Qarabaginfo.az Pravda-ya istinadla xəbər verir ki, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Vüqar Əhmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Eltun Şükürov ötən il Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilir.
Əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilmişdir ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan Respublikası vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik analoji cinayət əməllərinə görə 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib, hazırda İranda gizlənən İbrahimbəyli Tohid Alim oğlu, Əsədov Rövşən Elçin oğlu, Məmmədov Orxan Kəmran oğlu, Hacıyev Elşad Elçin oğlu (Əkrəm Hacızadə) və digərlərinə həvalə edilib.
Ötən müddət ərzində qanunsuz silahlı birləşmə tərəfindən əsasən əvvəllər müxtəlif cinayətlərə görə məhkumluğu olan, habelə özlərini “Müsəlman Birliyi Hərəkatı” adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilmiş Azərbaycan Respublikası vətəndaşları üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın Tehran şəhərinə, orada mobil telefon və pasportları götürülməklə, əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırılmaqla, dini ləqəblər verilərək, təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılıblar. Onlar Suriya ərazisində müxtəlif odlu silahlardan istifadə qaydaları və döyüş taktikasının öyrədildiyi hərbi təlimlərə cəlb edilmiş, təlimlərdə iştirak etmiş hər bir şəxsə təqdim olunan qəbzlərə imza etdirməklə müxtəlif məbləğlərdə pul vəsaitləri verilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunub, qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qanunsuz yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması Azərbaycanda qadağan edilmiş müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürülüb.
Cinayət işi üzrə əvvəllər məhkum edilmiş Hüseynov İskəndər Hani oğlu, Haqverdiyev Tural Səfər oğlu, Şükürov Eltun Əli oğlu və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanılıblar.
Xatırladaq ki, daha əvvəl Haqverdiyev Tural Səfər oğlunun cinayət işi yekunlaşararaq, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.