Tarix: 22-05-2023 | Saat: 16:01
Bölmə:Karusel / Siyasət | çapa göndər
Litva və Azərbaycan prezidentlərinin bu gün Vilnüsdə baş tutmuş görüşü zamanı ikitərəfli və regional məsələlərə, həmçinin iqtisadi gündəliyə dair geniş fikir mübadiləsi aparılıb.
Qarabaginfo.az xəbər verir ki, bunu mayın 22-də Vilnüsdə Litva-Azərbaycan Biznes Forumunun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı Litva ilə Azərbaycan arasında əlaqələrin olduqca dinamik şəkildə inkişaf etdiyini vurğulayıb: “Qeyd etdiyim kimi, biz ötən mayda Bakıda, daha sonra bu ilin yanvar ayında Davosda, indi isə Vilnüsdə görüşdük. Beləliklə, bu həqiqətən də bizim əməkdaşlığımızın dinamikasını göstərir. İndi biznes ictimaiyyətinin qarşılıqlı faydalı əməkdaşlıqda inkişaf etməsinin vaxtıdır. 2 həftə öncə burada, Vilnüsdə iqtisadi gündəliyimizin vacib məsələlərinin müzakirəsi üçün Azərbaycan və Litvanın hökumətlərarası komissiyasının görüşü olub. Düşünürəm ki, birgə iqtisadi komissiyanın rolu önəmli potensial əməkdaşlıq naminə biznes dairələri üçün səyləri koordinasiya etmək, həmçinin tərəfdaşlıq üçün çərçivə təmin etməkdir. Bu mənada, planlarımızla bağlı informasiya mübadiləsi çox vacibdir. Əminəm ki, bugünkü biznes forum zamanı ölkəmizdə nə kimi layihələrin həyata keçirilməsinin planlaşdırılmasına və hər iki ölkənin biznes icmasının necə iştirak edə biləcəyinə dair bir çox müzakirələr aparılacaq”, - Prezident İlham Əliyev deyib.(Apa)
Digər xəbərlər