Saytımızı qiymətləndirin


 
 

"İctimai Şura Bulvar İdarəsində fəaliyyətini dayandırıb, DGX-də isə parçalanıb" - MÜSAHİBƏ
Tarix: 31-03-2023 | Saat: 15:41
Bölmə:Karusel / Müsahibə | çapa göndər

Dənizkənarı Bulvar İdarəsinin yanındaki İctimai Şuranın sədri Ramil Əliyev bu günlərdə açıqlama verərək fəaliyyətlərinə imkan verilmədiyini bildirmişdi. O, qeyd etmişdi ki, Dənizkənarı Bulvar İdarəsinin yanındaki İctimai Şura öz fəaliyyətini dayandırmalı olub. Bu barədə suallarımıza “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT.az və ictimaishura.az saytlarının rəhbəri Cəsarət Hüseynzadə aydınlıq gətirir:

- Cənab Hüseynzadə, İctimai Şuralnın fəaliyyətinə imkan verməmək hüquqi baxımdan nə kimi məsuliyyət yaradır?

- Qanunvericiliyə görə, dövlət qurumu İctimai Şuraların fəaliyyəti üçün şərait yaratmalıdır. Qanunun tələblərinin pozulması ilə bağlı xüsusi cəza tədbiri nəzərdə tutulmayıb. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən maraqlıdır ki, Dənizkənarı Bulvar İdarəsi yanında İctimai Şuranın üzvləri də bu məsələni indiyə qədər niyə qaldırmayıblar? Bu məsələ qaldırılmalı idi. Bəli, mən başa düşürəm ki, buna şərait yaradılmayıb. Hesab edirəm ki, bütün hallarda İctimai Şura da öz növbəsində hansısa alternativ addımlar atmalı idi. Məsələn, hansısa monitorinqlər, ictimai dinləmələr həyata keçirə bilərdilər. Bu tədbirlərin həyata keçirilməsi Milli QHT Forumunun Resurs Mərkəzində də baş tuta bilərdi. Eyni zamanda mən Dənizkənarı Bulvar İdarəsini qınayıram ki, İctimai Şuranın fəaliyyətinə şərait yaratmaqdansa, əngəl yaradır. Ən azından idarə görüş təşkil edərək bu problemlərin müzakirəsini həyata keçirə bilərdi. Bütün baş verənlər onu ifadə edir ki, biz "İctimai iştirakçılıq haqqında" qanunvericiliyə yenidən baxmalıyıq. Ümumiyyətlə, bu cür nüanslar yarananda çevik həll üçün əlavə mexanizmlər olmalıdır. İlk nümunə Dənizkənarı Bulvar İdarəsində yaşandı. Başqa bir nümunəni isə Dövlət Gömrük Komitəsindən gətirəcəm. Dövlət Gömrük Komitəsi yanında İctimai Şura iki hissəyə bölünüb. Bir komanda 7, digər komanda isə 6 nəfərdən ibarətdir. DGK maraqlıdır ki, ictimai şuranın real fəaliyyəti olmasın.

- Bəs ictimaiyyət nümayəndələri nə etməlidir?

- Qanunvericiliyə müəyyən yeniliklər gətirməliyik ki, yaranan problemləri aradan qaldırmaq üçün əlimizdə imkanlar olsun. Elə bu imkanlar əlimizdə olmadığı üçün bu gün nə Dənizkənarı Bulvar İdarəsini, nə də Dövlət Gömrük Komitəsini hər hansı bir formada məsuliyyətli olmağa sövq edə bilmirik. Hər iki qurum fürsətdən istifadə edərək ictimai nəzarət prosesindən yayınır.

- Bəzi dövlət qurumları İctimai Şuranın fəaliyyətində maraqlı deyillər. Əgər maraqlı deyillərsə, bu qurumları gözdən pərdə asmaq üçün yaradırlar?

- Qanunvericiliyin tələbinə görə, Nazirlər Kabineti tərəfindən hansı mərkəzi İcra Hakimiyyəti orqanında İctimai Şura yaradılacaqsa, bununla bağlı siyahı açıqlanmalıdır. Çox təəssüf edirəm ki, bu günə qədər Nazirlər Kabineti bu siyahını açıqlamayıb. Burada da problemlər qanunvericiliyə gedib çıxır. Etiraf edək ki, qanunvericiliyimizdə müəyyən boşluqlar var. İctimai iştirakçılıqla bağlı dövlət qurumlarının üzərinə məsuliyyət qoymaqla işimizi bitirməməliyik. Dövlət qurumu müəyyən prosesləri yumşaq formada həyata keçirmək istəyə bilər. Bəs, biz niyə uğurlu fəaliyyət göstərə bilmirik? Biz ona görə uğurlu fəaliyyət göstərə bilmirik ki, bu gün QHT-nin bilik və bacarıqları, resursları azdır və o qədər də güclü deyil. Problemlərin kökləri Azərbaycanda bu gün vətəndaş cəmiyyətində QHT-lərin mövqeyinin, gücünün, imkanlarının necə olmasına gedib çıxır. Ümumiyyətlə, bu problemlər dərin problemlərdir.

- Əgər İŞ-nin yeri yoxdursa, o zaman hansı formada fəaliyyət göstərməlidirlər?

- Burada məsələyə iki formada münasibət bildirmək olar. Birincisi, hüquqi tərəfdən qurumun yer ayırmaq kimi birbaşa öhdəliyi yoxdur. Əgər dövlət qurumu bu istiqamətdə maraqlıdırsa, müəyyən mənada imkan yaradacaq. Qanunda olmamasına baxmayaraq yerlərin yaradılması mümkündür. Əgər bunu dövlət qurumu yaratmayıbsa, “Biz İctimai Şura üzrə fəaliyyət göstərmirik” demək düzgün olmaz. Yer konkret göstərilməsə də, şərait yaradılmalıdır. İctimai Şura rəsmi formada hərhansı bir iclasın keçirilməsi ilə bağlı həmin quruma müraciət etməlidir ki, onlar üçün səlahiyyətlərində olan müəyyən məkanları ayırsınlar. Əgər bu müraciətlərə baxılmırsa, konkret olaraq bu amillər İctimai Şuranın fəaliyyətini inkar etmiş olur.

- İctimai Şura bir institut olaraq dövlət qurumlarına nəzarət edə bilərmi?

- Məsələnin bu cür qoyulmasına razı deyiləm. Dövlət qurumuna təkcə İctimai Şura nəzarət etməməlidir. Ümumiyyətlə, bu məntiqi düzgün hesab etmirəm. İctimai Şura vətəndaş iştirakçılığının bir nümunəsidir. Burada da təkcə nəzarətdən söhbət getmir. Təbii ki, ictimai nəzarətin olması çox müsbət haldır. Lakin daha çox qanun və qərarların hazırlanması, bu qanunların icrasında ümumi tərəfdaşlıq daha uğurlu nəticələr verə bilər. Sırf nəzarət funksiyasını qabartsaq, çox mənfi tendensiyalar meydana gələ bilər.

- İctimai Şuralara seçkilər şəffafdırmı? Bu şəffaflığın artırılması üçün nələr etmək lazımdır?

- 2021-ci ildə ictimai şuralara keçirilən seçkilərin monitorinqini və maarifləndirməsini aparan şəxs olaraq bildirə bilərəm ki, prosesin qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilməsinə xeyli dərəcədə nail olduq. Eyni zamanda Dənizkənarı Bulvar idarəsində də seçkilər normal, şəffaf, qanunvericiliyə uyğun şəkildə həyata keçirilib. Demək olar ki, bu proses çox uğurlu keçdi. Elə həmin ildə qanunvericiliyin tələbi ilə 8 qurumda 11 dəyişikliyə nail olduq. Bu qurumlar bundan öncə də ictimai şuraya seçkilər keçirdiyinə görə artıq o proseslərə bələddirlər. Daha yaxşı nümunələrin olması üçün qanunvericilikdə də dəyişikliyə ehtiyac var. Biz “bu gün şəffaf şəkildə seçkilərin keçirildiyi ictimai şuraların fəaliyyəti yaxşıdırmı?” sualı ətrafında düşünməliyik.



Xəbəri paylaş

1131 dəfə oxunub.

Digər xəbərlər