Saytımızı qiymətləndirin


 
 

Ərdoğan və Əliyevin sürdüyü “Togg” haqqında nələr bilirik? - ARAŞDIRMA
Tarix: 05-04-2023 | Saat: 12:00
Bölmə:Karusel / Manşet | çapa göndər

 

Ərdoğan və Əliyevin sürdüyü “Togg” haqqında nələr bilirik? - ARAŞDIRMA

 

Türkiyənin ilk yerli elektromobili “Togg” ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub. Yerli istehsal olan elektromobilin ilk buraxılışı isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verilib.  

 

Bəs qardaş ölkənin ilk yerli elektromobili haqqında nələr bilirik? 

 

Qarabaqinfo.az elektromobil haqqında kiçik araşdırma edib.  

 

Türkiyənin ilk milli avtomobil markası olan "Togg" 6 fərqli rəng seçimi ilə satışa çıxarılıb. "Togg" modelinin texniki üstünlükləri digərlərindən fərqlənir.  Milli avtomobil Türkiyənin Avtomobil Müəssisələri Qrupu tərəfindən istehsal edilir. İstehsalla bağlı ilk addımlar 27 dekabr 2019-cu ildə atılıb. Yeni avtomobil markası dövlət tərəfindən maliyyələşdirilir. 

 

Prezident Rəcəb Tayyib Ərdoğanın özünün şəxsən təqdim etdiyi "Togg" Türkiyə üçün çox böyük uğur hesab olunur. "Tesla"nın məşhur avtomobilləri ilə yarışmağa hazır olan maşının üstünlükləri də çoxdur. İnnovativ və ekoloji cəhətdən təmiz olan elektromobilin akkumulyatoru 300-500 kilometr məsafə qət etməyə imkan verir. Bu, elektriklə işləyən avtomobil üçün kifayət qədər uzun məsafədir.

 

Bundan əlavə, avtomobilin akkumulyatorunda sürətli enerji funksiyası nəzərdə tutulub. Avtomobilin enerjisi 30 dəqiqə ərzində 0%-dan 80%-ə qalxır. 400 at gücünə malik avtomobillər bu sürətə 4.8 saniyəyə çata bilir.

 

 

"Togg"un qiyməti və satış tarixi gündəmdə ən çox araşdırılan mövzular arasındadır. Türkiyənin 60 illik yerli avtomobil xəyalını reallığa çevirən "Togg" dizaynı və xüsusiyyətləri milyonların rəğbətini qazanıb. 100 faiz elektriklə işləyən avtomobili əldə etmək arzusunda olan minlərlə insan "Togg"un satış qiyməti ilə maraqlanır.  Belə ki, avtomobilin "T10X" modeli 953 min lirə, daha uzun məsafə qət edə bilən "V2 RWD" modelinin qiyməti isə 1 milyon 215 min lirədir. Ümumiyyətlə, belə avtomobillərin qiymətləri avadanlıqlarına, mühərrik gücünə, benzin-dizel fərqliliyinə görə 800 min və 1 milyon lirə arasında dəyişir. Bu da təxminən 70-90 min manat təşkil edir. Onu da bildirək ki, maşının satışa çıxarılmasından 24 saat keçməmiş sifarişlərin sayı 17 275-ə çatıb.

 

Bir həftə ərzində isə öncədən sifarişlərin sayı 100 mini ötüb. 2030-cu ilədək 1 milyon yerli avtomobil istehsal etmək nəzərdə tutulub. Bununla da Türkiyə elektromobillərin satışından 50 milyard dollar gəlir əldə etməyi planlaşdırır. TOGG modelləri ilə bağlı ən maraqlı məsələlərdən biri enerjinin necə doldurulacağıdır. Belə ki, avtomobil sahibləri öz imkanları ilə nəqliyyat vasitələrini tamamilə ev şəraitində enerji ilə təchiz edə biləcəklər. Bundan əlavə, yol kənarlarında və yanacaqdoldurma məntəqələrində elektriklə işləyən avtomobilləri enerji ilə dolduracaq platformaların yaradılması nəzərdə tutulur. İlkin qiymətləndirməyə əsasən, avtomobilə 3.3 milyard avro sərmayə qoyulub. Layihə olaraq "Togg"un məqsədi dünyaya açılmaqdır.

 

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan TOGG elektromobilini almaq üçün ilk sifariş verən liderdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda çıxışı zamanı bildirib ki, Prezident İlham Əliyev iki avtomobil istədiyini söyləyib. Oktyabrın 29-da Türkiyənin qlobal texnologiya markası "Togg"un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi keçirilib.

 

Zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunub. Mərasimdə başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyənin bir sıra dövlət rəsmiləri iştirak ediblər. Açılış mərasimindən əvvəl ictimaiyyətə təqdim olunan zavod ümumilikdə 1.2 milyon kvadratmetr sahədə inşa edilib ki, onun da 230 min kvadratmetri qapalı sahədir. 2020-ci ildə təməli qoyulan müəssisənin illik istehsal gücünün 175 000 ədədə çatdıqda 4300 nəfərin işlə təmin olunması planlaşdırılır.



Xəbəri paylaş

1103 dəfə oxunub.

Digər xəbərlər