Tarix: 29-04-2023 | Saat: 14:10
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə Abşeron Milli Parkında "İstehsal et, təbiətə zərər vermə!" devizi ilə mikro və kiçik sahibkarların sərgi-satış yarmarkası keçirilir.
“Qafqazinfo” xəbər verir ki, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yarmarkada 20-yə yaxın sahibkarın 100 çeşiddə məhsulu təqdim olunur.
Aprelin 28-dən start götürən sərgi-satış yarmarkasının məqsədi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın inkişaf strategiyasının prioritetlərindən olan ekoloji cəhətdən dayanıqlı iqtisadi inkişafa nail olunması prinsiplərinə bir daha diqqət yönəltmək, “yaşıl iqtisadiyyat”, təbiətə həssaslıq, istehsal prosesində sıfır tullantı texnologiyalarının tətbiqi kimi ideyaların təbliğidir. Tədbir, həmçinin, dövlət-özəl sektor münasibətlərinin qarşılıqlı tərəfdaşlıq müstəvisində möhkəmlənməsi, milli parklarda təbiətə zərər vermədən turistlərə xidmət potensialının nümayiş olunması və xidmət sektoruna sahibkarlıq subyektlərinin cəlb edilməsi kimi məqsədləri özündə ehtiva edir.
Aprelin 29-da sərgi-satış yarmarkasının açılışına həsr olunmuş tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək tədbirlə bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, sərgi-satış yarmarkası aprelin 30-dək saat 11.00-dan 17.00-dək ziyarətçilər üçün açıq olacaq. Hər həftənin şənbə və bazar günləri Abşeron Milli Parkına "Koroğlu metrosu - Abşeron Milli Parkı" marşrutu üzrə avtobus (saat 10:30 çıxış, 16:30 qayıdış) fəaliyyət göstərir. Yarmarkanı ziyarət etmək istəyənlər bu xidmətdən istifadə edə bilərlər. Əlavə edək ki, həmçinin, tədbir çərçivəsində at və fayton gəzintisi, Şahdili turu, ustad dərsləri və digər əyləncəli tədbirlər təşkil edilir.
Digər xəbərlər