Saytımızı qiymətləndirin


 
 

Müqəddəs Taxt-Tacın dövlət katibi Heydər Əliyev Mərkəzində olub
Tarix: 10-07-2023 | Saat: 17:18
Bölmə:Karusel | çapa göndər

  Müqəddəs Taxt-Tacın dövlət katibi Heydər Əliyev Mərkəzində olub - FOTOLAR

 

Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin bu gün Fəxri xiyaban və Şəhidlər Xiyabanında olub.

 

Qarabaginfo.az xəbər verir ki, o, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarını ziyarət edib.

 

Müqəddəs Taxt-Tacın dövlət katibi həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın məzarını ziyarət edib, “Əbədi məşəl” abidəsi önünə gül dəstəsi qoyub.

 

Qonaq daha sonra Heydər Əliyev Mərkəzində olub. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonaga Mərkəzin fəaliyyət istiqamətləri və burada nümayiş olunan sərgilər barədə məlumat verib.

 

Mərkəzdə həmçinin Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinin görüşü olub. Görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasındakı mövcud əlaqələr, mədəniyyət sahəsindəki layihələr, o cümlədən muzeylər və kitabxanalar arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Görüş zamanı Müqəddəs Taxt-Tacın dövlət katibi 2023-cü ildə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunub.

 

Qeyd edək ki, Pietro Parolin Bakıda Tereza Ananın Mərhəmət bacıları sığınacağında və Müqəddəs Məryəm Katolik Kilsəsində də olub.

 

İyulun 11-nədək davam edəcək səfər çərçivəsində Müqəddəs Taxt-Tacın dövlət katibi həmçinin dini icmaların nümayəndələri ilə görüşlər keçirəcək.

 

Qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələri böyük inkişaf yolu keçib və hazırda Azərbaycanla Müqəddəs Taxt-Tac arasındakı siyasi dialoq yüksək səviyyədədir.

 

Müqəddəs Taxt-Tac ilə Heydər Əliyev Fondu arasında da səmərəli əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpası mədəni irsin qorunmasına mühüm töhfədir. Həmin layihələr dünya mədəni, tarixi və dini irsinin qorunması ilə yanaşı, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafında Azərbaycanın rolunu bir daha təsdiqləyir.



Xəbəri paylaş

122 dəfə oxunub.

Digər xəbərlər