Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayıb.
Milli Məclisin deputatları – Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Kamal Cəfərov, Erkin Qədirli, Könül Nurullayeva, Pərvin Kərimzadə və Nigar Arpadarai qurumun yay sessiyasında iştirak edirlər.
Sessiyanda Böyük Britaniyanın insan hüquqları qanunvericiliyində islahatlar, Ukraynada vəziyyət, regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Həmçinin Avropa Şurasının 2024-2027-ci illər üçün büdcəsi və prioritetləri, Avropa Şurası Parlament Assambleyasının 2024-2025-ci illər üçün xərcləri barədə məruzələr, qurumun Büro və Daimi komitələrinin fəaliyyəti ilə bağlı hesabatlar dinləniləcək.
Yay sessiyası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun çıxışları gözlənilir. Latviyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Edqar Rinkeviçin parlamentarilərin suallarını cavablandıracaq, eləcə də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç ilə sual-cavab sessiyası keçiriləcək.
Həmçinin miqrantların və qaçqınların inteqrasiyası, sənədsiz və ya qeyri-qanuni işçilərin sağlamlığı və sosial müdafiəsi ilə bağlı xüsusi birgə müzakirələr aparılacaq. Fövqəladə hallarda səhiyyəyə vahid yanaşmanın zəruriliyi və rəqəmsal uçurumun aradan qaldırılması ilə bağlı məsələlərin müzakirəsi də sessiyanın gündəliyində əksini tapıb.
Azərbaycanlı deputatlar siyasi qrupların iclaslarına qatılıblar. Yay sessiyası iyunun 24-dək davam edəcək.