ona. Bu məsələlər bir az mübahisəlidir. Sənətdə daha çox sənət dəyəri, peşəkarlıq önəmli olmalıdır. Bunun üçün də təhsil alınmalıdır, istedad olmalıdır. Ondan sonra əgər sənətkarın şəxsiyyəti yetkin olarsa o mesajları, çıxışları, davranışları ilə fayda verə bilər. Bütünlükdə biz sənətkardan tələb olunanı doğru anlamalıyıq, yoxsa milli dəyər adı ilə savadsız sənətkar ortaya qoymağı düşünməməliyik”.
Tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli isə deyib ki, istedad önəmlidir və eyni zamanda bu təhsillə də birbaşa əlaqəlidir.
“Bu məsələdə təhsil çox böyük rol oynayır. Çünki təhsil aktyora da, digər peşə sahiblərinə də dünyagörüşü, düşüncə tərzi verir. Bunlar təkcə fəhmin yox, həm də biliyin sayəsində mümkün olur. Bu baxımdan aktyorun harda təhsil almağının çox önəmi var. Adətən bizdə təhsil uzun illər praktik səciyyə daşıyır. Əlbəttə xaricdə təhsilin özünün üstünlükləri, avantajları var. Hansı dilin, mədəniyyətin təmsilçisi olur, hansı səhnədə oynuyur. İtalyada, Fransada yoxsa Azərbaycan teatrlarının səhnəsində çıxış edəcək? Bütün bunların çox böyük önəmi var. Bütün hallarda aktyor xaricdə təhsil alırsa bu çox müsbət cəhətdir. Geniş mənada götürəndə aktyorun xaricdə ya Azərbaycanda təhsil almağının önəmi yoxdur. Önəmli olan onun yaratdığı obrazdır. Üzərinə qoyulmuş rolun öhtəsindən yüksək səviyyədə gələ bilməsi önəmlidir. Fuad Poladov niyə dərəcədə insanların yaddaşında qaldı?- Çünki bir tərəfdən gözəl aktyor, qiraət ustası idi, digər tərəfdən ictimai çəkisi də var idi. O yaşadığı cəmiyyətə əlini gedən proseslərin içinə qoya bilirdi, münasibət bildirirdi. Ona görə də belə qəbul olunurdu ki, o təkcə millətin obrazını yaradan deyil, həm də onun etiraz ruhunun, düşüncə səviyyəsinin göstəricisi idi. Bunlar başqa formada gəlib təhsillə də əlaqəlnir”.
Xalq artisti Şeyx Əbdül Mahmudbəyov qeyd edib ki, aktyorun milli mənəvi dəyərləri bilməsi, xalqına uyğun hərəkət etməsi lazımdır.
“Birinci istedaddır, Allah vergisidir, istedaddır, ikincisi milli mənəvi dəyərləri, tariximizi, mədəniyyətimizi, xalqımıza məxsus o gözəl ən-ənənələri bilmək. Necə ki, bunları bizdən əvvəlki nəsil bilirdi, ustadlarımız bilirdi. Onların heç biri nə Amerikada təhsil almışdı, nə Fransada, nə İtaliyada. Əksinə xaricilər o vaxt bizim filmlərə baxıb, məəttəl qalırdılar. Aktyor, rejissorlar seçilmiş insanlardır, əgər insanın kökündə Allahın vergisi, istedadı yoxdursa qala bilmirlər burada, böyük ustad, sənətkar ola bilmirlər. Təhsil almaq ümumi intellekt üçündür, dünyagörüşünü artıra bilərsən. Əgər istedadın yoxdursa və o milli mənəvi ruhda formalaşmayıbsa, sən o xalqı təmsil edərək tanımırsansa sən necə böyük sənətkar ola bilərsən?”
Digər xəbərlər