Saytımızı qiymətləndirin


 
 

Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzindədir
Tarix: 23-07-2023 | Saat: 11:57
Bölmə:Karusel / Manşet | çapa göndər

Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışı dünya mediasının da diqqət mərkəzində olub.

Qarabaginfo.az-ın xəbərinə görə, ABŞ-ın “The Associated Press” agentliyi və “New York Insider” xəbər portalı Şuşa Qlobal Media Forumunun keçirilməsinin əsas məqsədi, Prezident İlham Əliyevin tədbirdəki çıxışının əsas məqamları ilə bağlı yazılar dərc edib. Məqalələrdə bildirilib ki, Forum 4-cü Sənaye İnqilabının media sənayesinə transformativ təsirini araşdırmaq üçün dünyanın hər yerindən media mütəxəssislərini, hökumət rəsmilərini, vətəndaş cəmiyyəti nümayəndələrini və ekspertləri bir araya gətirib.

Xəbərlərdə diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Forumdakı çıxışında əsas mövzuları, o cümlədən yeni media sahəsində irəliləyişləri və Azərbaycanın regionda strateji əhəmiyyətini vurğulayıb.

 

Birləşmiş Krallığın “Daily Trends” qəzetinin dərc etdiyi “Şuşa Qlobal Media Forumu: Dünyanın media liderləri arasında ilhamverici birlik” sərlövhəli xəbərdə bildirilib ki, tədbirin məqsədi qlobal media meyillərini təhlil etmək, milli imkanları gücləndirmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və media sektorunda dördüncü sənaye inqilabi dövründə təqdim olunan çağırışları və imkanları araşdırmaqdır. Xəbərdə Prezident İlham Əliyevin əsas mövzularla, o cümlədən yeni media sahəsində irəliləyişlər və Azərbaycanın regionda strateji əhəmiyyəti ilə bağlı fikirləri yer alıb.

Rumıniyanın nüfuzlu KİV-ləri, “AGERPRES” milli xəbər agentliyi, “Ziare Live”, “Agerpres”, “news24hours” xəbər portallarında, “Ultima ora” qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin Forumda çıxışından əsas məqamlar dərc olunub. Məqalələrdə diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsinin, davamlı sülhə nail olunmasının və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb.

Xəbərdə nəzərə çatdırılıb ki, tədbir iştirakçıları ilə görüşdə çıxış edən Azərbaycan Prezidenti ölkədə kütləvi informasiya vasitələrinin müstəqilliyinin cəmiyyətin inkişafı üçün ən vacib şərtlərdən biri olduğunu söyləyib.

Pakistanın “DND” xəbər portalı da Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi mühüm məqamlara diqqət çəkib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Şuşada xarici KİV nümayəndələri ilə üç saatdan çox davam edən səmimi söhbətində onun rəhbərliyi altında Azərbaycana müstəsna iqtisadi yüksəliş, diqqətəlayiq ictimai-siyasi sabitlik, nümunəvi müdafiə və strateji uğurlar gətirən siyasi, inzibati və xarici siyasət fəlsəfəsini bölüşüb.

Pakistanın rəsmi “Associated Press of Pakistan” agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Forumda çıxışından əsas məqamları dərc edib. Agentliyin materialında diqqətə çatdırılıb ki, Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu, 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir. Xəbərdə qeyd olunub ki, tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev medianın insanların maarifləndirilməsi və onların problemlərinin həllində mühüm rol oynadığını söyləyib. Azərbaycanın dövlət başçısı, həmçinin ənənəvi media ilə yanaşı sosial medianın da mühüm rolunu qeyd edib.

Albaniyanın “Agjencia Telegrafike Shqiptare” nəşrinin yaydığı xəbərdə Prezident İlham Əliyevin Forumda İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlər yer alıb. Xəbərdə diqqətə çatdırılıb ki, Prezident İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycanın və Türkiyənin münasibətlərinin rəsmiləşməsi, məşhur Şuşa Bəyannaməsindən bəhs edib.

Şuşa Qlobal Media Forumu ilə xəbərlər Rusiya mediasının da diqqət mərkəzindədir. Bu ölkənin rəsmi TASS agentliyi, habelə “Vestnik Kavkaza” xəbər portalı Prezident İlham Əliyevin Rusiya-Azərbaycan münasibətləri, Azərbaycanın Moskva ilə Vaşinqton arasında münasibətlərin bərpası üzrə danışıqlar məkanı ola biləcəyi barədə fikirləri yer alıb. Qeyd olunub ki, dövlət başçısı Moskva ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, həmçinin konkret nəticələrə əsaslandığını bildirib.

Gürcüstanın “1tv.ge” saytı da Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan arasında Qara dənizdə strateji əhəmiyyətə malik sualtı elektrik kabelinin çəkilməsi haqqında imzalanmış sazişin uğurla həyata keçirilməsi, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, Cənubi Qafqazın regional inkişafı ilə bağlı fikirlərinə xüsusi yer verilib.

Hindistanın “BusinessLand” xəbər portalının yayımladığı materialda Prezident İlham Əliyev üç saatlıq iclasda sualları cavablandırarkən Qarabağ Zəfəri və postmüharibə dövrü ilə bağlı fikirlərinə xüsusi yer verilib.

Şuşa Qlobal Media Forumu Moldova mətbuatının da gündəmində yer alıb. Belə ki, “Noi.md” və “Yam News” saytlarında yer alan yazılarda Prezident İlham Əliyevin regional inkişafın Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılı olması barədə fikrinə yer verilib.

Özbəkistanın “Daryo” xəbər portalında Azərbaycan Prezidentinin Cənubi Qafqazın inkişafı üçün mühüm əhəmiyyət kəsb edən amillərlə bağlı fikirləri dərc edilib. Bu baxımdan dövlət başçısının Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olması barədə fikri xüsusi vurğulanıb.

 

Misirin MENA xəbər agentliyinin saytında və nüfuzlu “Əl Əhram” qəzetində “Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin inkişafının prioritet məsələ olduğunu bildirib” sərlövhəli məqalə dərc edilib. Yazıda diqqətə çatdırılıb ki, Şuşa Qlobal Media Forumunda iştirak edən dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin suallarını cavablandıran Azərbaycanın dövlət başçısı uzun illər işğaldan əziyyət çəkən ölkəsinin sülhə və inkişafa nail olmaq istədiyini bildirib.

Məqalədə qeyd olunub ki, Misirin MENA agentliyinin müxbiri Məcid Şalkinin mina təhlükəsizliyi ilə bağlı sualını cavablandıran Prezident İlham Əliyev müharibə bitəndən sonra minaların azad olunmuş ərazilərdə üç yüzdən artıq insanın həyatına son qoyduğunu və ya onları ağır şəkildə yaraladığını deyib. O vurğulayıb ki, bu, müharibə cinayətidir və həmin minaların xəritəsini təqdim etməyən Ermənistan Azərbaycana qarşı terroru davam etdirir.

“Belbaladi” və “Əl Hərir” informasiya portallarında dərc olunan materiallarda qeyd edilib ki, Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev medianın insanların maarifləndirilməsi və onların problemlərinin həllində mühüm rol oynadığını söyləyib. Azərbaycanın dövlət başçısı, həmçinin ənənəvi media ilə yanaşı, sosial medianın da mühüm rolunu qeyd edib. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda mühüm qlobal və regional məsələlərə toxunub.

Kanadanın “Digital Journal”, Fransanın “France11”, İspaniyanın “Informe Espana”, Belarusiyanın “SB-BY” eləcə də digər xarici KİV-lərdə də yayımlanan materiallarda qeyd edilib ki, Şuşa Qlobal Media Forumunda mühüm qlobal və regional məsələlərə toxunub. Xəbərlərdə 49 ölkədən 200-dək xarici qonağın qatıldığı Şuşa Qlobal Media Forumunun əhəmiyyəti qeyd olunub, bu mötəbər tədbirin açılış mərasimində Azərbaycan Prezidentinin iştirakı və dövlətimizin başçısının fikirləri diqqət mərkəzində saxlanılıb.

 

Prezident İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışı Gürcüstan mətbuatının da diqqət mərkəzində olub. Azərbaycan, rus, ingilis və gürcü dillərində yayımlanan materiallarda Prezident İlham Əliyevin mətbuatın inkişafı, forumun əhəmiyyəti, qlobal enerji məsələləri, eləcə də sülh çağırışları barədə fikirləri yer alıb. Geniş oxucu kütləsinə malik newsday.ge portalında rus, ingilis və gürcü dillərində yayımlanan materiallarda Azərbaycan Prezidentinin Cənubi Qafqazda sülhün bərqərar olması barədə fikirlərindən sitat gətirilir.

Ölkənin ictimai televiziyasında (1tv.ge) Azərbaycan və gürcü dillərində yayımlanan materialda Prezident İlham Əliyevin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında strateji sualtı elektrik kabelinin tikintisinə başlanılması və təqdimatın sentyabr və ya oktyabr aylarında baş tutacağı barədə fikirləri yer alıb.

Qafqazturk.com portalı Azərbaycan Prezidentinin ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi tarixi barədə məlumat yayıb.

24news.ge portalında rus dilində yayılan materialda və eyni zamanda video-süjetdə “Heydər Əliyev İli” çərçivəsində keçirilən Şuşa Qlobal Forumu barədə məlumat verilir. Portalın yaydığı digər materialda isə Prezident İlham Əliyevin Xocalının işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərinə səfəri barədə məlumat verilir.

Aktual.ge portalında yayımlanan materialda isə Prezident İlham Əliyevin Cənubi Qafqazın inkişafı ilə bağlı fikirləri oxucuların diqqətinə çatdırılır.

İnterpress.ge saytında da Azərbaycan Prezidentinin Cənubi Qafqazın inkişafı və Azərbaycan ilə Rusiya arasında ötən ilin fevralında imzalanmış bəyannamə barədə məlumat verilir.

Kavkasia.net informasiya agentliyinin Azərbaycan Prezidentinə istinadən yaydığı materialda isə deyilir: “Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməli, davamlı sülhə nail olmalı və təhlükəsizliyi təmin etməliyik”. Eyni zamanda, agentli forum barədə də oxuculara məlumat verilir.

“Belarus seqodnya” nəşri öz xəbərində yazıb ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini bir araya toplayıb. Bu mötəbər tədbirdə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu, 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir. Rəsmi açılış mərasimindən sonra Forum işini sessiyalarda davam etdirəcək, rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə olunacaq.

Bu nəşrdə, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında Rusiya-Azərbaycan münasibətləri barədə söylədiyi fikirlər də yer alıb. Qeyd olunub ki, dövlət başçısı Moskva ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, həmçinin konkret nəticələrə əsaslandığını bildirib.

Prezident İlham Əliyevin Forumdakı çıxışı qardaş Türkiyənin “TRTHaber”, “Takvim”, “Yeni Şafak”, “HaberGlobal”, “Milliyet, “Anadolu” agentliyi, “CNN Türk” və başqa telekanal, agentlik, qəzet və portalları tərəfindən geniş işıqlandırılıb. Bu media orqanları dövlətimizin başçısının söylədiyi “İkinci Qarabağ müharibəsinin ilk saatlarından Türkiyə rəhbərliyi ilə xalqı bizimlə çiyin-çiyinə dayanmışdı. Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi bəyanat ki, Azərbaycan yalnız deyil, - bu, bizim üçün çox böyük dəstək idi” fikirlərini ön plana çıxarıblar.

 

Şuşa Qlobal Media Forumu Rusiya mediasının da diqqət mərkəzindədir. Bu ölkənin rəsmi TASS agentliyinin yaydığı, habelə “News.ru” və “Ria.ru” saytında yerləşdirilən xəbərlərdə Prezident İlham Əliyevin Rusiya-Azərbaycan münasibətləri, Türkiyə ilə əlaqələrin daha da güclənəcəyi, Bakının Qoşulmama Hərəkatına yeni nəfəs verməsi, Azərbaycanın Moskva ilə Vaşinqton arasında münasibətlərin bərpası üzrə danışıqlar məkanı ola biləcəyi, Qarabağa yaxın üç ildə 150 min azərbaycanlının qayıdacağı, Ermənistanla sülh sazişinin bu ilin sonuna qədər imzalanması ehtimalı barədə fikirləri yer alıb. “Vesti Kavkaza” portalı isə dövlətimizin başçısının Ermənistanın mina terroru, Azərbaycan dövlətinin ərazilərin minalardan təmizlənməsi üzrə fəaliyyəti haqqında fikirlərinə geniş yer ayırıb. Rusiya mətbuatı, həmçinin Şuşa Qlobal Media Forumunda müzakirə olunan məsələlər barədə ətraflı məlumat verib.

Albaniya Teleqraf Agentliyinin (ATA) yaydığı xəbərdə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda mühüm qlobal və regional məsələlərə toxunub. Xəbərdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Türkiyənin İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında olması, rəsmi Bakının Moskva ilə münasibətləri, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, müharibədə qazanılmış Qələbədən sonra regionda yaranmış yeni reallıqlar, Ermənistanın mina terroru və sülh prosesi kimi məsələlərdən bəhs edib.

İspaniyanın “El Periodista” nəşrində dərc olunan xəbərdə də Azərbaycan Prezidenti İlham Əliyevin Forumdakı çıxışının əsas məqamları yer alıb. Materialda dövlətimizin başçısının dünyada və Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar, Qarabağda son vəziyyət və bu regionda yaşayan erməni azlığı ilə bağlı fikirləri, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və azərbaycanlıların öz torpaqlarına qayıtması barədə fikirləri yer alıb.

Associated Press“ agentliyində yayımlanan “Şuşa Qlobal Media Forumu: Dünyanın media liderləri arasında ilhamverici birlik” sərlövhəli məqalədə Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin mühüm mövzuları, o cümlədən yeni media sahəsində irəliləyişləri və Azərbaycanın regionda strateji əhəmiyyəti ilə bağlı fikirlərinə yer verib. Məqalədə Azərbaycanda media sahəsində davam edən islahatların bu sahənin müasir standartlara uyğunlaşdırılmasına və qlobal tələblərə cavab verən kreativ ideyaların təşviqinə yol açması barədə dövlətimizin başçısının fikirləri xüsusi vurğulanıb.

 



Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər