Saytımızı qiymətləndirin


 
 

“Ziya Bünyadovu da, Rafiq Tağını da İran öldürüb”
Tarix: 01-04-2023 | Saat: 14:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Ziya Bünyadovu da, Rafiq Tağını da İran öldürüb”

Politoloq, iranşünas Sədrəddin Soltanın “Yeni Sabah”a müsahibəsi:

- Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə söyləyib ki, millət vəkili Fazil Mustafaya qarşı həyata keçirilən sui-qəsd hadisəsində ilkin izlər İrana dəlalət edir. Bu mülahizələri necə qiymətləndirirsiniz?

- İranın son zamanlar Azərbaycanla bağlı yürütdüyü siyasət və bundan İranın din xadimlərinin azərbaycanlı siyasi xadimləri hədələməsi izin İrana çıxmasına şərait yaradır və mümkün ehtimalı artırır.

Məsələn, mərhum publisist Rafiq Tağının, yaxud rəhmətlik akademik Ziya Bünyadovun qətlində istintaqın nəticəsi bəlli edib ki, bunların hər ikisi İran tərəfindən törədilmiş terror hadisəsidir. Və ya İran hakimiyyətinin Qarabağ iqtisadi rayonuna ermənilər üçün təlim keçməkdən ötrü terrorçu qruplar göndərməsi də bunu təsdiqləyə bilər. Həmin məsələ ilə bağlı Azərbaycan terrorçuların siyahısını İrana təqdim edib, lakin indiyə qədər heç bir məlumat yoxdur. Hətta Rafiq Tağının, akademik Ziya Bünyadovun qətli ilə bağlı da İran tərəfi açıqlama verməyib.

- Bundan başqa, İran tərəfi bir çox siyasi xadimlərimizi də hədələyib...

Bəli. Məsələn, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlının, eləcə də Azərbaycanda ayrı-ayrı hakimiyyət təmsilçilərinin İrandakı yüksək dini rəhbərlər tərəfindən hədələnməsi göz önündədir. Hətta Siyavuş Novruzovu da hədələmişdilər. Daha sonra Azərbaycan Prezidenti ilə bağlı zaman-zaman hədələyici çıxışlar edilməsi, eləcə də bu ilin yanvarın 27-də Tehrandakı səfirliyimizə terror hücumu bunu təsdiqləyən faktlardandır.

- Səfirliyimizdə baş verən məlum terror hadisəsindən sonra belə bir hadisəsin olması gözlənilən idi?

- Yadınızdadırsa, səfirliyimizə hücum zamanı İran hakimiyyəti qatilin mətbuat konfransı keçirməsinə imkan yaradır və bütün bəyanatlarını qatilin irəli sürdüyü versiyalar üzərində qururdu. Bu da çox gülünc bir məsələdir. Bu cür terror hadisəsinə primitiv yanaşması, Azərbaycana qarşı İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ayrı-ayrı hədələyici çıxışları, İranın maliyyə dəstəyi verdiyi Fələstinin “İslami-Cihad Hərəkatı”nın lideri Xalid əl-Batşın Azərbaycanın İsraildə səfirlik açmasını qınaması və buna görə Azərbaycana qarşı hədələyici çıxışlar etməsi, İran hakimiyyətinin müxtəlif nümayəndələrinin, o cümlədən İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin Azərbaycan-İsrail xarici işlər nazirləri arasındakı görüşlə bağlı izahat tələb etməsi kimi məsələlər İran hakimiyyətinin Azərbaycana qarşı olan yanaşmasının göstəricisidir.

Ona görə də Fazil Mustafanın İran tərəfindən sui-qəsdə məruz qalması ehtimalı daha da güclənir. Çünki sadalanan faktlar bu arqumentin daha güclü olduğunu deməyə əsas verir.

- İran tərəfindən yeni terror hadisələrinin olması mümkündür?

- Bu gün Azərbaycanda terror törədəcək başqa qüvvə yoxdur. Ya Ermənistan, ya Rusiya, ya da İran Azərbaycanda terror hadisəsi törədə bilər. Bu üçündən daha böyük ehtimal olunanı isə İrandır. Çünki İran daha əvvəllər də Azərbaycanda bu tip terror hadisələri törədib. Doğrudur, Ermənistan da analoji hərəkəti həyata keçirib. Məsələn, 1994-cü ildə 2 dəfə metroda baş verən hadisə buna sübutdur. Lakin digərləri ilə müqayisədə İranın törətdiyi terror aktları daha çoxdur.

- Azərbaycan İranın bu kimi hədələyici çıxışlarının qarşısında nə etməlidir? Alternativlərimiz nələrdən ibarətdir?

- Bu məsələlər kompleks şəkildə davam etməlidir. Mənə elə gəlir ki, perspektivdə İrana qarşı yeni sanksiyalar tətbiq olunarsa, yaxud İrana qarşı regional koalisiya yaranarsa, heç şübhəsiz ki, onların bizə qarşı bu tip davranışlarına görə, Azərbaycan həmin koalisiyalara qoşula bilər. İkinci bir məsələ isə budur ki, İrana qarşı qurulacaq koalisiya tərəfindən Azərbaycanın təhlükəsizliyi gücləndirilməlidir. İlk növbədə, sərhəd və kəşfiyyat məsələləri ilə bağlı həmin koalisiyanın Azərbaycana yardım etməsi vacibdir. Əks halda koalisiyanın qurulması və bu koalisiyada Azərbaycanın təmsil olunması bir az çətin olacaq. 



Xəbəri paylaş

1117 dəfə oxunub.

Digər xəbərlər